Türklər dünyaya nə təklif edir – Müsahibə (VİDEO)

   Türklər dünyaya nə təklif edir –    Müsahibə (VİDEO)
  19 Yanvar 2023    Oxunub:10685
“Əgər türk sivilizasiyası Asiya qitəsindən Avropaya qədər uzanan bir arealda məskunlaşıbsa və öz dövlətlərini yaradıbsa, deməli, Avrasiyada böyük rola malikdir. Bu sivilizasiyanın perspektivini onun ərzisi və əhalisinin sayı diqtə edir. Asiyadakı türk dövlətlərinin ərazisi ümumilikdə 10 milyon km²-dən çoxdur. Avropa İttifaqına daxil olan dövlətlərin və Avstraliya qitəsinin sahələri üst-üstə götürəndə 9 milyon km²-ə yaxındır. Bu iki rəqəmin müqayisəsinin özü türk sivilizasiyasının inkişaf perspektivini göstərən bir əlamətdir”.
Bu sözləri AzVision.az -a müsahibəsində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Respublikasının Tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov deyib. O, Tük sivilizasiyasının bəşəri inkişafda müstəsna rol oynayacağı fikrindədir.


- Sovet İttifaqının dağılmasının nəticəsində 1991-ci ildə müstəqil türk dövlətləri yarandı. Ona qədər də Asiya qitəsinin bir hissəsində, o cümlədən, Rusiya Federasiyasında çoxlu türk qurumları var idi. Muxtar qurumların və muxtar respublikaların gələcəkdə birləşməsi və həm siyasi, həm iqtisadi iş birliyinin yaranması türk sivilizasiyasının inkişaf perspektivini göstərir.
Avropa Birliyi sivilizasiyasına daxil olan dövlətlərlə Asiyada yer alan türk ölkələrinin qlobal sivilizasiyada yeri müəyyənləşəndə sonuncuların daha böyük perspektivləri ortaya çıxır. Avropa inteqrasiyasına daxil olan dövlətlər sırf dini, etnoqrafik cəhətdən bir-birinə yaxındırlar və başlıca məqsədləri Avropada müharibəyə yol verməməkdir. Türk ölkələrinin arasında daha çox İslamın, yaşadıqları arealda minilliklər boyu formalaşan ənənələrin üstünlük təşkil etdiyini görürük. Həm də onlar müharibənin qarşısını almaqla yanaşı, digər sivilizasiyalara kömək etmək məqsədi daşıyırlar.

- Türk dövlətləri təşkilatının qlobal rolu nədən ibarətdir?
- Hazırda türk dövlətlərinin təşkilatlanması proesei XX əsrdəkindən tamamilə fərqli məcrada gedir. O dövrdə biz daha çox milli azadlıq hərəkatına, ayrılmağa, müstəqil dövlət təşkil etməyə, müstəqil iqtisadiyyata və mədəniyyətə üstünlük verirdiksə, bu gün ümumi kontekstdə siyasi birlik nəzərdə tutulur. Türk dövlətləri birliyi heç də hansısa dövlətə təhdidin yaradılması üçün nəzərdə tutulmayıb. Türk etnik toplumlarının türk dövlətləri ətrafında cəmləşməsinə və onların siyasi mədəniyyətinin formalaşmasına xidmət edir.
Əslində Türk dövlətləri birliyinin formalaşması prosesini XXI əsrin əvvəllərində hiss etdik. Lakin yenicə ayrılmış müstəqil türk dövlətlərinin hələ tamamilə Rusiyanın işğalçılıq ideologiyasından xilas olmaması, müstəqil iqtisadiyyatlarını formalaşdıra bilməməsi, müəyyən mənada 70 illik bir dövr ərzindəki iqtisadi-siyasi asılılığın bizim həm də mədəni asılılığımıza təsir göstərməsi bu prosesi ləngidirdi.
Müstəqilliyin ilk illərindən başlayaraq, bizim Türkiyə Cümhuriyyəti ilə əlaqələrimizin genişlənməsi qarşılıqlı perspektivlərin inkişafına xüsusi təsir göstərdi. Nəticədə Azərbaycan digər türk respublikalarından fərqli inkişaf etdi.

- Gələcək inkişaf baxımından türk dünyası hansı potensiala malikdir?
- Bu gün türk dövlətlərinin ərazilərində təxminən 250-300 milyon əhali yaşayır. İranda, İraqda və digər dövlətlərdə yaşayanları da nəzərə alsaq, XXI əsrin statistikasına görə, dünyada 500 milyondan artıq türk var. Bu, birinci amildir.
İkinci məqam coğrafi amildir. Türk sivilizasiyası elə bir qitədə yerləşir ki, Avropa Birliyindən çox yüksək potensiala malikdir. Əvvəla, iqtisadi resursları zəngindir. Regionun yerləşdiyi ərazi dünya ölkələrinə çıxış üçün böyük potensial yaradıb. Türk dövlətlərinin yerləşdiyi ərazi tarixən Böyük İpək yolunun üzərində olub.


Avropa ölkələrinin okeanlara çıxışı olsa da, digər sivilizasiyalarla qonşuluq münasibətləri o qədər də qənaətbəxş deyil. Buna misal kimi Avropa ölkələrinin Rusiya, Cənubi Balkan ilə münasibətlərini göstərmək olar. Mərkəzi Asiyada olan türk dövlətlərinin Çindən Uzaq Şərqə qədər hamı ilə qədim tarixi ənənələrə malik xüsusi münasibətləri var. Xəzər ətrafında mövcud olan dövlətlər və ümumilikdə türk sivilzasiyası Avropa ölkələri, dünya ilə sülh, danışıq yoluyla münasibətlər qurmağa üstünlük verirlər.

Daha bir mühüm məqam elm və intellektual potensialıdır. Bu gün türk dövlətlərinin böyük elmi potensialı formalaşıb. Bunda təbii ki, Türkiyə Cümhuriyyətinin xüsusi rolu var. Elmi potensialla yanaşı, bu coğrafi məkanda yerləşən əhalinin baxışları çox önəmlidir. Söhbət siyasi yox, daha çox mədəni, intellektual baxışlardan gedir. Türk dövlətlərində qədim ənənələr, milli-mədəni elementlərlə yanaşı, həm də maddi-mədəni abidələrin qorunması təşviq edilir. İkinci Qarabağ müharibəsi zamanı bizdə erməni kilsəsinə münasibətdə multikultural, tolerant bir münasibət vardı. Amma Avropa ölkələrində bunun tamamilə əksini görürük.

- Türk sivilizasiyasının gələcək inkişafı İslam dünyasının tərəqqisinə hansı təkanı verə bilər?
- İslam dünyasının özünəməxsus elmi, mədəniyyəti var. Amma bu heç də o demək deyil ki, həmin irs yeni kontekstdə inkişaf etdirilməməlidir. Bizim ideologiyamız böyük anlamda bu irsin inkişaf etdirilməsidir. Gələcəkdə Türk dövlətləri təşkilatının formalaşması prosesində İslam əsas yerlərdən birini tutmalıdır. Biz ideologiyamızı həm də bunun üzərində qurmaqla daha çox müvəffəqiyyət əldə edə bilərik. Türk dünyasının, türk dövlətlərinin birliyini, Turan ideyasını İslamdan ayrı təsəvvür etmək qeyri-mümkündür.


- Gələcəkdə türk dünyası bəşəri inkişafa hansı töhfəni verə bilər?
- Türk ulusları yaşadıqları və yayıldıqları ərazilərdə heç bir ölkənin elmi, iqtisadi, mədəni və ya digər potensialına ziyan vurmayıblar. Bunu biz XV əsrdə Osmanlı dövlətinin tarixində çox yaxşı görürük. XX əsrin əvvəllərinə gəlsək, Tükriyədə “İttihad” partiyasının və Balkan müharibələrindən sonra yeni bir iqtisadi quruluşun yaradıldığının şahidi oluruq. Doğrudur, bunları Avropadan götürsə də, öz töhfəsini vermişdi. Yəni onlara göstərdi ki, dövlət necə olmalıdır.
İndiyədək mövcud olmuş türk imperiyalarının arasında başqalarına təhdid yaradan dövlət görmurük.
Ümumilikdə Türk birliyi dedikdə 3 prinsip göz önünə gəlir: 1) dil birliyi; 2) kmlik birliyi; 3) türk dünyasının bəşəri sivilizasiyada mövqeyi. Atillanın Macarıstana və ya bulqar türklərinin Bolqarıstana qədər gedib çıxması həmin xalqların həyat tərzinə mənfi təsir göstərmişdimi? Əksinə, hətta lazım olanda onların dilini qəbul etdilər. Lakin ümümtürk sivilizasiyasını inkişaf etdirə bildilər.
Mühüm məsələlərdən biri türk dövlətlərinin ərazilərinin genişləndirilməsi yox, türklərin birləşdirilməsidir. Bu gün ABŞ-da, Böyük Britaniyada, hətta Uzaq Şərqdə yaşayan türklər də Türk birliyi üçün əzizdirlər. Milli-mədəni dəyərlərin qorunub-saxlanması sahəsində türk dünyasının, sözsüz ki, sivilizasiyalar arasında böyük rolu olacaq. Bu isə çox mühüm məsələdir. Çünki milli-mədəni dəyərlər itdikcə insanların görüşlərində, həyata baxışlarında mənfi dəyişikliklər əmələ gəlir.

- İndi əksər ekspertlər sivilizasiyaların rəqabəti haqqında danışırlar. Türk dünyasının potensialı bu rəqabətə sinə gərməyə imkan verirmi?
- Türk dövlətlərinin əksəriyyəti müxtəlif beynəlxalq təşkilatların üzvdürlər. Türk sivilizasiyasının potensialı dünyaya məlumdur. Türk sivilizasiyasındakı birliklərin hər biri dünyanın mövcud potensialını yaxşılaşdırmağa xidmət edir və edəcək. Ona görə də türk dövlətlərinin potensialı Avropa və ya digər sivilizasiyalarla rəqabətə fokuslanmayıb. Gələcəkdə bu rəqabətə davam gətirə biləcəkmi sualına isə “hə” cavabını verə bilərik. Amma biz heç vaxt bu rəqabəti bütün dünyanın qoşula biləcəyi müharibə səviyyəsinə gətirib çıxarmaq niyyətində deyilik.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Türklər-və-dünya  





Xəbər lenti