Yanan ermənilər: Almaniyadan gələn, çempion, sərhəd təxribatının iştirakçıları -FOTOLAR

      Yanan ermənilər:  Almaniyadan gələn, çempion, sərhəd təxribatının iştirakçıları  -FOTOLAR
  20 Yanvar 2023    Oxunub:2149
Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə baş vermiş yanğın ölkə gündəmindən düşmür.
Mühəndis-istehkam bölüyünün kazarmasını külə döndərən yanğın 15 hərbçinin ölümünə səbəb olub. Bir neçə əsgər ağır yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Bu gün isə ölən əsgərlərin kimliyi ilə bağlı diqqət çəkən məlumatlar yayılıb. Məsələn, siyasi fəal Vruyr Ayvazyanın Facebook paylaşımı bu mənada diqqət çəkib. Bildirilir ki, Lori rayonunun Xobardzi icmasının sakini Rustam Asryan adlı gənc də ölən 15 əsgər arasında olub.


Ayvazyan yazıb: “2022-ci il idi və mən Kurtan istiqamətində gedirdim. Yolda bir əsgər gördüm və maşına oturtdum. Onu tanımırdım. Sadəcə dedim ki, hərbçisən, sənə borcluyuq, hara aparım? Əsgər təəccübləndi və cavab verdi ki, Hobardziyə. Xidmət, yaradılan şərait və s. haqqında bir az danışdıq.
Əsgərin adı Rustam idi.

Sağollaşmazdan əvvəl isə soruşdum ki, sənin üçün nə edə bilərəm? Rustam düşünmədən dedi ki, “Mənə heç nə lazım deyil. Bizə post üçün işlənmiş təkərlər lazım olur. Əgər göndərə bilsəniz, bir neçə maşına yığıb gətirin”. Biz əlaqəni kəsmədik və Rustamın atası ilə birlikdə dediyi posta təkərlər göndərdik”.


15 hərbçidən biri də Hayk Kirakosyan olub. O, Metsamor icmasından imiş. Ailənin böyük uşağı olan Haykın bir bacısı və bir qardaşı olub. Yerli media Kirakosyanın İrəvanın sərhəd təxribatlarından sonra yaranan sentyabr döyüşlərində iştirak etdiyini yazıb.

19 yaşlı David Sarkisyan da sentyabr döyüşlərinin iştirakçısı olub. Araqatsotn bölgəsinin Koş kəndinin sakini Davidin iki gün sonra xidmətdə olmasının bir ili tamam olacaqmış.

Ailənin böyük övladı olan Sarkisyanın qardaşı da bir neçə gün əvvəl hərbi xidmətə çağırılıb.


Digər əsgər Qaqik Barseqyan isə Kotayk rayonunun Qarni icmasında doğulub. Lakin o son illər ailəsi ilə Almaniyada yaşayıb. Qaqik Ermənistan ordusunda xidmət etmək üçün ölkəyə qayıdıbmış. Barseqyanın 21 yaşı olub və xidmətinin bir ilini başa vurub. Qeyd edilir ki, onun valideynləri hazırda Almaniyada yaşayırlar. Qaqik evin böyük uşağı olub, onun da bir bacısı və qardaşı var.


Erməni cəmiyyətinin ən çox yanğı ilə xatırladığı əsgər isə Taron Qaribyandır. Çünki Ararat rayonunun Urtsadzor icmasından olan bu əsgər gələn ay ordudan təxris olunmalı imiş. O, ailənin ən kiçik uşağı olub iki böyük qardaşı var.


Tövləyə bənzər kazarmada külə dönmüş digər erməni əsgəri isə Pavlik Abazyan olub. O, bir ildən çox imiş ki, əsgəri xidmətdə imiş. Açacur bölgəsindən olan Pavlik peşəkar idmanla da məşğul olub. Açacurun icma rəhbərinin sözlərinə görə, Abazyanın valideynləri hadisədən əvvəl tutan kimi Azad kəndinə yola düşüblər. Onlar oğlunun öldüyünü öyrəniblər və valideynlər yanmış meyitlər arasından Pavlikin cəsədini tanıya bilməyiblər. Bu səbəbdən də meyit DNT analizi aparılması üçün müvafiq mütəxəssislərə təhvil verilib.


Masis şəhərinin meri David Hambardzumyan Facebook səhifəsində təmsil etdiyi şəhərdən iki əsgərin öldüyünü paylaşıb.

“Faciə nəticəsində Masis icmasının Daştavan kənd sakini Muşeq Hambarçyan və Darbnik kənd sakini Sergey Gevorkyan da ölüb.
M. Hambarçyan və S. Gevorkyanın ailə üzvlərinə başsağlığı verirəm. Mən də bütün həlak olanların ailələri və yaxınları üçün yas saxlayıram”, - mer hökumətin ətraflı şəkildə təqdim etmədiyi ölən əsgərlər barədə məlumat yayıb.


Ölənlər arasında Ermənistan çempionu da olub. Kiçik serjant Mişa Dumikyan adlı həmin idmançının 19 yaşı var imiş və o da sentyabr döyüşlərində iştirak edib. Dumikyan, bir il əvvəl orduya çağırılıb.Mişa triatlonu və karate ilə məşğul olub. O, Ermənistan və Qara dəniz ölkələri üzrə keçirilən turnirlərdə qızıl medal qazanıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Yanğın  





Xəbər lenti