4 gün sonra açılan "Səhər" - ARXİV

// Qanlı faciədən sonra nəşr edilən ilk reportaj

 4 gün sonra açılan "Səhər" -  ARXİV
  19 Yanvar 2023    Oxunub:1859
1990-ci ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun silahlı birləşmələri Bakı şəhərində qətliam törədib. Yüzlərlə əliyalın, günahsız insan qətlə yetirilib, yaralanıb. Bakıda fövqəladə vəziyyət elan olunub. Televiziya, radio işləməyib, qəzetlər çıxmayıb. Azərbaycan bütün dünyadan təcrid olunmuş vəziyyətdə qalıb. Bakıda baş verənlər heç bir mediada yayımlanmırdı. İnsanlar məlumatsız, çaşqınlıq içində idilər.
Həmin dövrün məşhur nəşri olan “Səhər” qəzetinin əməkdaşları fövqəladə vəziyyət şəraitində öz həyatlarını təhlükəyə ataraq, 20 Yanvar faciəsindən, şəhidlərin dəfnindən, yürüşdən materiallar hazırlayıb, qəzetin çapına nail olurlar. 25 yanvar, 1990-ci ildə “Səhər" qəzeti 2 milyonluq tiraj ilə çap olunur. Əldən-ələ gəzən qəzet hər kəsin ağrısını-acısını dilə gətirir.

Yeni nömrə “əzəli və əbədi məskənimiz-Azərbaycanın tam suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş günahsız Vətən övladlarının xatirəsinə həsr edilir”.

Gəlin, qəzetin həmin sayını birlikdə vərəqləyək. AzVision.az qəzetin əməkdaşlarının qanlı faciəyə həsr olunmuş “Vətən bu gün ağı deyir” sərlövhəli reportajını təqdim edir.

Vətən bu gün ağı deyir

“İstəkli oxucular, 20 yanvar qanlı şənbə günündə Bakıda şəhid olmuş yurddaşlarımızın son mənzilə yola salınması mərasimindən əməkdaşlarımızın hazırladıqları reportaj, dəhşətli faciədən bəhs edən fotoşəkillər yanvarın 22-də bizdən asılı olmayan səbəblərə görə çap edilmədi. Aradan iki soyuq və hüznlü qış günü keçib. Həmin fasiləyə görə materiallara əl gəzdirmək, matəm dəqiqələrinin göynərtili əhval-ruhiyyəsini əks etdirən cümlələri zamanca dəyişdirmək də olardı. Xalqımızın, eləcə də bizim hamımızın şəhidlərlə vidalaşdığımız dəqiqələrdə keçirdiyimiz sarsıntı və həyəcanları, ağrı-acını, sonsuz dərdi olduğu kimi çatdırmaq üçün bir vergülə də toxunmadıq. Bu sətirlərin, fotoşəkillərin hərəsi bir dözülməz fəryaddır.



Anadırmı inildəyən, atadırmı qovrula-qovrula dizlərini ovxalayan, bacıdırmı nalə qoparan, təzə gəlindirmi qəfil dərdin ağırlığından dili tutulan, bunu bizdən yaxşı bilirsən, oxucu. Təskinlik tap, bu məşhur beyti Quran ayəsi kimi ucadan-uca de: “Bayraqları bayraq edən üstündəki qandır, torpaq onun uğrunda ölən varsa, Vətəndir”. Ana torpağa tapşırdığımız bu nakam gənclərin al qanını səkilərdən, yollardan yumağa çalışıblar, ancaq əllərdən, vicdanlardan yuya bilməyəcəklər. Yox, bu gənclər ölməmişlər və heç zaman ölməyəcəklər. Hər dəfə sən, mən, o, Şəhidlər Xiyabanına baxanda onların ölməz ruhu ilə sa38 20 Yanvar: Güllələnmiş qəzet lamlaşacaq və sonsuz minnətdarlıqla təkrartəkrar deyəcəyik: - Rahat yatın, əzizlərimiz. Sizin hər damla qanınız vətən torpağına atılmış igidlik imzasıdır.

Günahsız qana bələnmiş, taleyi zülm və zülmkarlar əlində oyunçağa çevrilmiş xalqımızın dərdini sözə çevirmək ölmək qədər çətindir. Azərbaycan anaları qara bağlamışlar! Üç gündür Bakının göz yaşları qurumur. Haqqa üz tutduğumuz yerdə nahaq qana düşmüşük. İkinci cahan savaşında küçəsində, meydanında bircə güllə atılmayan Bakının divarları güllələrdən deşik-deşik olub.


O gecə, yanvarın 19-dan 20-ə keçən gecə saat 24:01 radələrində laydivar, şəkil oğlanlarımızın Vətən eşqi ilə alışıb yanan sinələri tankların, avtomatların soyuq lülələrinə dirəndi. O gecə-yurdumuzun yenilməz başına özü boyda qara yaylıq bağlayan gecə idi. Anaları, ataları, qardaşları bacıları ağladan gecəydi o gecə. O gecə bütün Azərbaycan xalqı minillik qəhrəmanlıq, yenilməzlik tarixini təkrar edirdi. Qanlı tarix təkrar olunurdu. Xalq qurban verə-verə oyanırdı, ayağa qalxırdı. Nənələrimizin müqəddəs yaylıqlarının ucuyla göz yaşlarını qurudub günahsız qana bais olanlara qarğış yağdırırdılar. Göy üzündən Allah baxırdımı? Əliyalın, qəlbi odlu, ürəklərində yurd sevgisindən başqa heç bir duyğu olmayan, Vətən yollarına döşənib doğma Bakının dincliyini qoruyan o şəkil oğlanlara necə qıydılar? Vətənin yolunda canından keçmək, onu candan çox istəmək günahdırmı? Hara baxırdın, İlahi? Say-seçmə, boylu-buxunlu, təpərli, qeyrətli oğlanlar... Kim nə deyir desin, ölüm azadlıq eşqindən çox-çox aşağıdır. Ölüm heç nədir. Çünki ölmədən dirilmək, ölmədən yaşamaq mümkün deyil. Çünki haqq işi üçün tökülən qan yerdə qalmır. Kimi, kimi harayladı, kimi çağırdı sinəsindən qan əvəzinə yurd sevgisi axan o oğlan?

Mən aşiqəm hər aylar
Hər ulduarla, hər aylar
Başım cəllad əlində
Dilim səni haraylar.


Kimi? Kimi? Səni, hər şeydən uca və müqəddəs oaln Vətən, səni!



O gecə, o gecə... Qəhrəmanlıq tarixi təkrar olunurdu. Onlar qurban gedə-gedə inanırdılar. İnanırdılar ki, xalqımızın iradəsini qan-qada ilə dolu illər sarsıda bilməyib. Qəhrəmanlıq qandan-qana keçib.

Ana torpaq hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin ciynində, sən kiminin
Şöhrətini yaşadan az yaşayır.


Onlar az yaşadılar. Az ömürlərində şəhid bədənləri ilə ötüb gələn nəsillər üçün elə rahat, elə hamar yol saldılar ki, xalq bir gecənin içində minillik yol qət etdi. İndi dünyaya meydan oxuyan ən qüdrətli məmləkətlərdən də irəliyik. Çünki Vətən uğrunda canından keçməti bacaran oğullarımız var.



O gecənin ki, ölümə hamilə idi, ölüm doğurdu. O gecənin ki, qəhrəmanlığa hamilə idi, qəhrəmanlıq doğurdu. O gecə... Boğulan gecə. Televizorların gözü kor oldu, radioların danışan dili lal oldu. Həqiqət isə həqiqətdir. Onu heç cür gizlətmək olmaz. Göz yaşlarımız dünyanın yanağını yandırır. Hayğırtımız məmləkətlərə çatır. Dünya bilməlidir ki, hər oğullar nələrə görə sinələrini qirmızı gülləyə verdilər...

Bazar ertəsi. Yanvarın 22-si. Bakı yas içindədir. Bu gün iki milyonluq bir şəhərdə bir gülümsər üz görmək mümkün deyil. Azadlıq və həqiqət meydanı qəm, dərd əlindən çat verir. Qız qalasının-ismət, namuz qalasının köksünə qara bayraq sancılıb. Qız qalası özü boyda daş olub ədalətsizliyin, namərdliyin təpəsinə düşüb. Qız qalası üz cırır, yaxa yırtır. Neçə-neçə şəhid cəzanəsi onun müqədəs göz yaşlarına bürünür. Bu göz yaşları şəhid yaralarına məlhəm ola bilmir. Bakı öz tarixi boyu belə izdiham, belə müsibət görməyib. Bakıya hələ belə ağı deyilməyib. 1918-ci ildən bəri Bakıda hələ bu qədər qan axıdılmayıb. Azadlıq meydanında - el matəmində, şəhidlər matəmində kükrəyən izdihamı dənizə bənzətmək olmur. Xəzərdə, gəmilərin aramsız fit verdiyi körfəzdə də bitmir bu izdiham. Sahilsiz izdiham, sahilsiz kədər. Kədərimiz qədər insan, insanımız qədər kədər...



Xəzər dənizinə matəm küçələrindən kükrəyib doluşan al-qırmızı cənazələrin də sonu görünmür. Hər yandan sədalar ucalır: “Şümür!”, “Lənətullah!”. Qəzəb dolu ağızlar bu qəzəbin köpünü alacaq söz axtarır, tapa bilmir. Müsəlmanlar da, yəhudilər də, ruslar da “Allah!” deyib göyə əl açıblar. Yağış kimi güllə yağdırıb Bakının küçələrini qana boyayanlara sanki o gözəgörünməzdən başqa kimsənin cəza verməyəcəyinə inanmış insanlar acı göz yaşları axıdırlar. ...Cənazələrin arxasınca gedən qız-gəlinin, ana-bacıların başları üstündəki al-qırmızı örtüklü xonçalar da izdiham dənizinə qarışıb. Nə dəhşətli səhnə, nə müdhiş faciə... Toy örtüklü cənazələrin arxasınca şəhidlərin ata-anaları, qohum-əqrabaları, qonşuları axışırlar. İzdiham dənizi içində cənazəli insan seli. Hər cənazənin içində çinar boylu şəhid, fidan boylu körpə... Şəhid edilmiş türk şairi S.Ali yada düşür:
“Allah eləsin, bu gün ölməyim, ad günümdür...” | 20 yanvar hekayələri

Başın önə əyilməsin!
Ağlama, könül, ağlama!
Ağladığın duyulmasın!
Ağlama, könül, ağlama!
Dərdlərin qalxarkən şaha,
- Bir sitəm yolla Allaha,
Görəcək günlər var daha,
- Ağlama, könül, ağlama...


Başı bəlalar çəkmiş Novruz bayramımızı gözləməyə, o müqəddəs, əziz günə qədər tab eləməyə ağacların gücü çatmayıb, ağaclar qara yarpaq bitirib, müqəddəs örpəklərin hər tikəsi bir budağın üstündün asılıb. Ağaclarımız qara geyib, ilahi! Hayqırtısı dünyanı başına götürən Xəzər. Su da bağırarmış. Suyumuzun ürəyinə güllə dəyib. Yox, qardaşlar, bacılar, yox, Xəzərin müqəddəs suları özbaşına dalğalanmır, şəhidlər üçün tökdüyümüz göz yaşlarından daşır...

Əzizim su dayandı,
Od düşdü, su da yandı.
Dərdimi suya dedim,
Alışdı, su da yandı.
O gecə, o gecə...


Doğulan körpələr sinələrində qəlpə doğulacaqlar, gözlərində nifrət doğulacaqlar. Daha bizə ölüm olmayacaq. Çünki gedəcəyimiz uzun azadlıq yolunda dostumuzu da, bədxahımızı da tanıyırıq.



Azərneft meydanından qalxan və metro stansiyası tərəfdən gələn yollarda hüznlü insan dənizi təlatümdədir. Yol kənarındakı binaların eyvanlarından, elektrik dirəklərindən, ağaclardan qara bayraqlar asılıb. Küçələrə çıxmağa imkanı olmayan qocalar və xəstələr eyvanlarda inildəyir, göz yaşlan axıdırlar. Filarmoniya ilə üzbəüz ağ mərmər binanın qarşısındakı tribuna və pillələrdə, hasarların üstündə, yaxınlıqdakı alçaq binaların damlarında yaxasına qara lent bağlamış, əllərində gül dəstəsi və qara bayraqlar tutmuş yüz minlərlə adam dayanıb. Binaların, qırmızı mərmərli tribunanın divarlarında, əllərdəki transparant və plakatlarda dəhşətli insan qırğınını, insan qəssablığını lənətləyən, xalqımızın başına gətirilmiş misilsiz dəhşətli ssenariçiləri ifşa edən sözlər yazılmış, şəkillər çəkilmişdir. İnsan dənizi sonsuz kədər, hədsiz nifrət içərisində matəm dəstəsinin gəlib keçməsini gözləyir.

Saat 13.35-də Azərneft meydanı tərəfdə qara haşiyəli qırmızı örpəklə örtülmüş ilk cənazə görünür. Ürək dağlayan nidalar, anaların, bacıların fəryadı göyə yüksəlir. Sonra ikinci, üçüncü, dördüncü... Matəm izdihamı ağır-ağır yuxarı qalxır. Yol boyu düzülmüş gözüyaşlı analar, bacılar, papaqlarını çıxarıb başını şax tutmuş atalar, oğullar əllərindəki gül dəstələrini xalqımızın iki ildən bəri davam edən haqq işi - Azərbaycanın suverenliyi və torpaqlarının bütövlüyü uğrunda mübarizədə qurban getmiş şəhidlərin cənazələri üstünə, irəliləyən izdihamın ayaqları altına atırlar. Əllərdə şəhidlərin şəkilləri tutulub. Gülümsər çöhrəli gənc, saçları gözünün üstünə tökülmüş yeniyetmə, təmkinli ağsaqqal, milis nəfəri...



Nisbətən kiçik bir cənazə yaxınlaşır. Rəngli fotoda 7-8 yaşlarında məsum bir uşaq hələ də gülür. Günahsız uşağın qətlə yetirilməsi... Bu kiçik tabutu görən anaların, bacıların bir çoxu tab gətirməyib özündən gedir. Yolların kənarından gül yağışı davam edir. Hər yerdə izdiham ehtiramla matəm dəstəsinə yol açır. Filarmoniyanın tinində meydana toplaşmış yüz minlərlə adam cənazələri göz yaşları içərisində qarşılayır. Matəm dəstəsi meydandan sola burulub binaların arası ilə Dağüstü parka tərəf qalxır. Uzanıb gedən nəhəng insan dənizinin içərisində hər 10-15 metrdən bir çiyinlər üstündə gətirilən şəhidlərin al görkəmli cənazələri ana yurdun bağrına açılmış qanlı yaralar kimi közərir. Cənazələrin bu yerdən ötüb keçməsi xeyli çəkir. Parka tərəf qalxan yurddaşlarımızın ləngərli, hüznlü axını bitib-tükənmir.

Bakı göz yaşları tökür. “Haqq mənəm” - dediyinə görə dabanından soyulan Nəsiminin qədəmində milyon-milyon qərənfillər qızarır. Xəzər sahilində qərar tutmuş Nizami cəngavəri Bəhram-Gur həmişəkindən daha qəzəb və nifrətlə boğazından yapışdığı əjdahanı son qətlə yetirmək istəyir. Bəlkə bu şəhidlərin könül dağlayan cənazələri də, bu milyon-milyon insan axını da əjdaha ilə üzbəüz olan Bəhram Gura kömək üçün tələsir. Yoxsa əziz, doğma adamları dəfn etməyə belə tələsməzlər. Hamı birləşməyə axır, birləşməyə, birləşməyə. And içib birləşməyə. Dinclik, əmin-amanlıq sevən, qonşunun toyuğuna belə kiş deməyən xalqı bu gün qan yaddaşı birləşdirir.



Xəstəxanalarda oğullarımız, qocalar, qadınlar həkimlərə yalvarır: “Həkim, qurban olum, yaralıya mənim qanımı vurun”. Azadlıq eşqi qandan-qana keçir. Bütün Azərbaycan bu gün qan qardaşıdır. Bakının Dağüstü parkı da heç vaxt belə insan axını görməyib. Onun nəinki giriş və çıxış yolları, saysız-hesabsız pilləkənləri və ətrafındakı binaların damları, hətta ağaclarının bu daqları da adamla doludur. Bu istirahət guşəsi faşist gülləsindən qətlə yetirilən qəhrəman eloğlumuz Həzi Aslanovun dəfnindən bəri ilk dəfədir ki, ağuşuna gələnlərin üzlərində təbəssüm əvəzinə kədər, baxışlarında sevinc yerinə acı göz yaşları, əllərində al-qırmızı transparantlar əvəzinə qara bayraqlar görür, dillərindən şən nəğmələr deyil, tükürpədən ağı eşidir.

Əvvəlcədən qərara alındığı kimi, xalqımızın öz suveren hüquqları uğrunda şəhid olmuş oğul və qızları burada torpağa tapşırılacaqlar. Saat ikiyə on beş dəqiqə qalmış çiyinlərində cənazələr gətirən izdiham parka yaxınlaşır. Adamlar əllərindəki tər gülləri cənazələrin üzərinə qoyurlar. Ana və bacıların daha da gurlaşan fəryadı təzədən gəmilərin fit səsinə qarışır. ...Fotokameralar şaqqıldayır, dəfn mərasimi videolentlərə köçürülür. Jurnalistlər arasında xarici informasiya agentliklərinin nümayəndələri də var. Qoy çəksinlər, qoy bütün dünya xalqımızın başına gələn bu ağır müsibəti, analarımızın göz yaşını görsün, ibrət götürsün. Qoy yüzlərlə qətlin icraçıları da unutmasınlar ki, şəhidlərin qanı yerdə qalmayacaq.



