“Güney Azərbaycan Hərəkatında qadınların rolu” adlı dəyirmi masa təşkil edilib

“Güney Azərbaycan Hərəkatında qadınların rolu” adlı dəyirmi masa təşkil edilib
  11 Mart 2023    Oxunub:1600
Türk Ağsaqqalları Birliyinin (TAİB) mərkəzi ofisində “Güney Azərbaycan Hərəkatında qadınların rolu” adlı dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini Eyvaz Hünbətov bildirib ki, Güney Azərbaycan gündəmdə olan bir mövzudur. Onun fikrincə, bu mövzu təkcə Azərbaycanın deyil, eləcə də dünya azərbaycanlılarının və türk dünyasının da probleminə çevrilib. Eyvaz Hünbətov, həmçinin Prezident İlham Əliyevin bir neçə dəfə Cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajlar verdiyini deyib.

“Hamımız bilirik ki, Güney Azərbaycanda insanların hüquqları pozulur. Orada-tarixi torpaqlarında yaşayan qədim türklər öz doğma dillərində danışa və yaza bilmirlər. Üstəlik fars şovinizminin Azərbaycana qarşı olan təzyiq və təhdidləri də birmənalı olaraq İranın düşmən mövqeyini ortaya qoyur. Azərbaycan qadınları cəsarətli ruhları ilə mübarizələrindən əl çəkməyərək bütöv Azərbaycan naminə bu gün də meydandadırlar. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın nümunəvi, əhatəli fəaliyyəti örnək olaraq bütün Azərbaycan xanımlarına güc verir. Güneydən gələn səsə Quzeydən minlərlə səs verən insanların birliyi bir gün mütləq Azərbaycanı bütövləşdirəcək. “Dəmir yumruq” hələ yerindədir”, - E.Hünbətov vurğulayıb.

Tədbirdə qonaq qismində iştirak edən, İsveçdə yaşayan tanınmış şairə, 30-dan çox kitabın müəllifi, jurnalist Eluca Atalı öz çıxışında qeyd edib ki, Azərbaycan qadını təkcə Güney Azərbaycan hərəkatında deyil, bütün işlərdə fəal və mübarizdirlər: “İsveçdə 16 ildir yaşayıram. Bu günə kimi 30-dan çox kitab yazmışam, kitablarım daha çox fəlsəfi, bədii, miniatür janrındadır, lakin müxtəlif janrlarda da yazıram. Əsas məqsədim uşaqlara, insanlara, dünyaya kamilliyi, insanlığı təbliğ etməkdir. Mən özümü daha çox Bütöv Azərbaycan yazarı olaraq görürəm. Ona görə ki, Azərbaycanın problemi ikiyə bölünəndən sonra başlayıb. Bu yaxınlarda “İran Hizbullah zindanında” adlı kitabımın təqdimatı keçirildi. Bu kitabda İranda islam inqilabının baş vermə səbəbləri, inqilabın İran cəmiyyətinə və bəşəriyyətə gətirdiyi fəlakəti yüksək bədii keyfiyyətlərlə təsvir etmişəm. Eyni zamanda, milli, taleyüklü dərdimiz olan Güney Azərbaycan mövzusu da əsərin mərkəzində durur. Bu gün Güney Azərbaycan şovinist farsların əlindədir. Xaricdə yaşayan bütün azərbaycanlıların ürəyi İranda əzilən insanlarımızın ürəyi ilə bir döyünür. Biz, Azərbaycan qadınları hər zaman olduğu kimi, yenə də, bu hərəkatın iştirakçısı olaraq, Azərbaycan həqiqətlərini və türk xalqlarının həqiqətlərini israrla dünyaya çatdırmaqda davam edəcəyik”.

Daha sonra çıxış edənlər, TAİB-in Qadınlar Şurasının üzvləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya elmləri doktoru Xuraman Hümbətova, şairə Sara Göyçəli, Gənclər Təşkilatının sədr müavini Qadir Quliyev, İdarə Heyətinin üzvləri Nüsrət Paşayev, Zaməddin Həmişəyev, Elnur Eltürk, Şərafət Şəfa, hərbi ekspert Natiq Əlisoy da öz çıxışlarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nümunəvi fəaliyyətindən danışaraq, dövlətin qadın siyasətinin uğurlu davam etməsinin bəhrəsi olaraq qadınlarımızın hər sahədə geniş fəaliyyətindən, böyük arenalarda və meydan hərəkatındakı rolundan bəhs ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan qadını əxlaqı, zəkası, mədəniyyəti ilə dünya qadınlarına nümunədir. Qırx dörd günlük Vətən müharibəsində şəhid, qazi olanların analarının mətinliyi bunun bariz nümunəsidir.

Tədbir ərəfəsində Eluca Atalıya TAİB-in bayrağı hədiyyə olunub. Yazar xanım da öz növbəsində təşkilatın kitabxanasına öz kitablarını hədiyyə edib.
AzVision.az



Teqlər: Güney-Azərbaycan  





Xəbər lenti