Qışda cəbhədə vəziyyət necə olacaq - Jiroxovun proqnozu

   Qışda cəbhədə vəziyyət necə olacaq -    Jiroxovun proqnozu
  27 Dekabr 2022    Oxunub:2613
Mixail Jiroxov
Ukraynalı hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün

9 aydan sonra Ukraynadakı müharibədə vəziyyət bir növ dalana dirənir. Ukrayna ordusunun Xarkov vilayətində başlatdığı uğurlu hücumu davam etdirməyə gücü çatmır. Bununla belə, rusların cəbhənin heç bir hissəsində hücum etmək imkanları yoxdur. Bunun özünəməxsus səbəbləri var: Ukraynanın daha az səfərbərlik imkanlarına malik olduğu göz qabağındadır, lakin silah və sursat tədarükü məsələsində Qərbdən dəstək alır.
Müharibə dövründə Rusiyanın iqtisadi imkanlarının məhdud olduğu ortaya çıxdı, lakin hələ ki səfərbərlik resursu var. Rusiya ordusunda Çin və İran istehsalı olan dəbilqələrin, İran zirehli jiletlərinin və nəhayət, dronlarının meydana çıxması göstərdi ki, onun kütləvi istehsala başlamaq imkanları yoxdur.

Suriyadakı vətəndaş müharibəsində iştirakdan yanlış nəticələr çıxaran Rusiyanın hərbi-siyasi rəhbərliyi qəsdən zəif düşmənə qarşı müharibəyə başlamaqla açıq-aydın yanlış hesablama apardı.

Raket silahlarından kütləvi istifadə haqqında deyilənlər özünü doğrultmadı. Hətta fevralın 24-də endirilən ilk kifayət qədər güclü zərbə belə Ukrayna ordusunun hərbi komandanlığının iflic olmasına, hava qüvvələrinin və hava hücumundan müdafiə sisteminin məhvinə gətirib çıxarmadı.

Digər tərəfdən, Ukrayna ordusu 2014-cü ildən bəri baş verən böyük dəyişiklikləri nümayiş etdirir. O artıq Sovet ordusu deyil (bəzi elementlər hələ də qalsa da), həm Sovet hərbi potensialından, həm də Qərb hərbi düşüncəsinin inkişafından kifayət qədər səmərəli istifadə edən keçid dövrünün mükəmməl ordusudur.

Proqnozlardan danışmaq heç də xoş deyil, hadisələrin gələcək inkişafı bir çox amillərdən birbaşa asılıdır: bu qışın hava şəraitindən (deməli, həm də tərəflərin aktiv döyüş əməliyyatları aparmaq qabiliyyətindən) tutmuş, Minskin müharibəyə girib-girməməklə bağlı siyasi qərarına qədər. Amma istənilən halda artıq Rusiyada yüksək dəqiqlikli silahların çatışmazlığı var və Ukrayna Silahlı Qüvvələri getdikcə daha yüksək effektli Qərb silahları əldə edərək, güclənirlər.

Eyni zamanda, müharibəni bitirmək üçün diplomatik variant da görünmür, çünki Ukrayna və Qərb anlayırlar ki, hazırkı mərhələdə müharibənin dayandırılması yalnız onun aktiv fazasının təxirə salınması olacaq, çünki tərəflərdən heç biri qarşıya qoyulan və bütün cəmiyyəti qane edəcək məqsədlərə nail olmayıb.

Nə qədər ki Rusiyada əhali arasında müharibəyə kifayət qədər ciddi dəstək var, o davam edəcək. Qonşu dövlətə qarşı təcavüzün yanlışlığını başa düşmək üçün nə qədər vaxt və qurban tələb olunacağı məlum deyil. Ola bilsin ki, cəmiyyət bunu yalnız tam hərbi məğlubiyyətdən sonra anlayacaq, ya da heç vaxt anlamayacaq...

Hazırladı: Seymur Məmmədov



Teqlər: Ukrayna   Hərb-ya-sülh  





Xəbər lenti