“AzerGold”un sədri Qananın ölkəmizdəki yeni səfiri ilə görüşüb
Görüşün davamında Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması istiqamətində görülən işlər haqqında bəhs edib. Yarandığı dövrdən etibarən qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq edildiyi “AzerGold” QSC-nin beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən Z.İbrahimov fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib.
Səfir Oheneba Lesli Akua Akyaa Opoku-Vare dağ-mədən sənayesinin Qana iqtisadiyyatının lokomotivi olduğunu, ölkəsinin zəngin qızıl, almaz, dəmir filizi, manqan, xromit, neft-qaz, eləcə də hidroenerji resurslarına malik olduğunu bildirib. Xanım səfir ölkəsinin əsas ixrac məhsullarından olan qızıl resurslarının istismarı istiqamətində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Z.İbrahimov Qananın dağ-mədən sektoru ilə bağlı müəyyən məlumatların araşdırıldığını qeyd edərək, potensial əməkdaşlıq prespektivləri, təcrübə mübadiləsi, mədənlərə qarşılıqlı səfərlər, investisiya qoyuluşlarının cəlb edilməsi məsələləri haqqında ətraflı bəhs edib. Qızıl mədənləri üzrə dövlət büdcəsindən asılılığını tam olaraq aradan qaldıran dövlət şirkətinin yeni və faydalı təşəbbüslərə, o cümlədən təcrübə mübadiləsinə açıq olduğu diqqətə çatdırılıb. Bu xüsusda dağ-mədən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə əməkdaşlıq perspektivlərinin tərəflər arasında dəyərləndirilməsinin mümkünlüyü qeyd edilib.
Daha sonra leqal mədənçiliyinin təşviqi, ətraf mühitin mühafizəsi, sağlamlıq və əməyin təhlükəsizliyi, eləcə də digər qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
AzVision.az