Bu il nələr olacaq: “Financial Times”ın proqnozları

// Müharibə, tənəzzül, iğtişaş gözləntiləri...

      Bu il nələr olacaq:  “Financial Times”ın proqnozları
  06 Yanvar 2023    Oxunub:5528
Yeni İl ərəfəsində AzVision.az-ın “telegram” kanalında “Financial Times”ın 2023-cü il üçün proqnozlarını qısaca oxucularımıza təqdim etmişdik. İndi isə həmin proqnozlara geniş nəzər salmağın vaxtıdır.
“Financial Times”ın müəllifləri illik proqnozlarında Ukraynadakı münaqişənin davam edəcəyini, Avropada işıqların kəsiləcəyni, Çin iqtisadiyyatının dirçələcəyini, Ərdoğanın prezident seçkilərində qalib gələcəyini, ABŞ-da Co Baydenin prezidentliyə yenidən namizəd olacağını ehtimal ediblər.

Qəzet xatırladır ki, 2022-ci ilin proqnozlarından yalnız bəzi müəlliflərin fərziyyələri özünü doğrultmayıb: “Tesla”nın səhmləri ucuzlaşıb, Demokratlar ABŞ Senatına nəzarəti saxlayıblar və “COVID-19”un daha yoluxucu versiyası ortaya çıxmayıb.

“Financial Times”ın 2023-cü il üçün proqnozları:

● Ukraynada münaqişə il boyu davam edəcək.
İndiki şəraitdə münaqişənin dondurulması nə Rusiyanı, nə də Ukraynanı qane edə bilər. Eyni zamanda, Ukrayna prezidenti Volodımir Zelenski müasir Qərb silahlarının tədarükünü gözləyəcək, Rusiya lideri Vladimir Putin isə yenidən toparlanmağa çalışacaq.

● Avropada işıqlar kəsiləcək. Hava kifayət qədər soyuq olarsa, bu, apreldən əvvəl baş verəcək. Qış avropalılar üçün əsl sınaq olacaq. Bu həm Rusiya qazının tədarükünün dayandırılması, həm də enerji sistemində texniki problemlər yarada biləcək yüklənmə ilə bağlı olacaq.

● İlin sonuna qədər qlobal istiləşmə artımı 1,5 dərəcəlik həddi keçməyəcək. Müəlliflər qeyd edirlər ki, planet 2011-2020-ci illərin orta temperaturu ilə müqayisədə artıq təxminən 1,1 dərəcə isinib, lakin 2022-ci ildə bu artımın qarşısı alınacaq. Bununla belə, 2024-26-cı illərdə planetin 1,5 dərəcə istiləşməsi ehtimalı var.

● ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini azaltmayacaq. Müəlliflər FED-in faiz dərəcəsinin 2023-cü ilin birinci yarısında 4,9%-ə, 2023-cü ilin sonunda 5%-ə çatacağını ehtimal ediblər.

● Rişi Sunak Britaniyanın baş naziri olaraq qalacaq. Böyük Britaniyanın yeni baş naziri "getdikcə daha çox sıxışdırılmış kimi görünsə də", 2023-cü ildə postunu saxlamaq şansı yüksəkdir. “Financial Times” yazır ki, Sunak Boris Conson və ya Liz Trassdan "daha möhkəm xarakterə malikdir".

● AMB (Avropa Mərkəzi Bankı) İtaliya və ya digər Aİ ölkələrinin istiqraz bazarlarını dəstəkləməyəcək. Qəzet AMB prezidenti Kristin Laqardın "qırğı mövqeyini" xatırladır və həmçinin tənzimləyici dərəcələrin daha da artırılacağını güman edir. Bu səbəbdən əksər Avropa ölkələrinin istiqraz gəlirləri məhdudlaşacaq, lakin AMB-nin onları dəstəkləməsi ehtimalı azdır.

● Co Bayden yenidən prezidentliyə namizəd olacaq. Müəlliflər qeyd edirlər ki, Baydenin 2024-cü il seçkilərinə qədər 81 yaşı tamam olsa da, demokratların aralıq seçkilərdə yaxşı nəticələr göstərməsi hazırkı prezidentin yenidən namizəd olmaq üçün “yaxşı zəmin” yaradır.

● Donald Trampı yeni ittihamlar gözləyir. ABŞ-ın keçmiş prezidenti çox güman ki, tərəfdarlarının 2020-ci ilin yanvarında Kapitoliyə hücum cəhdinə və ya şəxsi iqamətgahında məxfi sənədlər saxladığına görə yeni ittihamlarla üzləşəcək. Eyni zamanda, “Financial Times” qeyd edir ki, Tramp, şübhəsiz, hər şeyi inkar edəcək və məhkəmədə bununla razılaşmayacaq.

