Qulu Məhərrəmli: “Bu sərəncam sosial sifarişdir”

Qulu Məhərrəmli: “Bu sərəncam sosial sifarişdir”
  10 Aprel 2013    Oxunub:2094
“Bizim televiziyalarda peşəkarlıq getdikcə aşağı düşür, dilə qarşı məsuliyyətsiz münasibət yaranıb və bu da belə bir həyəcan təbilinin çalınmasına gətirib çıxarıb”.

Xəbər verdiyimiz kimi, teleradio kanallarında dil mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacağı nəzərdə tutulub. Belə ki, Dövlət proqramına əsasən, Milli Televiziya və Radio Şurası tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq. Kütləvi İnformasiya Vasitələrində dövlət dilinin təbliğinin gücləndirilməsi işi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasına tapşırılıb.

Bundan başqa Televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və KİV-də çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi həyata keçiriləcək.

Bununla bağlı media eksperti Qulu Məhərrəmli AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycan ədəbi dilinin normalarının qorunması, dilin saflığının, onun işləməyinin funksionallığının qorunub inkişaf etdirilməsi baxımından prezidentin sərəncamının xüsusi önəmi var.

Q.Məhərrəmlinin sözlərinə görə, bu gün televiziya və radio Azərbaycan ədəbi dilinin ən fəal təbliğatçısı və ən geniş bu dildən istifadə edən sahədir.

“Amma son illər burada çox ciddi dil nöqsanları nəzərə çatır. Dilin işləkliyi artdıqca, televiziya, radioyada bu dili bilməyən insanların sayı çoxaldıqca təbii ki, nöqsanlarında sayı artır. Ona görə də belə hallar elmi ictimaiyyətin, ümumiyyətlə tamaşaçılar arasında ciddi narazılığa səbəb olur. Bu baxımdan bu sərəncam sosial sifarişdir”.

Bu sərəncamdan sonra görüləcək işlərə gəlincə, media eksperti birinci növbədə efirə gedən verilişlərin dilinin standartlarına, normalarına, qaydalarına uyğunluğuna nəzarət ediləcəyini deyib.

Tanınmış telejurnalist bildirib ki, hər halda radio və televiziya işçiləri üçün müəyyən yaddaşların, kitabçaların, tövsiyələrin hazırlanması gündəmdə olacaq. Hesab edirəm ki, yaradılacaq şuralar heç bir halda senzuraya gətirib çıxarmalı deyil”.

“Əsasən bu məsələ teleradio işçiləri arasında Azərbaycan dili qaydalarının, ümumiyyətlə Azərbaycan dilinin dərindən öyrənilməsinə bir impuls verəcək. Bu yaradıcı və çox çevik, modern işləyən ictimai struktur olacaq. Əlbəttə çox yaxşı olardı ki, bizimdə televiziya və radio işçilərimiz gözəl verilişlər hazırlasınlar, tamaşaçıların və radio dinləyicilərinin zövqünü oxşasınlar və bütün bunları gözəl bir dildə etsinlər. Bu sərəncam ondan irəli gəlir ki, indiyə qədər bunlar lazımi səviyyədə olmayıb. Çünki bizdə televiziyada peşəkarlıq getdikcə aşağı düşür, dilə qarşı məsuliyyətsiz münasibət yaranıb və buda belə bir həyəcan təbilinin çalınmasına gətirib çıxarırdı. Bütün hallarda hesab edirəm ki, bu sərəncam Azərbaycan ədəbi dilinin təkcə teleradioda deyil, bütövlükdə dil problemlərinin həlli baxımından dilin xüsusəndə indi virtual məkanda, sosial şəbəkələrdə işlənməsi ilə bağlı da ciddi qayğılarımız var. Həmin o probelmlərində həllinə bu sərəncamdan irəli gələn vəzifələrin vicdanla, dürüst şəkildə gerçəkləşdirilməsinə çox kömək edəcək” –deyə Q.Məhərrəmli vurğulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Araz İsmayılov


Teqlər:  





Xəbər lenti