Büdcənin icrası parlamentdə təsdiq edildi

Büdcənin icrası parlamentdə təsdiq edildi
  16 May 2014    Oxunub:1112
Azərbaycan parlamenti 2013-cü il dövlət büdcəsinin yerinə yetirilməsi haqqında qanun layihəsini qəbul edib.

AzVision.az-ın məlumatına görə, bu gün Milli Məclisinin plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, 2013-cü il dövlət büdcəsi uğurla yerinə yetirilib.

Onun sözlərinə görə, 2013-cü ildə ölkə rəhbərliyinin sosial-iqtisadi kursu milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə daxil olması və əhalinin həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradıb: "Qlobal iqtisadiyyatda müsbət trendlər bunun üçün şərait yaradıb. İcmal büdcəsinin gəlirləri 23 milyard manat olub ki, bu da proqnozdan 12 faiz çoxdur. Ötən il ölkənin icmal büdcəsinin xərcləri 22 milyard manat təşkil edib".

Nazir deyib ki, icmal büdcəsinin təxminən 3,8 milyard manat həcmində kəsirlə planlaşdırılmasına baxmayaraq, büdcə təxminən bir milyard manatlıq profisitlə yerinə yetirilib: "Buna səbəb xarici ticarətdə müsbət konyuktura olub. Ümumilikdə, qeyri-neft sektorundan daxilolmalar 2012-ci ilin göstəriciləri ilə müqayisəsə 604 milyon manat, yaxud təxminən 13 faiz olub. Orta qiyməti planlaşdırılandan yuxarı olan neftin qiymətləri də öz rolunu oynayıb".

Onun sözlərinə görə, aqrar sahənin inkişafı və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması ötən illərdə olduğu kimi, dövlət büdcəsinin prioritetlərindən biri olub: "Ümumilikdə, kənd və meşə təsərrüfatlarının inkişafına, aqrar təsərrüfatların maddi-texniki bazalarının yaxşılaşdırılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və bununla bağlı problemlərə 832 milyon manat xərclənib ki, bu da 2012-ci ilin göstəricisini altı faizdən çox üstələyir".

Nazir qeyd edib ki, ötən il əhəmiyyətli investisiya qoyuluşları həyata keçirilib: "İqtisadiyyatın neft gəlirlərindən asılılığının azaldılmasına, infrastruktur və digər layihələrin reallaşdırılmasına 6,914 milyard manat vəsait ayrılıb. Bununla yanaşı, yol, nəqliyyat, su və digər infrastrukturların yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsinə beynəlxalq maliyyə institutlarından 835 milyon manat vəsait cəlb edilib".

Nazirin çıxışından sonra, qanun layihəsi müzakirəyə çıxarılıb. Daha sonra səsvermə ilə qanun layihəsi qəbul edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti