FHN xilasediciləri 26 nəfəri dağıntılar altından sağ çıxardı - VİDEO
08 Fevral 2023
Oxunub:884
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Nazirlikdən verilən məlumata görə, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur. Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.