Gəmilərin mübarizəsi: 20 yanvarda Bakı buxtası niyə bağlanmışdı - MÜSAHİBƏ

"Deyirdilər ki, şəhidlərin meyitləri dənizə töküləcək"

  Gəmilərin mübarizəsi:  20 yanvarda Bakı buxtası niyə bağlanmışdı -  MÜSAHİBƏ
  20 Yanvar 2023    Oxunub:9075
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet qoşunları tərəfindən törədilən qanlı faciədən 33 il ötür. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qalxan igidlərimizə o gün dənizçilərimiz də qoşuldu. Törədilən qırğınlara etiraz olaraq Azərbaycan gəmiləri Bakı buxtasını 4 gün mühasirədə saxladı. Bakıda baş verən hadisələri, amansız qırğını və vəhşiliyi Azərbaycan dənizçiləri dünyaya çatdırdılar.
Həmin günün şahidlərindən biri də “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmi kapitanı Faiq Balabəyli idi. O zaman "Şirvan” kran gəmisində elektro mexannik işləyən 25 yaşlı dənizçi yaşanan hadisələri AzVision.az-a danışıb:

- “Xəzərneftdonanma” idarəsində işləyirdim. Yanvarın 13-də biz dənizə çıxdıq. Lakin qanlı faciədən əvvəl Bakıda olan hadisələri bilirdik. Çünki burada yaşayan ermənilərin köçürülməsində bizim donanmanın, Xəzər gəmiçiliyinin böyük rolu var idi. Bakıda yaşayan erməniləri bizim gəmilər vasitəsilə Krasnovodska - indiki Türkmənbaşına aparırdılar ki, paytaxtda hansısa qarşıdurma yarananda bizim millətimizin adına çıxarmasınlar. Çünki Sumqayıt hadisələrində ermənilərin törətdiyi təxribatları unutmamışdıq. Bir sözlə, dənizdə olsaq da, Bakıda olan hadisələrdən məlumatlı idik.


Yanvarın 19-u axşam hava küləkli idi. Çilov adasına yaxın yerdə daldalanmışdıq və küləyin sakitləşməsini gözləyirdik. Buruqlarda, neft daşlarında və "28 May"da (o zaman "28 Aprel" adlanırdı) öz işlərimizi görəcəkdik.

Kayutuma gəlib bir qədər dincəlmək istədim. Bu zaman gəmidə aşpaz işləyən Xan və növbətçi matros həyacanla içəri daxil olaraq, radioada eşitdiklərini dedilər: “Bakıda qırğındır, insanları öldürürlər. Əhalini küçələrə çıxıb yaralılara kömək etməyə, barrikadalar qurmağa çağırırlar”. Onlara dedim ki, bu barədə kapitana məlumat versinlər. Özüm isə kapitan körpüsünə qalxdım. Kapitanı gözləmədən radiorubkanı qaldırdım “məni eşidən gəmilər, Bakıda qırğındır, insanları öldürürlər, insanları küçələrə dəvət edirlər”,- deyə neft daşlarının ətrafındakı gəmilərə xəbərdarlıq etdim. Məlumatı alan gəmilər məsələ ilə bağlı suallar verdilər. Hadisə barədə ilk məlumat bizim gəmidən çıxdığı üçün dəqiqləşdirmək istəyirdilər. O zaman gəmidə olan təlimatçı kapitan Tofiq Hüseynov “məsələni aydınlaşdırmaq lazımdır, hələ bilmək olmaz, gənc oğlandır, ağzına gələni danışır, fikir verməyin”, deyib dənizçiləri sakitləşdirirdi. Eyni zamanda “Aleksey Kortunov (indiki “Məhəmməd Əsədov”) gəmisinin kapitanı Kişi Mütəllimov efir vasitəsilə yaranmış gərginliyi aradan qaldırdı. Çünki onun kapitan olduğu gəmi vasitəsilə Bakıdan Krasnovodsk şəhərinə ermənilər aparılırdı və hadisələrin gərgin olmasından xəbərdar idi. Dənizdə olan gəmilər hava telefonu vasitəsilə kiçik məşvərət elədi. Sahillə, neft daşlarının dispetçeri, Bakı ilə əlaqə yaratdılar və xəbər öz təsdiqini tapdı.


- Bəs Bakı buxtasına nə zaman gəldiniz?
- Xəbər təsdiqini tapandan sonra gəmi kapitanları kiçik məşvərət elədi və qərar qəbul olundu ki, Bakıya qayıdaq. Bu 7-8 gəmi arasında olan söhbət idi. Biz yanvarın 20-si səhər saatlarında Bakı buxtasına daxil olanda artıq “Xəzərneftdonanma” İdarəsinin 100-ə yaxın gəmisi buxtanı əhatəyə almışdı. “Sabit Orucov” gəmisinin kapitanı Mövlud Əliyev hansı koordinatda dayanmağımızı göstəriş verdi. Dənizə çıxış və giriş yolları bağlanmışdı.

Bakıya qayıtmaq İstəməyən kapitanlar olanda azərbaycanlılardan ibarət gənc dənizçi heyəti onlara təkid edirdi ki, getsin. “Şirvan” gəmisinin təlimatçı kapitanı Tofiq Sultanov idarənin xəbəri olmadan sahilə getmək istəmirdi. O zaman onlara təklif etdim ki, gəmi jurnalında “bir qrup gənc itaətsizlik etdi, gəmini ələ aldı” yazasınız. Belə də etdilər. Onlar yaşlı nəsil idi və gözləmək mövqeyində özlərini sığortalamaq istəyirdilər.
Beləliklə, dənizçilərimiz özlərinin etiraz aksiyalarına başladılar. Gündüz hər yarım saatdan bir, axşamlar isə bir saatdan bir həyacan siqnalları verilirdi. Gəmilərin arasında bir-birilə, hərbçilərlə danışıqlar aparılırdı.


- Danışıqlarda tələbiniz nə olurdu?

- “Sabit Orucov” gəmisi dənizçilər tərəfindən qərargah seçilmişdi. Kapitanlar, dənizçilər orada toplaşıb qərarlar qəbul edirdi. Həmin yığıncaqlarda “Şirvan” gəmisini mən təmsil edirdim. Sözü isə ağsaqqalar deyirdi. Dənizçilərimiz bir neçə maddədən ibarət tələbnamə hazırlamışdı: Ordu Bakıdan yanvarın 21-də saat 00:00-dək çıxarılsın. Nahaq qan tökülməsinin qarşısı alınsın, şəhidlərimizə hörmətlə yanaşılsın ki, onları dəfn edə bilək” . Bu tələblərə əməl olunmasa, etiraz əlaməti kimi Bakı buxtasındakı gəmilərdən biri yandırılacaqdı. Əgər yenə əməl olunmasa, sahildən, yaxud dənizdən güc tətbiq edilərsə, estakadaya bərkidilmiş gəmilər, tankerlər, həmçinin sahildəki neft bazaları dərhal yandırılacaqdı.

Dənizçilərin dilində “Ölüm dəqiqələri” (myortvıye minutı) deyilən bir termin var: hər saatdan bir üç dəqiqə bütün dünyanın dənizçiləri yeni məlumatlar alırlar. Yanvarın 20-dən 21-nə keçən gecə 3 dildə (Azərbaycan, ingilis, rus dillərində) 4 dəfə təkrar olunan "SOS"-un ilk mətninin bəhrəsini dənizçilər bir saat sonra gördülər. Əvvəl Kalininqraddan, Qara dənizdən, Baltik dənizindən verilən radioqramlarda deyilirdi: “Bratsı, derjites. Naviqasiya net, ne smojem plavat v Kaspi”.
Səhərə yaxın isə, dünyanın 50-dən artıq ölkəsinin Sakit və Atlantik okeanlarında üzən gəmiləri dənizçilərimizin səsinə səs verdilər, onlarla həmrəy olduqlarını, dərdlərinə şərik çıxıb məlumatın bütün dünyaya yayılmasına kömək edəcəklərini bildirdilər. Bu, tarixdə dünya dənizçilərinin görünməmiş həmrəliyi günü idi. Həyat tərzləri, sosial qayğıları eyni olmayan dənizçilər ağır gündə birləşməyin mümkünlüyünü sübut etdilər.

- Bəs rus hərbi donanmasının sizdən tələbləri nə idi?
Rus hərbçiləri tələb edirdi ki, buxtanı boşaldaq. Bakıda fövqəladə vəziyyət elan olunsa da, buxtada belə deyildi. Bakı buxtasında fövqəladə vəziyyət yanvarın 24-də elan edildi.



- Rus hərbi donanması dənizçilərini tələblərindən döndərmək üçün nələr edilirdi?
- Axşamlar hərbi katerlər, yüksək sürətli və yüksək silahla təhciz olunmuş gəmilər bizim gəmilərin arasına keçib iğtişaşlar törtmək istəyirdilər. Atəş açırdılar. “Vodoley 4” gəmisinə 3 mindən çox güllə atılmışdı. “Neft-qaz 64”, “Alatau, “Çiləkəm1”, “Aktau” gəmisi güllə yaraları almışdı. Bu gəmilər sürətli və çevik olduğu üçün hərbi gəmilər onları hədəfə alırdı. “Neft-qaz 64” gəmisinin kapitanı o zaman 30 yaşlı Rövşən Dəmirov bütün heyəti xilas etmək üçün maşın şöbəsinə yerləşdirmişdi, özünün baş köməkçisi Səlahiyyət Axundovla kapitan körpüsündə qalmışdı. 3 hərbi gəmi birdən o gəmini atəşə tutmuşdu. O gəmi dəniz vağzalına yaxın bir əraziyə gətirilmişdi. “Sabit Orucov”dakı növbəti yığıncaqdan qayıdanda şəhər sakinlərinin axın-axın gəlib dəniz vağzalında güllələnmiş gəmilərə baxdıqlarına şahidlik edirdi. Onlar dənizçilərə Azərbaycanın səsini dünyaya çatdıran qəhərmanlar kimi baxırdılar. O zaman Azərbaycan informasiya blokadasında idi. Televiziya, radio yox, qəzetlər çıxmırdı. Yalnız Məzahir Süleymanzadə yanvarın 25-də “Səhər” qəzetinin bir nömrəsini buraxmışdı. Bir gün ərzində şəhərin küçələrində qətlə yetirilmiş, tanklar tərəfindən əzilmiş maşınların şəkilləri orada dərc olunmuşdu. O zaman yalnız “Xəzərneftdonanma” idarəsinin dənizçiləri Azərbaycanın haqq səsini dünyaya çatdırırdı.


Sizin tələbləriniz qarşılığında hərbi rəhbərlikdən sizinlə əlaqə saxlanılırdı?

- Qərargahda yaradılmış kapitanlar şurasının nümayəndələri hərbi Dəniz donanmasına müraciət edib komendant Tiqanovla görüşmək istədiklərini bildirirdi. Çətinliklə də olsa, buna nail olundu. Mövlud Əliyevlə "Vosxod" – bu, hərbiçilərin rabitə yaratdıqları radio xətt idi, danışıqdan sonra kapitanlardan Müzəffər Əliyev, Kərəm Məmmədov, İbrahim Salayev, Kişi Mütəllimov, Mövlud Əliyev, Mahir Xəlilovdan ibarət nümayəndə heyəti yola düşdü. Lakin rus əsgərlər bu görüşə imkan vermədi. "Vosxod"la ikinci danışıqdan sonra komendant xəbər göndərdi ki, dənizçilər sabah, yanvarın 21-də öz tələbələrini admiral Sidorova verə bilərlər. Sidorov SSRİ Müdafiə nazirinin hərbi donanma üzrə birinci müavini idi.

Onda Sidorov "Drama na more, kto vinovat?" - 20-ci əsrin dəniz quldurları” adlı vərəqə yayımlamışdı. O, Xəzər dənizindəki qarşıdurmada mülki gəmiləri ittiham edir və onları 20-ci əsrin dəniz quldurları adlandırırdı. Dənizçilərimizə "separatçı" damğası vururdu. Bu bir xəbərdarlıq idi, rus hərbiçiləri – generallar buxtanı boşaltmağı tələb edir və hər an dənizçilərin məntiqli cavabları və tələbləri qarşısında geri çəkilirdilər. Bu geri çəkilmələr onların daha dəhşətli qərarları ilə əvəz olunurdu.

Daha sonra kapitan və dənizçilərdən ibarət heyət Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova ilə görüşüb. Bu görüşdə SSRİ Ali Sovetinin deputatları akademik Tofiq İsmayılov, Xalq artisti Arif Məlikov da var idi. Qafarova qara paltarda, başında qara yaylıqda idi və bizə "Xalqımın mərd oğulları",- deyib görüşmüşdü. Burada bizə bildirildi ki, SSRİ-nin Müdafiə naziri Dimitri Yazov özü dənizçilərlə görüşmək istəyir. Dənizçilərin hadisələri dünyaya çatdırmasından sonra marşal özü hadisələrə nəzarət etmək üçün Bakıya gəlmişdi. Görüş Bakı şəhər komendantlığında, indiki Səbayıl Rayon İcra Hakimiyyətinin binasında baş tutdu. Görüşdə bütün Qafqazın şeyxi Allahşükür Paşazadə, akademik Tofiq İsmayılov, bəstəkar Arif Məlikov, kapitanlardan Mövlud Əliyev, Kərəm Məmmədov, Müzəffər Əliyev iştirak edirdi.

Yazov o zaman əsəbi halda ağsaqqal Müzəffər Əliyevə demişdi ki, “Çto, kapitan, bastuem?" Amma kapitanın cavabı sakit və təmkinli şəkildə olur: - Net, tovariş marşal, ne bastuem, a protestuem? Vı kak marşal zadavali sebya vopros, çto eto reznya, kak mojno etoqo dopustit?".
Kapitanın cavabı Yazovun qəzəbinə səbəb olmuşdu. O kapitanlara tərəf nifrətlə dönüb qışqırırdı: “Mən zabit şərəfimə and içirəm. Kapitan Kərəm Məmmədovu güllələyəcəm, Mövlud Əliyevə isə 15 il həbs verdirəcəyəm. Gəmilər Buxtanı tərk etməsə, gülləbaran olacaq”.

- Bakıda elan edilən fövqəladə vəziyyət dənizçilərə aid deyildi?
- O zaman Bakıda fövqəladə vəziyyət elan olunsa da, Bakı buxtası unudulmuşdu. Bakı Buxtası təslim edilməmiş tənha ada idi. Məsələ burasındadır ki, fövqəladə vəziyyət elan edilərkən dəniz amili nəzərə alınmamışdı və bu da bizə əlavə şans verirdi. Qurudan bizə soydaşlarımız ümidlə dözüm arzulayırdılar. Bu, rusların ağlına gəlməmişdi.
Səhv etdiklərini sonradan SSRİ müdafiə naziri Yazov etiraf etdi: "Mənim yeganə və ən kobud səhvim Bakı Buxtasını nəzarətsiz buraxmağım və dənizçilər belə döyüşkən olduqlarını bilməməyim idi".

- Gəmilərin buxtada durmaqda məqsədi nə idi?
- Bakıya dənizdən giriş və çıxışı blokadaya almaq. Şəhərə girişdən çox çıxışa nəzarət etməyə üstünlük verirdilər. Çünki informasiya verilmişdi ki, Bakıdakı qırğın haqqında az məlumat yaymaq üçün şəhidlərin meyitlərini aparıb dənizlərə tökəcəklər. Lakin bütün verilən məlumatlar yoxlanılır, sonra qərar qəbul olunurdu. Hərbi dənizçilərin qərargahından 73-cü kanalla Azərbaycan dilində xəbərdə deyilirdi ki, meyitləri dənizə tökmək üçün hərbi gəmilərə yığırlar. Məlumat inandırıcı idi. Özünü "sülhün çarçısı" adlandıran SSRİ kimi nəhəng ölkənin öz vətəndaşlarını qətlə yetirməsi onun imicinə zərər idi. Ona görə sayı az göstərməli idilər.

- Doğurdan şəhidlərin meyitləri dənizə tökülüb?
- O zaman rus hərbçiləri bizimlə əlaqəyə girərək bir gəmiyə buxtanı tərk etməyə icazə verilməsini istəmişdilər. Bildirilmişdi ki, gəmidə rus hərbçilərinin ailələri var. Qərargah tərəfindən qərara gəlindi ki, onların gəmisi buxtada yoxlanılır, qadın və uşaqlar göyərtəyə çıxır, xəbər doğruluğunu tapsa, gəminin çıxmasına icazə veriləcək. İlkin razılıq belə idi. Amma onlar buxtanın içərisində buna icazə vermədilər. Bildirdilər ki, 100-dən çox gəmi var, onlar “talana” çıxar, uşaq və qadınlar qorxar. Xahiş etdilər ki, açıq dənizdə - Nargin adasının arxasında baxış keçirilsin. Razılıq əldə olundu. Beləliklə, rusların bir böyük və iki ötürücü gəmisi buxtadan çıxdı. Rus həbri gəmisini bizim mülki “Babazadə” sərnişin gəmisinin 30 nəfərlik heyəti və kapitanı Müzəffər Əliyev yoxlayacaqdı. Açıq dənizə çıxandan sonra ruslar razılığı pozdular. İki hərbi gəmi geri dönüb bizim gəmini atəşə tutdu, irələmiyə imkan vemədi. Böyük gəmi sürətlə hərəkət edib getdi. O zaman bilmədik doğurdan da orada rusların ailələri var idi, ya bizim şəhidləri apardılar. Üstündən bir müddət keçəndən sonra Dərbənd tərəfdə naməlum meyitlərinin üzə çıxması barədə xəbərlər yayıldı.



- Dənizçilərin dirənişi nə zamana qədər davam etdi?

- Bakı buxtasında yanvarın 24-də fövqəladə vəziyyət elan olundu və 15:00-a qədər vaxt verildi ki, gəmilər buxtanı boşaltmasa gülləbaran olacaq, desantlar töküləcək. Bu məlumat “Sabit Orucov” gəmisində efir vasitəsilə bütün gəmilərə ötürüldü və bildirildi ki, kim istəsə gedə bilər. Çünki gəmilərə atəş açılacaqdı və ölənlər ola bilərdi. Yerlərdən gənc dənizçilərimizin hamısı bir səslə deyirdi ki, heç kim evə getməyəcək. Bu etiraza görə 57 dənizçi Orenburqa, Ulyanska sürgün olundu. Orada onları küçədə piyada aparırdılar və öyrədilmiş ruslar, ermənilər dənizçilərimizə təhqir edir, pomidor turşusu atıb, “siz ekstremistsiniz” deyirdilər. Dənizçilərdən 3 nəfəri Ağalar İbrahimovu, məni və bir nəfəri buraxmışdılar. Ağaları azadlıq hərəkətındakı aktiv fəaliyyətinə görə saxlayıb Şağan türməsində öldürmək istəyirdilər. Onu SSRİ Ali Sovetinin deputatı Adilə Nəzərova, Arif Məlikov xilas etdilər. 30 gün həbsdə saxlayıb buraxmışdılar. Məni isə “Şirvan” gəmisində kayuta salıb saxlamışdılar.

O zaman mənim üstümü yoxlayanda ağ corab geyindiyimi görüb rus hərbçisi ikrahla “suka vişol iz qryaza, stal knyazam” deyirdi. Millətə qarşı ikrah hissi var idi. Əsasən sürügünə aparılanlar “Sabit Orucov”gəmisindəkilər idi. Amma başqa gəmidən də olanlar da var idi. Ümidvar Hüseynov 23 yaşında gənc kapitan idi. Rus ona bildirmişdi ki, “lojis”. O isə demişdi ki, “nə lojis? Mən heyətimin qabağında uzanmaram”. Bu sözə görə onu döyüb işgəncə vermişdilər.



- Sürgün olanların aqibəti necə oldu?

- Bir aydan sonra hamısı buraxılıb evə qayıtmışdı. “Asayişi pozduqları” adı ilə sənədləşdirib həbs olunmuşdular.

- Dənizçilərimiz 20 yanvarda Azərbaycan xalqının haqq səsi oldu...
- Biz mülki gəmilərlə rusların silahlanmış gəmilərinin qarşısında dayanmışdıq. Ona görə də bizim gəmiləri güllə yağışına tutmuşdular. “Vodoley-4” gəmisinə 3600 güllə dəymişdi. Gəmi 8 yerdən mərmi zədəsi aldı və yanmağa başladı. Ona köməyə gələn “Vixr-12” yanğınsöndürən gəmisinə də atəş açıldı. Ümumilikdə iki gəmimiz alova büründü, 30-dan çox gəmiyə minlərlər güllə dəydi.

Dənizçilər qarşısına hansı hədəfi qoymuşdusa, hamısına nail olundu. Hədəf Azərbaycana olan qətliamı həqiqəti dünyaya çatdırmaq idi, çatdırdıq. Hədəf silahsız insanın üstünə tank, BTR-lə gələn orduya sübut etmək idi ki, silahsız da sizin qarşınıza çıxa və dözə bilərik, bunu da etdik. Hədəf həm də əlini hər yerdən üzən xalqımıza, qorxu içində yaşayan millətə sübut etmək idi ki, respublika ölməyib və yaşayır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti