İlin iqtisadi yekunları: 2019-da qaldığımız yerdən davam – TƏHLİL

      İlin iqtisadi yekunları:    2019-da qaldığımız yerdən davam –    TƏHLİL
  31 Dekabr 2022    Oxunub:2328
2022-ci ildə baş verən iqtisadi hadisələri nəzərdən keçirəndə bahalaşma ilə inflyasiyadan başqa, hər şeyin uğurla getdiyini görürük. 2021 Azərbaycan iqtisadiyyatı üçün müsbət il olaraq yadda qalmışdı: pandemiyanın səbəb olduğu 4,3 %-lik tənəzzül aradan qalxmaqla iqtisadiyyatımız bərpa olunmuşdu. 2021-ci ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 92,9 milyard manatlıq və ya 2020-ci illə müqayisədə 5,6 % çox ÜDM istehsal edilmişdi. Bu da 2022-ci ilə böyük ümidlərlə başlamağa əsas verirdi.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ilin əvvəlində sosial media hesabında yazmışdı ki, Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çataraq 2019-cu illə müqayisədə 11 milyard manatdan çox artıb. Ona görə də 2022-ci ilin 2019-cu ilin davamı olacağı bildirilirdi. Buna ilk işarə elə o oldu ki, hökumət 2019-cu ildən sonra növbəti dəfə məhz bu ilin əvvəlində sosial artımlara getdi. İki illik fasilədən sonra...

Dövlət başçımız İlham Əliyevin 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən ilin əvvəlindən maaş və pensiyalar artırıldı. Nəticədə 2,1 milyondan çox vətəndaşın gəlirlərinin çoxalmasına il ərzində 1,5 milyard manat sərf olundu. Minimum əməkhaqq 300 manata çatıdırlmaqla maaşlar artdı, pensiyaların minimum məbləği isə 240 manata qaldırıldı.

Sosial istiqamətdə artımlar öz yerində. Bəs il ərzində başqa hansı mühüm iqtisadi hadisələr baş verdi?!

Əsas etibarilə ölkədə elektroenergetika sahəsində inqilabi addımlar atıldı. İlin əvvəlində dövlət başçımızın iştirakı ilə ölkədə bir neçə yeni elektrik stansiyaları açılmaqla yanaşı, iki Ərəb ölkəsi ilə müvafiq müqavilələr də imzalandı. Bəli, Azərbaycan dünyada enerji ölkəsi kimi tanınır və bu, əsas etibarilə neft ilə qaza görədir. Ancaq sıraya elektrik enerjisi də daxil oldu. Bu, çox böyük nailiyyətdir və Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən nüfuzunun artması deməkdir.

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətiylə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına dair yanvarın 13-də imzalanan sənəd bu baxımdan çox əhəmiyyətlidir. Çünki həm ölkəmizin enerji təhlükəsizliyi, həm də ixrac imkanlarımızın genişlənməsi baxımından çox böyük gələcək vəd edir.

Bundan cəmi iki ay sonra, yəni 2022-ci ilin martln 15-də isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının inşasına dair saziş də imzalandı.

Yeri gəlmişkən, hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7516 Mvt-dır. Onun 15-ni İES, 18-ni isə SES olmaqla sayca 33 stansiya verir. Bu, daxili tələbatdan artıq olduğundan, bir hissəsini ixrac edirik. Halbuki, yaxın keçmişdə idxal edirdik.

Haqqında danışdığımız stansiyaların inşası və istismarı ilə 470 Mvt əlavə güc əldə edəcəyik.
İkincisi, hökumətin 2030-cu ilədək ölkənin ümumi elektrik enerjisi istehsalında Bərpa Olunan Enerjinin payını 30 faizə (1500 Mvt) çatdırmaq istəyi reallaşacaq.
Üçüncüsü, həm elektrik enerjisi üzrə, həm də digər enerji növləri, xüsusən də qaz sarıdan ixracı artırmaq imkanı yaranacaq.
Dördüncüsü, elektroenergetika sahəsində qənaət və səmərəlilik səviyyəsi yüksələcək.
Beşincisi, ölkədə sözügedən sferada mövcud potensialdan istifadəyə maraq artacaq, bu da əlavə investisiya axınları üçün imkan yaradacaq.
Altıncısı, yeni iş yerlərinin açılması ilə yanaşı, elektroenergetika sahəsində özəl prinsiplərin təşəkkül tapmasına və bu sahədə gələcəkdə dövlətsizləşdirməyə zəmin yaranacaq.
Yeddincisi, elektrik enerjisi istehsalı da energetika sektoruna aid olsa da, iki Ərəb ölkəsilə imzalanan müqavilələr ölkəmizin qeyri-neft sektoruna investisiya axını üçün mühüm yol açacaq və buna əlavə stimul yaradacaq.

Sadalananların sayını bir az da artırmaq olar. Lakin Prezident İlham Əliyev demişkən, hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələsi müstəqil inkişaf etmək üçün mühüm şərt sayılır. Bu mənada, Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin etmiş durumdadır, həm də bu sahədə digər ölkələr üçün mühüm rol oynayır və bunu getdikcə genişləndirməkdədir.

İlin daha bir mühüm hadisəsi isə iyul ayında Avropa Komissiyası Prezidenti Ursula fon der Leyenin Azərbaycana səfəri zamanı ölkəmizlə 2027-ci ilədək təchizatı 2 dəfəyədək artırmaq haqda Anlaşma Memorandumunun imzalanması oldu. Vaxtilə ölkəmizin neft və qaz potensialının şəkk gətirənlər indi bizə xilas yolu kimi baxırlar. Xatırladım ki, 2021-c ildə ümumi qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil edib. Bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub. Bu, əvvəlki ildən 40% çox deməkdir. Bu il üçünsə 22 milyard kubmetr ixrac təşkil edəcək ki, bunun da 11,3 milyard kubmetrini Avropa alıb. Gələn il üçünsə Azərbaycanın təbii qaz ixracı həcmi ümumən 24 milyard kubmetr təşkil etməklə 11,6 milyard kubmetrdən çox hissəsi "qoca qitə"yə axacaq.

İlin yekunları haqda yazarkən işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və qurulması istiqamətində aparılan işlərə də toxunmamaq mümkün deyil. Azad olunan ərazilərdə Füzuli Beynəlxalq Hava Limanından sonra inşa edilən ikinci beynəlxalq aeroport – Zəngilan Beynəlxalq Hava Limanın açılışı 2022-ci ildə ən mühüm hadisələrdən oldu. Cəmi 1 il 6 ay ərzində tikilib istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun sayılır. Bu tikili Zəngəzur dəhlizi üzrə ən mühüm hava nəqliyyatı infrastrukturu rolunu oynayacaq.

Həmin ərazilərdə görüləcək işlərə ilin əvvəlində 2,2 milyard manat ayrılmışdısa, ilin ortasında dövlət büdcəsinə dürüstləşdirmə zamanı 470 milyon manat da əlavə olundu. Ən əsası isə, il ərzində "Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul edildi.


Bəs, 2022-ci il iqtisadi baxımından nədə uğursuz oldu?

Yanvar-noyabr ayları ərzində istehlak qiymətləri indeksi, bahalaşma və yaxud inflyasiya göstəricisi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5%, qeyri-ərzaq malları üzrə 8,3%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 10,4% təşkil edib. Başqa sözlə, dünyada olduğu kimi, ölkəmizdə də inflyasiya və bahalaşma prosesi davam edib və edir. İl ərzində bahalaşma tendensiyası səngimədi, əksinə, getdikcə sürətlənməklə yüksələn xətt üzrə inkişaf etdi. Bu isə o deməkdir ki, 2022-ci il “bahalaşma ili” olaraq yadda qalacaq.

Proses sırf bizimlə əlaqədar deyil və daxili amillərdən qaynaqlanmır. Söhbət qlobal trenddən gedir. Xatırladım ki, 2021-ci ilin də iqtisadi yekunları yaxşı olmaqla yanaşı, istehlak qiymətlərinin indeksi 6,7%, ərzaq məhsulları üzrə 8,1, qeyri-ərzaq üzrə isə 5,1 faiz təşkil etmişdi.

Bəli, bu proses artıq iki ildir davam edir və səngimək istiqamətində hələ ki heç bir siqnal vermir. Vəziyyət ciddidir, ancaq təlaşa da ehtiyac yoxdur. Ölkəmizdə proses hökumətin nəzarəti altındadır və ilin əvvəlindən bəri müxtəlif antiinflyasiya tədbirləri tətbiq olunmaqdadır. Düzdür, effekt azdır. Çünki bir sıra məhsulları idxal edirik, pul-kredit siyasəti mexanizmi çevik təsirə və idarəetməyə imkan yaratmır, bazarda qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək mümkün deyil və s.

Bahalaşma o vaxt səngiyəcək ki, proses qlobal miqyasda dayanacaq. Yoxsa, xüsusən ən zəruri istehlak mallarının, qida ilə ərzağın qiymət yüksəlişi davam edəcək. Odur ki, birinci növbədə ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikinci, yerli məhsulların bazarlara çıxışı, yaxud başqa sözlə desəm, realizə imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır.

Yeni ildən, maaş, pensiya və sosial ödənişlər artırılacaq. Ancaq 2023-cü il təkcə bununla deyil, daha böyük iqtisadi uğurlarla yadda qalacaq. Çünki yeni ili kifayət qədər sabit və möhkəm makroiqtisadi vəziyyət, bunun üzərində artımı ciddi şəkildə dəstəkləmək və daha da genişləndirə bilmək imkanları ilə qarşılayırıq.

Pərviz Heydərov
AzVision.az



Teqlər: İlin-yekunları  





Xəbər lenti