Kredit götürmək istəyənlərin nəzərinə! - Yeni tələblər qoyulacaq

      Kredit götürmək istəyənlərin nəzərinə!    - Yeni tələblər qoyulacaq
  19 Yanvar 2023    Oxunub:1736
İstehlak krediti üzrə istehlakçının ilkin məlumatlandırılması sistemi tətbiq ediləcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, ilkin məlumatlandırmada istehlak krediti ilə bağlı yarana biləcək bütün zəruri məqamlar barədə istehlakçı məlumatlandırılmalıdır. Bu məlumatlar Mərkəzi Bank tərəfindən təsdiq edilən standart məlumatlandırma formasında əks etdirilməlidir. Borcverən tərəfindən verilən məlumatlar aydın və başadüşülən şəkildə ifadə edilməlidir.

İstehlak krediti müqaviləsinə dair tələblər də müəyyən edilir. Müqavilə yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilə bilər. İstehlak krediti müqaviləsinin məzmunu ilə bağlı tələblər ilkin məlumatlandırmada nəzərdə tutulan hallara uyğun olmaqla müqavilə üzrə bütün zəruri şərtləri ehtiva etməlidir. . İstehlak krediti müqaviləsi üzrə dəyişən faiz dərəcəsinin tətbiq edilməsi də faizlərin və digər ödənişlərin artırıla bilməsi imkanının şərtləndirilməsi yolverilməzdir. Bank hesabının kreditləşdirilməsi hallarında borcverən istehlakçını vaxtaşırı olaraq kağız və ya digər davamlı daşıyıcıda hesabdan çıxarış vasitəsilə aşağıdakılar barədə məlumatlandırmalıdır:

- Hesabdan çıxarışın aid olduğu dövr;

- Kreditləşmənin tarixləri və məbləğləri;

- Əvvəlki çıxarış üzrə balans və onun tarixi;

- Cari çıxarış tarixinə yeni balans;

- İstehlakçı tərəfindən edilmiş ödənişlərin məbləğləri və tarixləri;

- Müqavilə üzrə faiz dərəcəsi;

- Tətbiq edilən istənilən xərclər və digər hallar;

- Tətbiq edildikdə ödənilməli olan minimum məbləğ.

Layihəyə əsasən, istehlakçının istehlak krediti müqaviləsindən 30 gün müddətində heç bir səbəb göstərmədən imtina etmək hüququ müəyyənləşir. Layihədə bu halda onun hüquqi nəticələri (pul vəsaitinin və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəmə öhdəliyi) istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası (istənilən vaxt xəbərdarlıq etmədən tamamilə və ya qismən borcverənə qaytardıqda qalıq müddətinə görə hesablanmış faizlər və digər halların vaxtından əvvəl ödənilmiş məbləğə mütənasib olaraq azaldılması), istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası zamanı borcverənə zərərin əvəzinin ödənilməsi məsələsi (onun faizi və tələb olunmasını istisna edən hallar), gecikdirməyə görə faizin məbləğinin məhdudlaşdırılması (həmin faizlərin məbləği istehlak krediti mü qaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə 5 % bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməməsi), gecikdirilmə faizlərinin hesablanmasının 180 gündən çox davam edə bilməməsi kimi məsələlər də əksini tapıb. Qeyd edilib ki, istehlak krediti müqaviləsinin bütün ziddiyyətləri və qeyri-müəyyənlikləri istehlakçının xeyrinə şərh edilməlidir.

İstehlak krediti müqaviləsində göstərilməyən hər hansı xərclər və digər ödənişlər istehlakçıdan tələb edilə bilməz. Borcverənin istehlak krediti müqaviləsinin hər hansı şərtini birtərəfli qaydada dəyişdirə bilməsi barədə kredit müqaviləsinin müddəası etibarsız sayılacaq. Bu tələb istehlakçının vəziyyətini yaxşılaşdıran, o cümlədən borc yükünü yüngülləşdirən hallara şamil edilməyəcək.

AzVision.az




Teqlər:





Xəbər lenti