Xocalını unutmadıq, unutmayacağıq!

   Xocalını unutmadıq, unutmayacağıq!
  25 Fevral 2023    Oxunub:1106
Azər Əsgərov

…Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib: onlardan 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i ahıl yaşlıdır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Müxtəlif yaşlarda olan 1000 nəfər mülki şəxs aldığı güllə yaraları nəticəsində əlil olub. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.
Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən Azərbaycan xalqına, ölkəmizin dinc vətəndaşlarına qarşı törədilmiş bu antibəşəri cinayətin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik…

Bəşər tarixinin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli cinayətləri sırasına daxil olan Xocalı soyqırımına məhz 1988-ci ildən Qarabağda cərəyan edən hadisələrin səbəb olduğu indi hamıya, bütün beynəlxalq ictimaiyyətə tam aydındır. Erməni millətçilərinin XIX əsrin sonlarından başlayaraq sərsəm “dənizdən dənizə Ermənistan” ideyasını həyata keçirmək istəyi yüzlərlə kəndin, şəhərlərin dağıdılıb viran edilməsi, on minlərlə günahsız insanın qətlə yetirilməsi, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması ilə yanaşı, çoxlu sayda erməni gəncin də ölümü, erməni ailələrinin faciəsi ilə nəticələnib…

Erməni millətçilərinin puça çıxan istilaçılıq niyyəti, işğalçılıq siyasəti bu gün də bölgəmizi gərginlikdə saxlayır, qan tökülməsinə gətirib çıxarır. Revanşistlər yenidən baş qaldırırlar! Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyən ölkələrin himayəsindən istifadə edərək, onlar bütün beynəlxalq normalara, hətta, sadə məntiqə zidd olaraq, tarix boyu dəfələrlə baş verdiyi kimi, cinayətlər və vəhşiliklər törətmək niyyətlərini nümayiş etdirirlər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və dövləti 44 günlük müharibədə qazanılan qələbə ilə sübuta yetirdi ki, erməni faşizmi heç vaxt öz xülyasını gerçəkləşdirə bilməyəcək. Dəmir yumruq hər zaman onların başı üzərində olacaq! Xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımına görə məsuliyyət daşıyan erməni millətçiləri isə mütləq cəzalarını alacaqlar.

Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarına sülh və ədalət qayıdıb. Üçüncü ildir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini biz qalib xalq kimi yad edirik.

26 fevral hər bir azərbaycanlı üçün kədərli tarixdir. Xocalı soyqırımı qurbanlarının xatirəsi tarixi yaddaşımızdır və xalqımızın, Vətənimizin qorunması uğrunda mübarizədə bizə hər zaman güc verəcəkdir.


Teqlər: Xocalı  





Xəbər lenti