Deputat Elnur Allahverdiyev vurğulayıb ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücum əvvəldən hazırlanıb: "Bu işdə İranın birbaşa məsuliyyəti var. Ümumilikdə Tehrandakı səfirliyinə edilən terror hücumu əsaslı şəkildə araşdırılmalı və məsələ ört-basdır edilməməlidir. Əgər İran müsəlman ölkəsi olaraq xalqın gözündən düşmək istəmirsə, mütləq şəkildə cinayətkar və onlara dəstək verənlər layiqli cəzasını tapmalıdır".
Deputat Kamran Bayramov isə qeyd edib ki, xain hücumun məqsədi dövlətimizə və onun diplomatlarına qarşı terror aktı idi: "Videogörüntülərdən aydın olur ki, yerli hüquq-mühafizə orqanları terror aktlarının qarşısının alınması, cinayətkarın zərərsizləşdirilməsi üçün sözün əsl mənasında heç nə etmədilər. Təsəvvür edin ki, bu ökənin ərazisində cinayətkarı polis deyil, xarici ölkə vətəndaşı zərərsizləşdirir. İranın aidiyyəti qurumlarının bu cür addımları və davranışı aparılacaq istintaqın obyektivliyinə, qərəzsizliyinə şübhələr yaradır".
Digər millət vəkili Elman Nəsirov Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvi təklif edib: "Tehrandakı səfirliyimizə hücum beynəlxalq terror əməlidir. Hədəf olaraq isə Azərbaycan dövləti, xalqı seçilib. Bu terrora cavab olaraq Azərbaycanın İrandakı səfiri geri çağırıldı. Milli Məclis də analoji addım atsın, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunu ləğv edək".
AzVision.az
Teqlər: