Bəzi səhm və istiqrazlar üzrə gəlirlər vergidən azad ediləcək
Vergi güzəştinin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda qiymətli kağızlara marağın artırılmasıdır.
Digər dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətiçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır. Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaq. Eyni zamanda hüquqi şəxslərin istiqrazlar üzrə əldə etdiyi faiz gəlirlərini ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan etməsi və vergi ödəməsi müəyyən edilib.
Azərbaycan Mərkəzi Bankında hesab edirlər ki, bu dəyişikliklərin tətbiqi nəticəsində investisiya qiymətli kağızları olan səhm və istiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsinə və emitentlərin fond birjasında listinqə çıxışına maraq artacaq. Dəyişikliklər birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda bazarın şəffaflığının yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.
AzVision.az
Teqlər: