“Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək” – Rusiyalı politoloq (Eksklüziv)

   “Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək” –    Rusiyalı politoloq (Eksklüziv)
  04 Fevral 2023    Oxunub:2972
“İrəvanın sabitliyi pozmaq və Qarabağa qondarma “beynəlxalq” sülhməramlılar qrupunu cəlb etmək cəhdləri, fikrimcə, tam iflasa uğrayacaq”.
Bu sözləri AzVision.az -a rusiyalı politoloq Yevgeni Mixaylov deyib. O bildirib ki, belə hərəkətlər imzalanmış atəşkəs sazişinin birbaşa pozulması və ermənilərin regionda əsas strateji tərəfdaşı olan Rusiyaya qarşı düşmən münasibətinin təzahürü kimi qiymətləndirilir.

“Aydındır ki, Moskva Yerevana manipulyasiya etməyə imkan verməyəcək və öz milli maraqlarını təhlükəyə atmayacaq. Rusiya sülhməramlıları 2025-ci ilə qədər bölgədə qalacaqlar və Qarabağa çətin ki başqa kimsə buraxılsın. Xüsusilə də Moskvaya düşmən olan NATO blokunun nümayəndələri”,- Y.Mixaylov bildirib.

Onun sözlərinə görə, sülhməramlılar getsə, Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək: “Bu, aydındır. Üstəlik güman edirəm ki, bu, onların missiyası sona çatmamış da baş verə bilər. Bir çox variantlar mümkündür. Bütün qanunsuz silahlı birləşmələr və qanunsuz hökumət oradan sıxışdırıldıqdan sonra Xankəndi və onun ətrafına müvəqqəti birgə nəzarət haqqında Bakı ilə Moskva arasında qarşılıqlı razılaşmalar da ola bilər. Bunu zaman göstərəcək. Amma məncə, vəziyyət İrəvanın xeyrinə inkişaf etmir. Aşkar anti-Rusiya ritorikası, Gümrüdəki hərbi bazaya qarşı mitinqlər, KTMT-dən çıxmağa çağırışlar Moskvaya qarşı yönəlib və Qərbin, xüsusən də Fransanın nəzarətindədir. Düşünürəm ki, çözüm yaxındadır və bu, Ermənistan baş naziri Paşinyanın xoşuna gəlməyəcək ”, - Y.Mixaylov bildirib.

Samir Vəliyev
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti