"Hərbi hissədəki yanğında erməni əsgərlərin oyanmağa vaxtı olmayıb" - Xilasedici

 "Hərbi hissədəki yanğında erməni əsgərlərin oyanmağa vaxtı olmayıb" -    Xilasedici
  21 Yanvar 2023    Oxunub:6475
Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə baş verən yanğın nəticəsində həlak olan 15 əsgərdən 14-ünin meyiti çarpayıda tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini Arsen Saroyan İctimai Televiziyanın efirində deyib. Onun sözlərinə görə, xilasedicilər yanğını iki istiqamətdən söndürməyə çalışıb: əsgərlərin yatdığı otağın tərəfdən və yanğının başladığı giriş tərəfindən. Otaq tərəfdən əsgərlər də maşınla divarı yarmağa çalışıblar.

"Yanmış meyitlərdən 15-dən 14-ü çarpayılarda olub. Məncə, onlar sadəcə tüstüdən oyanmayıblar. Girişdə başqa cəsəd tapılıb. Çox güman ki, ölən əsgər bayıra çıxmaq istəsə də, bacarmayıb", Saroyan qeyd edib.

Ümumilikdə binada 21 nəfər olub və xilasedicilər gələnə qədər altı nəfər öz gücü ilə çıxa bilib, onlardan üçü ağır yanıq xəsarətləri alıb. O, əlavə edib ki, taxta tavanlı kazarma köhnə olub.

Eyni zamanda, Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Arşak Martirosyan yekun nəticələr üçün istintaqın tamamlanmasını gözləməyə çağırıb.

Qeyd edək ki, Yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 15 erməni hərbçi həlak olub, daha üçünün vəziyyəti ağırdır. İlkin məlumata görə, yanğına səbəb isinmək üçün benzindən istifadə edilməsi olub. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti