“Rus sülhməramlıları çıxsalar, Qarabağ Azərbaycanın nəzarətinə keçəcək” - Dmitri Solonnikov

   “Rus sülhməramlıları çıxsalar, Qarabağ Azərbaycanın nəzarətinə keçəcək” -    Dmitri Solonnikov
  03 Fevral 2023    Oxunub:2255
Ermənistan Qarabağda beynəlxalq sülhməramlılar kontingentinin olmasında israrlıdır. Bakıda bu məsələ ilə bağlı başqa cür düşünürlər. Rusiya sülhməramlılarının çıxacağı təqdirdə regionda hadisələr necə inkişaf edəcək?
Rusiyalı politoloq Dimitri Solonnikovun fikrincə, 2025-ci ildə vəziyyətin necə olacağına dair proqnoz vermək kifayət qədər çətindir. “İndi əlimizdə 2020-ci ilin 44 günlük müharibəsinin nəticələrinə uyğun imzalanmış sənəd var. Bu sənəddə Rusiya sülhməramlılarının 5 il, yəni müvafiq olaraq 2025-ci ilə qədər qalma müddəti göstərilib. Amma başa düşürük ki, sənəd müəyyən şərtlərlə imzalanıb, indisə dünyada tamam başqa vəziyyət var və iki ildən sonra durumun necə olacağını proqnozlaşdırmaq çox çətindir, demək olar ki, mümkün deyil”,- politoloq AzVision.az -a bildirib.

Onun sözlərinə görə, indiki status-kvodan çıxış etsək, 2025-ci ildə Rusiya sülhməramlıları Qarabağı tərk edərsə, o zaman bu əraziyə tam nəzarət Azərbaycana keçəcək, vəssalam. Orada daha sülhməramlılar və silahlı qüvvələr olmayacaq.

Yaxud hər üç tərəf razılığa gəlsə, sülhməramlıların mandatının davam etdirilməsi mümkündür. Zonaya başqa qüvvələrin dəvət edilməsi son dərəcə problemlidir. Ermənistan Türkiyə qüvvələrinin Qarabağda olmasına çətin ki razılaşsın. NATO təmsilçilərinin orada görünməsi isə heç kimi qane etməyəcək bir ssenaridir.

Burada iki variant ortaya çıxır: birincisi, mövcud status-kvonun qorunub saxlanması, ikincisi də, bütün Qarabağ ərazisinin tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi.

“Bu halda ortaya bəzi suallar çıxır: Qanunlara nəzarət necə təmin ediləcək? Orada hansı qruplar olacaq? Başqa dövlətlərin təşkilati, siyasi və digər yardımları olmalıdırmı? Məncə qətiyyən vacib deyil! Bunu suveren Azərbaycan dövləti həll edəcək. Belə bir vəziyyətdə Ermənistan öz iradəsini və ideyalarını Azərbaycana “biz Fransa və ABŞ nümayəndələrini münaqişə zonasına dəvət edəcəyik” şəklində təlqin edə bilməz”,- deyə ekspert vurğulayıb.

Solonnikov deyir ki, Ermənistanın öz ərazisinə istənilən dövlətin nümayəndələrini dəvət etmək hüququ var. Amma KTMT-nin üzvüdürsə, demək, digər hərbi kontingentlərlə bağlı müttəfiqləri ilə danışıqlar aparmaq lazım gələcək. Ermənistan KTMT-dən çıxarsa, hansı silahlı qüvvələrlə, hansı kəşfiyyat orqanları ilə əlaqə saxlayacağına müstəqil qərar verə bilər. Amma yenə də öz ərazisində. Bu qüvvələr sərhəd keçidlərinə nəzarət etməyəcəklər.

Samir Vəliyev

AzVision.az



Teqlər: Sülhməramlı   Qarabağ  





Xəbər lenti