Xocalı və Xarkov dərsləri – Ukraynadan baxış

// Dünya bu iki tarixi unutmamalıdır...

   Xocalı və Xarkov dərsləri –    Ukraynadan baxış
  26 Fevral 2023    Oxunub:2137
Vladimir Nikolayeviç Babayev
A.M.Beketov adına Xarkov Milli Şəhər Təsərrüfatı Universitetinin rektoru, dövlət idarəçiliyi üzrə elmlər doktoru, professor, Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, Ukraynanın Əməkdar inşaatçısı, Memarlıq üzrə Dövlət Mükafatı laureatı, Elm və Texnologiya üzrə Ukrayna Dövlət Mükafatı laureatı, Xarkov şəhərinin fəxri vətəndaşı

İki tarix – 24 fevral 2022 və 25 fevral 1992-ci illər. Ukraynalılar və azərbaycanlılar bu günlər baş verənləri həmişəlik unutmaq istərdilər! Amma bu faciələrin dərsləri, beynəlxalq ictimaiyyət tərəfindən soyqırım, digər dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirilməsi gələcəkdə bəşəriyyətə qarşı bu cür əməllərin təkrarlanmaması üçün mühüm şərtdir.
1992-ci il fevralın 25-də Xocalı faciəsi dinc əhalinin kütləvi şəkildə məhvi, amansız qırğınlar, uşaqların və qocaların qətli, Xocalı şəhəri sakinlərinə kütləvi divan tutulması ilə yadda qalıb. Tarixə Xocalı soyqırımı kimi düşmüş bu qanlı qətliam minlərlə azərbaycanlının həyatına son qoydu, taleyini məhv etdi.

2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan işğal altında olan ərazilərini geri qaytardı. Ukrayna 2014-cü ildən öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparır! 2022-ci il fevralın 24-də bizə 3 gün vaxt verildi. Amma bir ildir ki, dözürük və gələcəyimiz üçün mübarizəmizi davam etdiririk!

2022-ci ilin əvvəlində ukraynalıların öz planları var idi, şəhərlər çiçəklənirdi. Amma havada bir gərginlik vardı. Bununla belə, Rusiyanın qəsbkar, qəddar “azad” xüsusi hərbi əməliyyata başlayacağına inanmaq çətin idi.

Tələbə paytaxtı Xarkovda həmişə olduğu kimi gənclər çoxdur. Onlar sadəcə yaşayıb-yaratmaq, sevmək iatəyirlər!
Müharibənin ilk dəqiqələrindən şəhərin atəşə tutulması, mərkəzi küçələrdə peyda olan düşmən texnikası, bombardmanlar, göz yaşları, qanlar arzular, planlarla dolu həyatları alıb aparır, məhv edir!

Xarkov vilayətinin bir hissəsi işğal altındadır. Şimali Saltovka qorxu filmini xatırladır. Mərkəzi parkları, rayon icra hakimiyyətinin binasını, sənaye və mühüm infrastruktur obyektlərini, yaşayış massivlərini, universitetləri düşmən amansızcasına, əxlaqsızcasına dağıdır. O bizi sındırmaq və qorxutmaq istəyir. Amma bu, işə yaramadı! Xarkov bunlara dözür! 2022-ci ilin payızında Xarkov vilayətində əksər yaşayış məntəqələri işğaldan azad edildi. Bütün dünya Rusiya hərbçilərinin işğal olunmuş ərazilərdə törətdiyi cinayət və vəhşiliklərdən diksindi.

Azərbaycanlılar Ukraynaya kömək edirlər, necə ki, ukraynalılar vaxtilə Azərbaycanı öz müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəkləyiblər. Azərbaycan xalqının qoşulduğu beynəlxalq dəstək və humanitar yardım son dərəcə vacibdir. Azərbaycan Prezidentinin çətin dövrdə Ukraynanın yanacaqla təmin olunması istiqamətində atdığı əməli addımlar bizə dözüm və mübarizəyə davam etmək imkan verdi. Onun prezidentimiz Vladimir Zelenskiyə “Ukrayna üçün ən vacibi torpaqlarınızın işğalına dözməməkdir” tövsiyəsi iki xalq arasında, xüsusən də dramatik, taleyüklü dövrlərdə qarşılıqlı dəstək və əməkdaşlıq praktikasının təzahürüdür.

A.N. Beketov adına Xarkov Milli Şəhər İqtisadiyyatı Universiteti hərbi təcavüzün başlamasından bəri işini bir an da dayandırmayıb! Yara alsa da, əzab çəksə də, şəhərin bərpasında nəzəri təhsili təcrübə ilə birləşdirən mütəxəssislər hazırlamağa bu gün də davam edir. Müharibə başlayandan universitetin infrastrukturuna 15 raket zərbəsi dəyib. Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov universitetə hərbi təcavüzün nəticələrinin aradan qaldırılması, fasiləsiz işini davam etdirməsi və tədris prosesinin təmin edilməsi üçüb davamlı dəstək verir.

Biz işimizə davam edirik. Hər kəs öz cəbhəsində döyüşərək qələbəni yaxınlaşdırır.
Sizin köməyiniz dostlarımız və tərəfdaşlarımızla birlikdə bütün çətinlikləri dəf edəcəyimizə, qalib gələcəyimizə və Ukraynanı yenidən quracağımıza zəmanət verir.

Fevralın 26-da Azərbaycan xalqı ilə birlikdə Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edirik. Dünya gələcəkdə baş verə biləcək cinayətlərin qarşısını almaq üçün bunu xatırlamalı və nəticə çıxarmalıdır.

Hazırladı: Nadir Quliyev


Teqlər: Xocalı  





Xəbər lenti