● Çin 5%-dən yuxarı iqtisadi artımı bərpa edə biləcək. Çin COVID-19-a qarşı “sıfır tolerantlıq” siyasətindən uzaqlaşdığına görə 2022-ci ilin “kədərli” yekunu ilə üz-üzədir. Bununla belə, ölkə “COVID ilə yaşamağı” öyrənən kimi iqtisadi aktivlik qəfil bərpa olunmalıdır.

● Pekin Tayvanı işğal etməyəcək. “Financial Times” yazır ki, işğal Si Cinpinin nüfuzunu və gücünü itirməsinə səbəb ola biləcək "böyük avantüra" olardı. Onların fikrincə, adanın blokadaya alınması daha çox ehtimal olunur. Bununla belə, ABŞ-la qarşıdurmaya güclənəcək, bu isə ÇXR üçün böyük risklər yaradır.

● Rəcəb Tayyib Ərdoğan prezident kürsüsünü saxlayacaq. “Financial Times”ın müəllifləri qeyd edirlər ki, hazırkı prezident “hakimiyyətdə qalmaq üçün müxtəlif yollardan istifadə edəcək”. Onun hakimiyyətinin davam etməsi Türkiyə üçün böyük iqtisadi nəticələr vəd edir.

● İranda etirazlar bitməyəcək. Qərbin sanksiyaları nəticəsində yaranan iqtisadi problemlərə görə nümayişlər aylarla davam edəcək. “Financial Times” müəlliflərinin fikrincə, İrandakı etirazçılar ciddi müqavimət göstərirlər.

● Afrika ölkələrini bir sıra defoltlar gözləyir. Artan faiz dərəcələri və COVID-19 pandemiyasının təsiri səbəbindən bəzi Afrika ölkələrində borclara davamiyyət zəifləyir ki, bu da defolta və onun ardınca borcun restrukturizasiyasına çevrilə bilər. Qəzet belə ölkələr sırasında Çadın, Efiopiyanın və Zambiyanın adını çəkir.

● 2022-ci ildə ABŞ-ın fond birjası rekord həddə düşüb və yaxınlaşan tənəzzül səbəbindən bu eniş davam edəcək.

● “Twitter” bağlanmayacaq, istifadəçiləri getməyəcək. İlon Maskın ekstravaqant davranışına baxmayaraq, “Twitter” istifadəçiləri platformanı tərk etməyəcəklər, çünki onun real alternativi yoxdur. Lakin 2023-cü ildə sosial şəbəkənin maliyyə itkilərinin artacağı ehtimalı var.

● Daha bir böyük kriptovalyuta biznesi uğursuzluğa düçar olacaq. FTX-dən sonra bir sıra iri kriptovalyuta şirkətləri 2023-cü ildə müflis ola bilər, çünki vençur kapitalı firmaları və pərakəndə treyderlər müştəriləri aldatmağa davam edirlər.

● Əsas striminq platformalarının heç biri digəri ilə birləşməyəcək. Keçən il müzakirə olunan NBC-nin “Universal” ilə, “Warner Bros”un “Discovery” ilə, “Disney”in “Apple”, “Netflix” və ya başqaları ilə birləşdirilməsi variantları çox güman ki, baş tutmayacaq, çünki platformalar “COVID-19”dan sonra gəlirlərini artırmağı hədəfləyirlər. “Financial Times” müəllifləri hesab edirlər ki, böyük sövdələşmələr 2024-cü ildə mümkün ola bilər.

FT-dən başqa, Danimarkanın investisiya bankı “Saxo Bank”ın ekspertləri də hər il "şok proqnozlar" janrında çıxışlar edirlər. Onlar hər dəfə iqtisadiyyata qlobal miqyasda əhəmiyyətli təsir göstərə biləcək gözlənilməz hadisələr barədə proqnozlar verirlər.
Məsələn, “Saxo Bank”ın analitikləri 2021-ci ildə proqnozlaşdırmışdılar ki, 2022-də yüksək xərclər səbəbindən mədən yanacaqlarının mərhələli şəkildə dayandırılması planları təxirə salınacaq. Məlum olduğu kimi, bir sıra Avropa ölkələri, o cümlədən Almaniya 2022-ci ildə həqiqətən də kömür enerjisini geri qaytarmağa başlayıblar.
ABŞ-da 15%-lik inflyasiya proqnozu özünü doğrultmasa da, 8%-i keçərək son 40 ildə rekorda imza atdı. Bank növbəti soyuq müharibəni də proqnozlaşdırmışdı; səbəb olaraq kosmik yarışı stimullaşdırmalı olan hipersəs texnologiyalarının inkişafı göstərilirdi.


Nadir Quliyev
AzVision.az



Teqlər:   Proqnozlar  





Xəbər lenti