Azərbaycanda miqrantlar mövzusuna həsr olunmuş tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə ölkəmizdə mədəni müxtəlifliyi tərənnüm etdirən mənşə ölkələrinin mədəni irs, məişət və kulinariya nümunələrindən ibarət sərgi, eləcə də “Azərbaycanda miqrasiya sizin obyektivdə” adlı foto müsabiqənin iştirakçılarının fərdi və fərqli baxış bucaqlarından çəkdikləri şəkillərlə tanış olublar.
DMX-in rəisi Vüsal Hüseynov çıxış edərək yerli və beynəlxalq tərəfdaşlarla birgə dövrümüzün əsas qlobal məsələlərindən biri olan miqrasiyanın müxtəlif aspektlərinə diqqətin yönəldilməsi məqsədilə hər il ənənəvi olaraq qeyd edilən Beynəlxalq Miqrant Gününün əhəmiyyətinə toxunub. Bildirib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması, inteqrasiya yolu ilə cəmiyyətin inkişaf prosesinə cəlb edilməsi məsələləri hər zaman Azərbaycan dövlətinin diqqətindədir.
Xidmət rəisi müxtəlif dinlərin və xalqların nümayəndələrinin birlikdə sülh şəraitində yaşadığı ölkəmizdə miqrasiyanın idarə edilməsi, miqrantların cəmiyyətə inteqrasiyası, onların rifahı, hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb. Tədbirin bərabərliyin, müxtəlifliyin və inklüzivliyin təşviqi ilə miqrantların cəmiyyətə səmərəli inteqrasiyasına, onların hüquqlarının müdafiəsinə diqqətin artırılmasına, eləcə də miqrasiya sahəsində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
AzVision.az
Teqlər: