Azərbaycanda 9 balıq növünün nəsli kəsilir

Azərbaycanda 9 balıq növünün nəsli kəsilir
  21 May 2014    Oxunub:22339
Azərbaycan sularında 9 balıq növünün ehtiyatları kəskin şəkildə azalıb, onlar artıq nəsli tükənmək üzrədir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun "İxtiologiya" laboratoriyasının böyük elmi işçisi Namiq Mustafayevin sözlərinə görə, bu, Azərbaycanın ərazi sularında aparılan tədqiqatlar nəticəsində məlum olub.

Azərbaycanın "Qırmızı kitab"ının II nəşrinə daxil edilmiş balıqların 7-si Xəzərin Azərbaycan sektorunda yaşayır. Bu balıqlar Zərdəpər, (Barbus capito (Güldenstaedt, 1773) - Усач-чанари - Barbel), Xəzər qızılbalığı (kumja) - Salmo trutta caspius Kessler, 1870 - Каспийская кумжа (лосось) - Caspian Salmon (Bulltrout), Dəniz sıfı (Sander marinus (Cuvier, 1828) - Морской судак - Sea Sander), Qılıncbalıq (Pelecus cultratus (Linnaeus, 1758) - Чехонь - Sabrefish), Xəzər şirbiti (Barbus brachycephalus Kessler, 1877 - Каспийский усач - Caspian barbell), Poru ( Abramis sapa (Pallas, 1814) - Южнокаспийская белоглазка - White-eye) və Qaya balığıdır (Acipenser nudiventris Lovetsky, 1828 - Шип - Ship sturgeon).

Bununla yanaşı, Azərbaycanın şirin sularında Qızılxallı (Salmo trutta fario Linneus, 1758 - Речной форель - Rainbow trout) və Şirvan külməsinin (Rutilus atropatenus Derjavin, 1937 - Ширванская плотва - Shirvan roach) də ehtiyatları kəskin şəkildə azalıb.

Hazırda bu balıqlara çox nadir hallarda rast gəlindiyini deyən N.Mustafayev bildirib ki, həmin balıqların ehtiyatlarının kəskin şəkildə azalmasının əsas səbəblərindən biri onların çayda kürü tökmə imkanlarının olmamasıdır.
Alim qeyd edib ki, Xəzər dənizindəki əksər balıqlar kürülərini çaylarda tökürlər. Ancaq çaylar üzərində su anbarlarının inşası balıqların bu imkanını xeyli azaldıb. Artıq balıqların Xəzərə tökülən çayların 90 faizinə girmək imkanı yoxdur. Həmin balıqlar o çaylara girsələr belə, bir neçə km-dən sonra çayın yuxarı hissələrinə gedə bilmirlər: "O balıqlar çayın yuxarı hissələrinə qalxmalıdırlar. Çünki onların kürülərinin inkişafı üçün suda olan oksigenin miqdarının çox olması lazımdır. Çayların da ən çox yuxarı hissələrində oksigen bol olur".

N.Mustafayev bildirib ki, Xəzərin Azərbaycan sektorunda nərəkimilərin azalmasına onların yem bazasının azalması, qanunsuz balıq ovu da da təsir göstərib.

Alim balıqların ehtiyatlarının azalmasında Xəzər dənizinin neftlə çirklənməsinin də rol oynadığını söyləyib.

O, qeyd edib ki, Dəniz sıfı balığı Xəzər dənizində - Bakı şəhəri yaxınlığında dənizin dibində yaşayır və kürü tökür. Amma neftlə çirklənmə nəticəsində yaranan tullantılar dənizin dibinə çökdüyündən Dəniz sıfı balıqları kürü tökə bilməyərək oradan uzaqlaşıblar. Buna görə də həmin balıqların ehtiyatları kəskin şəkildə azalıb.

N.Mustafayev əlavə edib ki, ehtiyatları kəskin şəkildə azalan balıqların kürü tökmə imkanlarının artırılması üçün müvafiq qurumlara təkliflər də veriblər. Təkliflərdə qeyd edilir ki, çayların üzərindəki su anbarlarının bir hissəsində qapı qoyulsun: "Bəzi çayların üzərində 1970-1980-ci illərdə tikilmiş su anbarları artıq su anbarı kimi fəaliyyət göstərmir, çünki onlar tamamilə dolublar. Həmin su anbarlarında rekonstruksiya işləri aparmaq, onların bir hissəsində həm lili təmizləmək, həm də balıqların keçməsi üçün qapılar qoymaq olar" (Trend).


Teqlər:





Xəbər lenti