Simonyan: "Türkiyədə 10 min, İranda 3 nəfər öldü"

      Simonyan:    "Türkiyədə 10 min, İranda 3 nəfər öldü"
  09 Fevral 2023    Oxunub:888
Ermənistan parlamentinin sədri Alen Simonyan zəlzələdən sonra Ankaraya başsağlığı verən rəsmi İrəvanın İrana qarşı da eyni cür davranmaması ilə bağlı tənqidlərə reaksiya verib.
“Hayastan” fraksiyasından olan deputat Andranik Tevanyanın hakimiyyətin niyə zəlzələ ilə bağlı İrana başsağlığı verməməsi ilə bağlı sualını cavablandıran Simonyan qeyd edib ki, Türkiyədən fərqli olaraq orada 3 nəfər ölüb.

"Niyə İrana yox, Türkiyəyə yardıma qaçdınız?" -Erməni deputat
"Mən başsağlığımı verdim və düzgün hərəkət etmişəm. Başa düşürsünüzmü ki, dinc sakinlər arasında 10 min nəfər ölüb və özümüzün də üzləşdiyimiz fəlakət var? İnsani dillə desək, biz ermənilər, xristianlar reaksiya verməyə bilməzdik", - Simonyan zəlzələyə sevinən radikal siyasətçilərin tənqidlərinə cavab olaraq deyib.

O qeyd edib ki, bəlkə də İrana da eyni cür davranmaq lazım idi: "Amma digər hadisədə bütün dünya başsağlığı verirdi. Hətta Kipr Parlamentinin sədri də başsağlığı ünvanladı. Onlar kömək də göndərirdilər, Türkiyənin onu qəbul edib-etməməsi isə artıq ikinci dərəcəli məsələdir”.

Spiker Türkiyənin Ermənistana düşmən dövlət olub-olmamasıyla bağlı suala isə belə cavab verib: “Nə etməliyik? İstanbulu qan gölünə çevirəcəyimiz haqqında nəğmə oxumalı və sonra da ilk xristian ölkəsi olmağımız barədə tost qaldırmalıyıq? Sizin bu fəlsəfənizin bizi hara apardığını görmüşük. Yaxşı, deyək ki, mən Türkiyənin bizə düşmən olduğunu söylədim, nə edək? Yığışıb 90 milyonluq ölkəyə hucuma keçək? Sizin hansı variantlarınızın olmasını anlamağa çalışıram”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Türkiyə   Zəlzələ  





Xəbər lenti