“O bəyanatı Fransaya ünvanlayın!” – Deputatdan beynəlxalq təşkilatlara cavab

   “O bəyanatı Fransaya ünvanlayın!”    – Deputatdan beynəlxalq təşkilatlara cavab
  20 Dekabr 2022    Oxunub:715
“Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoaktivistlərin Şuşa-Laçın yolunda keçirdikləri etiraz aksiyasına yönəlik bir sıra ölkələrin və beynəlxalq təşkilatların əsassız və qərəzli bəyanatlarını və çağırışlarını qətiyyətlə rədd edirik. Bu çağırışları edənlər unutmasınlar ki, Azərbaycan QHT-ləri öz suveren ərazilərində Ermənistan və erməni separatçıları tərəfindən törədilən cinayətlərə, ekoloji terrora və təbii sərvətlərimizin talan edilməsinə dinc və sivil qaydada etirazlarını bildirirlər, heç bir öhdəliyi pozmadan və heç kimə zərər vurmadan bu qanunsuzluğa son qoyulmasını tələb edirlər”.
Bu sözlər millət vəkili Azay Quliyevə məxsusdur. O bildirib ki, heç bir bəyanat və çağırış bizim bu hüququmuzu məhdudlaşdıra bilməz, heç bir ölkə və ya beynəlxalq təşkilat Azərbaycanın ərazi bütövlüyünü və siyasi suverenliyini şübhə altına ala bilməz:

“Azərbaycan xalqı və dövləti 44 günlük Vətən müharibəsində dəmir iradəsini və qətiyyətini açıq şəkildə nümayiş etdirdi və torpaqlarını işğaldan azad etdi. İndi ABŞ, Kanada, Fransa, İsveçrə, Hollandiya, Yunanıstan, Litva, Estoniya kimi ölkələrdən, BMT və Avropa İttifaqı kimi təşkilatlardan soruşmaq lazımdır, niyə 30 il müddətində Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox soydaşımızı öz evlərindən didərgin salan, xalqımıza qarşı etnik təmizləmə və soyqırımı cinayətini törədən Ermənistanın əleyhinə bir dəfə də olsun bəyanat vermədiniz, işğalçını BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyə çağırmadınız?”

Deputat vurğulayıb ki, Moskva tərəfindən pozuculuq məqsədilə Xankəndinə göndərilməsi heç kimdə şübhə doğurmayan Ruben Vardanyan kimi təxribatçıların sözü ilə Azərbaycanı guya Qarabağ ermənilərini blokadaya almaqda ittiham etmək, rəsmi Bakının bu yalanı təkzib edən çoxsaylı bəyanatlarını heçə saymaq bu bəyanatın müəlliflərinə heç bir hörmət və nüfuz gətirmir.

“Niyə Korsika xalqının elementar siyasi və mədəni hüquqlarını kobud şəkildə tapdalayan, siyasi fəallara qarşı açıq repressiya tətbiq edən, siyasi məhbusları həbsxanalarda öldürən Fransa hökumətini qınamırsınız? BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb Fransanı əsarətdə saxladığı xalqlara qarşı törətdiyi cinayətləri pisləmirsiniz? Fransanı beynəlxalq öhdəliyini yerinə yetirməyə dəvət etmirsiniz?
İndi hansı üzlə və mənəvi haqla Azərbaycanı öz ərazilərində baş verən qanunsuzluğa etiraz etdiyinə görə ittiham etməyə qalxırsınız?
Bu siyasi riyakarlığı və ikiüzlülüyü nə vaxta kimi davam etdirəcəksiniz?”,- deyə millət vəkili sual edib.

O vurğulayıb ki, bu cür saxta və qərəzli bəyanatlar Azərbaycan xalqının iradəsinə təsir edə, Azərbaycanın vətəndaş cəmiyyətini irəli sürdüyü haqlı tələblərindən çəkindirə bilməz: “Biz heç bir şantajdan qorxmuruq və tələblərimiz yerinə yetirilənədək, BMT tərəfindən tanınmış suveren ərazilərimizdə ekoloji monitorinqin aparılmasına, cinayətkar qrupların və qanunsuz silahlı dəstələrin torpaqlarımızdan çıxarılmasına və bu ərazilərdə Azərbaycanın qanunları tətbiq olunanadək mübarizəmizi davam etdirəcəyik”.



Teqlər:





Xəbər lenti