Moldova tərəfi ilə keçirilən görüşdə Baş nazirin müavini İurie Turkanu “ASAN xidmət” modelinin öz ölkələrində tətbiqi ilə bağlı təklifi ilə çıxış edib və bu istiqamətdə Dövlət Agentliyi ilə əməkdaşlıqdan məmnun olacağını bildirib.

Monteneqro tərəfi ilə keçirilən görüş zamanı tərəflər arasında 2017-ci ildə imzalanmış dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər barədə fikir mübadiləsi aparılıb. Nazir “ASAN xidmət” modelinin Monteneqroda tətbiqi ilə əlaqədar Dövlət Agentliyinin dəstəyini xahiş edib. Azərbaycan təcrübəsinin Monteneqroda tətbiqi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.

Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov ilə keçirilən görüş zamanı 2019-cu ildə Özbəkistan tərəfi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb. Özbəkistan tərəfi Azərbaycanın “ASAN xidmət” təcrübəsi əsasında Özbəkistanda vahid məkandan dövlət xidmətləri göstərən mərkəzlərin uğurlu fəaliyyətinə toxunaraq ötən illər ərzində göstərilən dəstəyə görə Dövlət Agentliyinin sədrinə təşəkkürünü bildirib.

Serbiya tərəfi ilə baş tutan görüş çərçivəsində Marta Tomovska “ASAN xidmət” mərkəzi, eləcə də Dövlət Agentliyi tərəfindən görülən işlərin onlarda böyük təəssürat yaratdığnı bildirib. Müvafiq istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı razılığa gəlinib.
Forumda müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan və platformalardan, eləcə də innovasiyalar üzrə nüfuzlu şirkətlərdən ümumilikdə 50-yə yaxın xarici qonaq iştirak edib. Qonaqlar “ASAN xidmət”in fəaliyyəti ilə yerində tanış olublar.

AzVision.az