`Soyqırım`ı danan erməni dövlət xadimi - TARİXİ DOSYE

`Soyqırım`ı danan erməni dövlət xadimi - TARİXİ DOSYE
  19 May 2014    Oxunub:2715
Daşnakların lideri ermənilərin türklərə qarşı terrora hələ Türkiyə Birinci Dünya Müharibəsinə qoşulmazdan əvvəl başladıqlarını etiraf edibmiş

Bu yaxınlarda ermənilər növbəti dəfə “qara günlərini” yad etdilər; bir daha qondarma “soyqırımlarına” ağı deyib ağladılar, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdılar. Amma bu arada başqa bir sual daha çox maraq doğurur: nəyə görə, Ermənistanın birinci baş naziri və “Daşnaksütun” partiyasının əsasını qoyanlardan biri, onun lideri Ovanes Kaçaznuni öz vətənində unudulub? Bütün erməni dairələrində onun kimliyi ört-basdır edilir. Ötən əsrin 3-cü onilliyində onun fikirlərinə, siyasi fəaliyyətinin ştrixlərinə qeyri-rəsmi qadağa qoyulmuşdu. Niyə?


Cavab sadədir. Məsələ burasındadır ki, Kaçaznuninin “erməni genosidi” ilə bağlı mövqeyi Ermənistanın hazırkı siyasi kursu ilə ziddiyyət təşkil edir. Kaçaznuni hələ 1923-cü ilin əvvəllərində müasir ermənilərin iradlarını darmadağın etdi, buna görə də hazırki nəsil ermənilərinin gözündə “günahkar” oldu.

Əgər Kaçaznuninin 1923-cü il mart tarixli “Daşnaksütunun edə biləcəyi heç nə yoxdur" başlıqlı məşhur hesabatına nəzər yetirsək, müasir ermənilərin onu nə üçün sevmədiklərinin əsl səbəbini anlaya bilərik. Axı Ovanes Kaçaznuni o zamankı erməni dairələrində sıradan bir fiqur deyildi. Bir düşünün... O, dünya tarixində ən qanlı partiyalardan birinin lideri, 1914-cü ildən başlayaraq bütün “yaddaqalan” hadisələrin bilavasitə iştirakçısı olub. O, həm də 1918 –ci il, mayın 30-dan 1919-cu il, mayın 28-dək daşnaq Ermənistanının birinci baş naziri olub. Bir sözlə Kaçaznuni, daim dövrünün ermənilər tərəfindən törədilən qanlı hadisələrinin mərkəzində olmuşdu. Təbii ki, ona inanmamaq üçün bir əsas yoxdur.

Aydın səmada ildırım
(Buxarest, mart 1923-cü il)

Bolşeviklərin zərbəsindən sonra Ermənistandan qaçan o zamankı əksər daşnak rəhbərləri üçün gözlənilməz olsa da, Kaçaznuni,1923-cü ilin martında Buxarestdə qalın bir hesabat yazır. “Daşnaksütun”un xarici orqanlarının konfransına ünvanlanmış sənəd böyük rezonansa səbəb olur.

Sözügedən sənəd (bir növ etiraf) bu gün “Daşnaksütunun edə biləcəyi heç nə yoxdur!" adı ilə məşhurdur. Hesabatda qərəzsiz analizlər verən müəllif 1914-1923-cü illərdə Osmanlı İmperiyası ərazisində, eləcə də “Ermənistan Respublikasının” özündə daşnaq partiyasının rəhbərliyi altında törədilən əməlləri qınayır. O, cəsarətlə etiraf edirdi ki, ermənilər və “Daşnaksütun” partiyası böyük güc strukturlarının əlində bir alət olub.

Sonrakı dövrlərdə Avropa və Yaxın Şərq şəhərlərindəki erməni koloniyalarında mövcud xarici daşnaq mərkəzləri sənədi gizlətdilər.

Məlum olduğu kimi, sənədə ilk növbədə kommunist ideologiyasının rəhbərləri, Kreml funksionerləri diqqət yetirdilər. Hesabat Moskvada rus dilinə tərcümə olunaraq nəşr olundu. 1990-cı ildə artıq Bakıda, yenə rus dilində, ötən il isə Türkiyədə türk dilində (türkoloq Arif Acaloğlunun tərcüməsi) çap edilib.

Günahsız günahkar?

Birincisi, o yazır: “1914-cü ilin payızında, Türkiyə hələ müharibə aparan ölkələrin sırasına qoşulmamış (Ankara heç müharibəyə hazırlaşmırdı da) Qafqazda könüllü erməni dəstələri yüksək enerji ilə təşkilatlanmağa başladılar (səh.10). Diqqət yetirin – “müharibə başlamazdan əvvəl... ” Beləliklə də, müəllif etiraf edir ki, birinci erməni dəstələri Osmanlı İmperiyasına qarşı çıxdı və türklərə qarşı hərbi əməliyyatlarda fəal iştirak etdi. O həmçinin bildirir ki, Osmanlı İmperiyasının müharibəyə qoşulması ilə, qeyd etdiyimiz erməni dəstələri, eləcə də Türkiyə vilayətlərində yaşayan bütün ermənilər Rusiyanın tərəfinə keçdilər.

Daha sonra Kaçaznuni yazır: “Bütün bu müddət ərzində ermənilər düşmən Türkiyənin Antanta düşərgəsində yerləşmişdilər və Türkiyədən “dənizdən dənizə qədər bir Ermənistan” tələb edirdilər, Avropa və Amerikanı rəsmən Türkiyəyə qoşun göndərməyə və türk vilayətləri üzərində hökmranlıqlarını təmin etməyə çağırırdılar. Bütün bunların fonunda Türkiyə hökuməti ilə müharibə aparır, onları öldürür və özləri ölürdülər”. Kaçaznuni bunu bir səhv olaraq görürdü.

Daha sonra erməni müəllif “Türkiyə ermənilərinin köçürülməsi” məsələsinə toxunur. Diqqət çəkən məqamlardan biri də budur ki, o, məhz “köşürülmə” terminindən istifadə edir, müasir erməni siyasi leksikonunda dəbdə olduğu kimi “genosid” və ya “talan” sözlərindən yox. O yazır : “Türklər nə etdiklərini bilirdilər və bu gün nəyisə etiraf etmələrinə heç bir səbəb yoxdur; erməni məsələsinin kökündən həlli üçün, gələcəyin də göstərdiyi kimi bu üsul ən həlledici və məqsədəuyğundur” (səh. 13).

O, Ərəbistanda məskunlaşmış ermənilər, “Rusiya kəndlərini dolduran” qaçqınlar barədə yazır və bunun günahını “Daşnaksütun” partiyasında görür, onun liderlərini avantürizmdə ittiham edir. Onun sözlərinə görə, “asanlıqla belə bir nəticəyə gəlmək olar ki, Türkiyənin 6 vilayətində yaşayan ermənilər Ərəbistana köçürüldü, onların bir hissəsi isə Cənubi Qafqazda yerləşdi”.

Kazakların köçürülmə planının uğursuzluğu

Kaçaznuniyə görə, Rusiya hakim dairələrinin kazakları Şərqi Anadolunun boşaldılmış ərazilərinə köçürmək planları olub. Buna görə də onlar əvvəlcə erməniləri silahlandırdılar və onları türklərin üzərinə yönəltdilər ki, Anadolunun şimal-şərq ərazilərində yaşayan türkləri qırıb-çatsınlar. Daha sonra isə öz hərbi əməliyyatlarının praktiki olaraq dayandıraraq həmin erməniləri taleyin ümidinə buraxdılar. Bu qəddar plan ermənilər üçün acınacaqlı oldu: onlar həm Türkiyə vilayətlərində yaşamaqdan məhrum oldular, həm də ki, türkləri qırmağa nail ola bilmədilər. Bununla yanaşı, 1920-ci ilin yayından başlayaraq sovetləşdirilmiş Azərbaycandan olan qaçqınlar həmin vilayətlərdəki boşluğu doldurdular...

Türkiyə KİV-inin məlumatına görə, tarixçilər Kaçaznunuin hesabatının kitab şəklində Türkiyədə nəşrinə müsbət yanaşdılar. Bir sıra alimlərin fikrincə, bu nəşr müasir ermənilərin qondarma soyqırımı ilə bağlı mövqelərini bir xeyli sarsıdacaq. Yeri gəlmişkən hesabat ingilis və fransız dillərində də nəşr olunacaq.

Yaxşı olardı ki, qərb qanunvericiləri öz parlamentlərində qondarma “erməni soyqırımı” barədə qətnamə müzakirəyə qoymazdan əvvəl Ovanes Kaçaznuninin etiraflarını oxusunlar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti