"Səfirliyimizə hücum Azərbaycan-İran münasibətlərini gərginləşdirəcək" - BMTM-nin eksperti

 "Səfirliyimizə hücum Azərbaycan-İran münasibətlərini gərginləşdirəcək" -    BMTM-nin eksperti
  27 Yanvar 2023    Oxunub:1198
"Azərbaycanın İran səfirliyində törədilən terror aktı iki ölkə arasında onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsinə səbəb olacaq".
Bunu AzVision.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Mətin Məmmədli deyib. O bildirib ki, bu gün Tehrandakı səfirliyimizə edilən terror hücumunun məsuliyyətini birbaşa İran dövləti daşıyır.

“1961-ci ildə qəbul edilən "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasının 22-ci bəndinə görə hər bir ölkə öz ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, səfirliklərin təhlükəsizliyini təmin etməlidir. Ancaq İran hökuməti götürdüyü öhdədliyi bizim səfirliyə münasibətdə həyata keçirmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda da qeyd olunur ki, bu günə qədər dəfələrlə İran hökumətinə Azərbaycanın Tehrandakı səfirliyinə təhdid mesajlarının gəlməsi barədə xəbərdarlıq edilib. Onların bunu nəzərə almamasının nəticəsi ortadadır”.

BMTM-nin eksperti hadisənin guya, məişət zəminində baş verməsi barədə İran tərəfinin dediklərini videogörüntülərin təkzib etdiyini bildirib.

“Bu, böyük ehtimalla, hazırlanmış terror hücumu və aktıdır. Ümumiyyətlə, son aylarda İranda Azərbaycana qarşı çox geniş təbliğat aparılır. Görünür, bu təbliğat da terrorun həyata keçirilməsində müəyyən mənada rol oynaya bilər. Bu gün törədilən terror aktı iki ölkə arasında münasibətlərin daha da pisləşməsinə səbəb olacaq. Onsuz da son zamanlar iki ölkə arasında münasibətlər xeyli gərginliklərlə müşahidə olunurdu”,- deyən M.Məmmədli bunun da əsas günahkarının İran dövləti olduğunu vurğulayıb.

O həmçinin əlavə edib ki, İran ərazisində diplomatik nümayəndə və səfirliklərə qarşı terror hücumu yeni deyil: “Zaman-zaman İran ərazisində fəaliyyət göstərən müxtəlif diplomatik nümayəndəliklər, səfirliklər təhdidlərlə, hücumlarla üzləşiblər. 1988-ci ildə ABŞ-ın xeyli sayda diplomatının iranlı gənclər tərəfindən əsir götürülməsi hadisəsi hələ də yaddaşdlardadır. İran ərazisində beynəlxalq hüquq normaları tam olaraq işləmir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti