Naxçıvanda səs-küylü “Bənəniyar hadisələri” araşdırılır

   Naxçıvanda səs-küylü  “Bənəniyar hadisələri”  araşdırılır
  03 Yanvar 2023    Oxunub:2014
“Naxçıvan Muxtar Respublikasının yeni rəhbərliyi bütün sahələrdə olduğu kimi, Bənəniyar hadisələrinə də həssas yanaşır”.
AzVision.az xəbər verir ki, bunu əslən Naxçıvan MR Culfa rayonunun Bənəniyar kəndindən olan jurnalist Elmar Hüseynov bildirib.


Onun sözlərinə görə, bu gün Bənəniyar hadisələri zamanı həyatını itirmiş Rza Nuriyevin ailəsi Naxçıvanın yeni təyin olunmuş daxili işlər naziri Süleyman Nemətov tərəfindən qəbul edilib.

Jurnalistin sözlərinə görə, nazir həmin hadisədən zərər çəkmiş ailəyə bildirib ki, bu məsələ dövlət tərəfindən yüksək səviyyədə nəzarətə götürülüb. Baş verən hadisələr tezliklə hüquqi qiymətini alacaq.

Nazir deyib ki, hadisələrdə zərər çəkmiş hər bir bənəniyarlı öz şikayətlərini ayrı-ayrılıqda məktub şəklində Naxçıvan Muxtar Respublikasının Baş Prokurorluğuna həmçinin, Daxili İşlər Nazirliyinə və Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsinə göndərə və ya müraciət edə bilər.

“Sözün düzü bu hadisə bir Bənəniyar sakini kimi bizi çox sevindirdi. Yeni rəhbərliyin Bənəniyar kəndindəki hadisələrə münasibəti çox xoş təsir bağışladı və bizi baş verən hadisələrin öz hüquqi qiymətini alacağına inandırdı. Məhz bizim dövlətimizdən istəyimiz də bu idi.


İndiyədək qarşımızda Bənəniyar kənd sakinlərini provakativ addımlara sövq edərək, kəndin adını ləkələməyə çalışan rəhbərlər var idi. İndi isə onlar öz əməllərinin hesabatını verməklə məşğuldurlar. Kənardan yenidən proseslərə provakativ addımlar atmaqla müxtəlif don geyindirməyə çalışsalar da, inşallah arzuları gözlərində qalar. Çunki indiki rəhbərlik onların əksinə bənəniyarlıların bu dövləti canlarından çox sevdiyini yaxşı bilir. Buna görə də hazırkı rəhbərliyin atdığı addımları dəstəkləyir, haqq və ədalətin öz yerini tapmasına yardımçı olacağımıza, provakativ addımlara imkan verməyəcəyimizə inanırıq.


Haqqın-ədalətin öz yerini tapması üçün bütün səylərimizi ortaya qoymağa, bir naxçıvanlı olaraq hər hansısa köməyə ehtiyac yaranarsa, rəhbərliyə hər bir köməyi etməyə hazırıq.

Bu günkü sevindirici xəbərə görə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, daxili işlər işlər naziri Süleyman Nemətova öz adımdan və kəndimizin bir sıra sakini adından təşəkkür edirəm!”, - Bənənyar kəndindən olan jurnalist deyib.

Xatırladaq ki, Azərbaycanda böyük rezonansa səbəb olmuş Bənənyar hadisələri 2009-cu il dekabrın 27-də baş vermişdi. Polis kənd sakinlərinin Aşura mərasiminə müdaxilə etmiş, iştirakçılardan bəziləri saxlanılmışdı. Kənd sakinlərindən Yunis Əliyev bütün bunlara etiraz olaraq Polis şöbəsinin qarşısında özünü yandırmışdı. Bu hadisə kənd sakinlərinin Polis şöbəsinin qarşısında etiraz aksiyası keçirməsinə səbəb olmuş və Bənənyara Daxili Qoşun hissələri yeridilmişdi.


2010-cu il yanvarın 5-də sakinlərin bir neçə gün davam edən etiraz aksiyası dağıdılmış, həbslər həyata keçirilmişdi. Hadisələr nəticəsində saxlanılan Bənənyar sakin Rza Nuriyev bir nüçə gün sonra vəfat etmişdi.

Bənəniyarda baş verənlər beynəlxalq aləmdə də əks-səda doğurmuşdu. Hadisədən bir neçə gün sonra ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinin əməkdaşları məsələni araşdırmaq üçün Naxçıvana səfər etmişdi.
O vaxt bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları da polisin Bənəniyar kəndinə hücumunu və davranışını pisləyən kəskin bəyanatlar vermişdi.
AzVision.az


Teqlər:





Xəbər lenti