Dövlət Vergi Xidməti “Sədərək”də kassa aparatları quraşdırır? - Rəsmi açıqlama

 Dövlət Vergi Xidməti “Sədərək”də kassa aparatları quraşdırır? -    Rəsmi açıqlama
  23 Yanvar 2023    Oxunub:1350
Dövlət Vergi Xidməti “Sədərək” ticarət mərkəzində sahibkarların obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə keçirilən etiraz aksiyasına aydınlıq gətirib.
Qurumdan AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, "Sədərək" ticarət mərkəzində hər hansı kütləvi yoxlamalar və ya yeni kassa aparatlarının quraşdırılması həyata keçirilmir.

"Hazırda Dövlət Vergi Xidməti Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini həyata keçirir.

Dislokasiya prosesləri zamanı təsərrüfat subyektlərində fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması, obyektlərin faktiki məlumatlarının dürüstlüyü barədə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçirilir. Dislokasiya tədbirlərinin aparılması barədə məlumat əvvəlcədən ictimaiyyətə açıqlanmışdır və bu proses iri ticarət obyektləri daxil olmaqla ölkə ərazisində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərini əhatə edir.

Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hər hansı narahatlıq olmadığını, “Sədərək”, “Binə” və bu kimi digər ticarət mərkəzləri daxil olmaqla dislokasiya prosesinin qısa müddətdə başa çatdırılacağını bildirir və sahibkarlıq subyektlərini vergi orqanları əməkdaşlarına zəruri köməkliyin göstərilməsinə dəvət edir".

Qeyd edək ki, bu gün səhər saatlarından “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb sahibkarların bazarla bağlı yeni vergi siyasətinə etiraz etməsidir. Belə ki, mağazalarını açmayan ticarətçilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmaq istəmirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti