BƏƏ Azərbaycan səfirliyinə silahlı hücumu pisləyib

   BƏƏ Azərbaycan səfirliyinə silahlı hücumu pisləyib
  27 Yanvar 2023    Oxunub:667
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın İrandakı Səfirliyində törədilən terror aktını kəskin şəkildə pisləyib.
AzVision.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“BƏƏ bu cinayət əməllərini qətiyyətlə pisləyir və təhlükəsizlik, sabitliyə xələl gətirməyə yönəlmiş hər cür zorakılıq və terrorizmi rədd edir”, - bəyanatda bildirilir.

BƏƏ XİN vurğulayıb ki, diplomatik işi tənzimləyən qaydalara və nizamnamələrə uyğun olaraq diplomatik nümayəndəliklərin mühafizəsini təmin etmək lazımdır.

Nazirlik, həmçinin Azərbaycan Respublikasına və xalqına, o cümlədən həyatını itirən təhlükəsizlik əməkdaşının yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti