Məmmədyarov həmkarı ilə görüşdü
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş əsnasında Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyinə görə Krallıq hökumətinə təşəkkürünü ifadə edib.
Səud əl-Feysəl Səudiyyə Ərəbistanının qəti siyasi iradəyə malik olaraq, Azərbaycanın mövqeyini dəstəklədiyini diqqətə çatdırıb.
Azərbaycanın dünyada ilk neft istehsal edən ölkə olduğunu deyən Səud əl-Feysəl Azərbaycanın müasir inkişafının ölkəsini sevindirdiyini nəzərə çatdırıb.
Nazir E.Məmmədyarov Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası ölkələri, xüsusilə Krallıqla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, ölkələrimiz arasında imzalanmış ikiqat vergi tutmanın aradan qaldırılması haqqında sazişin iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun təşəbbüskarı və ev sahibi kimi Səudiyyə Ərəbistanı hökumətinin səylərini yüksək qiymətləndirdiyini qeyd edən E.Məmmədyarov Forumun Ərəb Dövlətləri Liqası, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını və Azərbaycanın bu forumun işində fəal iştirak etdiyini vurğulayıb.
İqtisadi-ticari əlaqələrin inkişafında nəqliyyat infrastrukturlarının xüsusi əhəmiyyətə malik olduğunu deyən azərbaycanlı nazir Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanın nəqliyyat infrastrukturu imkanlarının inkişafı barədə danışıb.
Görüşdə beynəlxalq terrora qarşı mübarizədə səylərin səfərbər edilməsinin vacibliyi qeyd edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.