Ana Vətənə, İnsanlığa, Azadlığa atılan güllələrin qəzəbini ürəklərində soyudan şəhidləri torpağa tapşırırıq. Ağı deyən anaların, qız-gəlinin göz yaşları sinələri yandırır. Altı ay, cəmi altıca ay bundan qabaq toyları olan iki gəncin - İlhamın və Fərizənin tabutu torpağa gömüləndə fəryad səsləri göylərə bülənd olur. Namərd gülləsinə tuş olan sevgilisinin dərdinə dözə bilməyən Fərizə özünə qəsd edib. Qeyrət və namus qoşa dəfn olunur.



Semaşko adına şəhər xəstəxanasının həkimi Firuzə xanım hönkürə-hönkürə danışır: - Güllələrin qana boyadığı adamları elə hey xəstəxanaya daşıyırdılar. Camaatın hamısı, hətta uşaqlar axışıb gəlir, qan vermək üçün növbəyə dururdular. Yaralananlar arasında 13-16 yaşında uşaqlar, yeniyetmələr də vardı. Xəstəxananın həyəti, yolları gülləyə tutulur, qan vermək istəyənlər yanımıza buraxılmırdılar. Hətta işıqlarımızı söndürdülər. Həkimlər şam işığında operasiya edirdilər... Bu həqiqətin canlı-cansız şahidləri var. 45- 01 AQA nömrəli “QAZ-24” markalı təcili yardım maşını güllələrdən deşik-deşikdir...

Dərbənd ellərindən harayımıza gələnlər sırasında Əjdər kişi də vardı. O qəzəblə düyünlədiyi yumruğunu havaya qaldırdı: - Yox! Xalqı tankla, top-tüfənglə diz çökdürmək olmaz. Ayıq olun! Sayıq olun! Şeyxülislam Allahşükür Paşazadə şəhidlərin tabutu önündə deyir: - Bizi guya İslam respublikası yaratmaq istəyimizlə günahlandırırlar. Bu, əvvəlcədən hazırlanmış qanlı cinayətə bütün xristian dünyasında haqq qazandırmaqdan, dünyanı İslama qarşı çevirməkdən savayı heç bir məqsəd güdmür.



“Bakıya qoşun yeridin” deyə yalvaran ermənilərin arzusunu “Pravda” qəzetində bəyan etmək bu günahsız tökülən qanlara verilən rəvac imiş. Dinc, namuslu, dost Azərbaycan xalqını kimlərinsə xatirinə qırmaq nə dövlət rəhbərinə, nə də adi bir insana yaraşan hərəkət deyil. Acı fəryad səslərindən dörd bir yan titrəyir. Belə müsibəti görməyən, eşitməyən kəslər namərdliyin nə demək olduğunu bilməz. Bakıda təhsil alan bir ərəb "Quran"dan surə oxuyur. Şəhidlərə halallıq verir. Azərbaycanlıların məzarı başında ucalan bu səs bütün dünyaya yayılır. Bütün millətlər təklənmiş, haqqı əlindən alınmış, qanına qəltan olunmuş xalqımızın səsini eşidir.



Axşam düşür. Qüruba enən günəşin üzünü örtən qara buludlar “kirpiklərini” sıxıb, göz yaşlarını yerə səpələyir və sanki bununla ana təbiət müsibətə düçar olmuş xalqımızın ağır dərdinə şərik çıxdığını bildirmək istəyir. Kim bilir, bəlkə də o, qəlbimizə vurulmuş yaranı soyutmaq üçün belə edir. ...Axşam düşür. Lakin insan axını azalmaq bilmir. Azalmayacaq da. İnanırıq ki, günlər, aylar ötəcək, ata və analar övladlarının əllərindən tutub buraya gətirəcək və bu məzarlarda uyuyanların haqq işindən, şəhidlərin kimlərin əlilə qətlə yetirildiklərindən söz açacaqlar. Hələlik isə ürəklərimizin başına od salan ah-nalə, fəryad səsləri kəsilmir. Arabir güllə səsi də eşidilir... Bakı bir qanlı bayraq kimi öz şəhid oğullarını başı üzərinə qaldırdı. İndi bizim bir ağızdan and içməyə müqəddəs türbəmiz var. İndi bizim and içməyə müqəddəs bayrağımız var. Ağlamayın, qardaşlar, bacılar, analar, atalar. Belə oğulları olan xalq ağlamaz. Əlinizdəki milyon-milyon qərənfili şəhid qəbirlərinin üstünə səpin. Qoy dünya görsün ki, bizim əlimizdəki güllə deyil, güldür...



Aytən Zəhra
AzVision.az

Teqlər:   20-yanvar   Şəhidlər  







Xəbər lenti