MTN Kərimlini doğrudan izləsəydi... – TƏHLİL
Rus dilində `Под двойным колпаком` adlandırılan bu vəziyyət Bakıda yaranıb. Əgər Əli Kərimli ilə `Meydan TV`-nin (bundan sonra qısaca MTV – kliplər göstərən əyləncə kanalından ciddi bir fərqi olmadığı üçün) birgə çəkdiyi kəskinsüjetli trillerə inansaq. Amma o filmin əvvəlində belə yazılmalı idi ki, bu, türkün sözü, bir hayal ürünüdür və `Gerçək insanlarla bənzərlik sadəcə, təsadüfdür`. Yazmaq yadlarından çıxıb.
Başlayaq oradan ki, filmin süjetinə görə, xüsusi xidmət – ssenaristlər MTN-ə işarə edirlər,- Əli Kərimlini necə izləyir. Demək, MTN əməkdaşı taksiyə oturub, Kəriimlinin dalınca düşəndə, MTV-nin jurnalisti də MTN-i izləyir. Smaylik. Üstəlik, videoya da çəkir. Smaylik. Və MTN-in bundan xəbəri yoxdur ki, MTV onu izləyir. Smaylik. Yalnız MTV-nın xanım əməkdaşı düşüb, əlində mikrofon və kamera MTN-in agentinə yaxınlaşanda, o, qorxaraq qaza basıb, aradan çıxır. Smaylik.
Adamsınız axı, bu dərəcədə yox da! Buna kimi inandırmaq istəyirsiniz? Siz doğrudanmı, elə düşünürsünüz ki, MTN kimisə izləmək istəyəndə taksiyə minib, onun dalınca düşür? Və doğrudanmı, `Meydan TV` MTN-i izləyir, amma MTN-in bundan xəbəri də olmur? Kimi nə hesab edirsiniz?
Hər şeyi bir qırağa qoyaraq, bu sonuncu sualın üzərində bir az geniş dayanaq: Doğrudanmı, belə bir hal mümkündürmü ki, biri xanım olmaqla iki adi jurnalist (yəqin ki, Meydan TV-nin əməkdaşları CİA-da xüsusi təlim keçməyiblər) MTN əməkdaşının dalınca düşüb, addım-addım videoya çəkə-çəkə onu izləsin, amma əməliyyatçıların bundan xəbəri olmasın?
Heç bir halda! Xüsusi hazırlıq keçmiş istənilən şəxs nəinki belə yaxından videoya çəkilməsini, hətta uzaqdan izlənməsini belə dərhal hiss edərdi. Bu, birmənalıdır.
Və ümumiyyətlə, xüsusi xidmətlərin tarixinə, keçirdikləri əməliyyatlara dair heç olmasa 1-2 kitab oxuyanlar bilirlər ki, izlənmə bu cür qaba şəkildə təşkil olunmur. Hansısa peşəkar xüsusi xidmət (MTN-in peşəkarlığına isə şübhə yoxdur) Kərimlini izləmək istəsə, onun bundan heç xəbəri də olmazdı. Amma cəsur pioner olan AXCP sədri deyir ki, özü hər gün onu izləyənləri görür, sadəcə görməzliyə vurur.
Bir daha təkrarlayırıq: Kərimli hər gün (!) onu izləyən MTN əməkdaşlarını (!) görür (!). Smaylik. Lap adamın yadına bir lətifə düşür: `Müller maşını 120 km/saat sürətlə sürürdü. Ştirlits isə onun yanınca qaçır və özünü elə aparırdı ki, sanki gəzməyə çıxıb`.
Digər tərəfdən, ümumiyyətlə, Əli Kərimlinin evdən çıxıb, tədbirə getdiyi yolda nə ola bilər ki, onu izləsinlər? `Probka`dan başqa?
Aydındır ki, bu, Meydan TV-nin Kərimlinin prodüserliyi ilə qurduğu üçüz bir səhnəcikdir. Yəni görənlər belə qənaətə gəlsin ki, Azərbaycanda müxalifətin əsas lideri Əli Kərimli olduğu üçün məhz onu izləyirlər. Üstəlik, Müsavatda qurultay mövzusu sıxlaşdıqca İsa Qəmbərin rəhbərlikdən getməyi labüdləşir. Deməli, Kərimlini radikal müxalifətin əsas lideri kimi mümkün qədər şişirtmək lazımdır. İndiki halda üfürüb şişirtmək.
Taleyin ironiyasına bax ki, mən hələ 10 il əvvəl Əli Kərimli haqqınıdakı bir yazımda bu cümləni işlətmişdim: `Üfürülüb şişirdilənlərin ömrü biz ilə rastlaşana qədərdir`. Onu təkrar etməyə məcburam.
Vüsal Məmmədov
AzVision.az