Vətəndaşların 80 faizindən çoxu ölkənin iqtisadi vəziyyətini qiymətləndirib - SORĞU

   Vətəndaşların 80 faizindən çoxu ölkənin iqtisadi vəziyyətini qiymətləndirib -    SORĞU
  13 Mart 2023    Oxunub:1061
Sosial Tədqiqatlar Mərkəzi cari ilin əvvəlindən etibarən keçirilən aylıq sorğular əsasında vətəndaşların özünün, eləcə də ölkənin iqtisadi vəziyyəti barədə rəylərini öyrənib, həmçinin yaxın gələcəklə bağlı iqtisadi proqnozlarını dəyərləndirib.
Sosial Tədqiqatlar Mərkəzindən AzVision.az -a verilən xəbərə görə, sorğular cari il üzrə hər ayın 25-28-ci təqvim günləri ərzində icra olunub. Sorğuda 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib.

Cari ilin yanvar və fevral ayları üzrə keçirilən rəy sorğularında insanların iqtisadi vəziyyətlərini subyektiv dəyərləndirməsi istənilib. Fevral ayı üzrə sorğunun nəticələrinə əsasən, iştirakçıların 12.5%-i iqtisadi vəziyyətini “yaxşı”, 58.9%-i “orta”, 28.4%-i “pis” kimi xarakterizə edib. Ölkənin iqtisadi vəziyyətinə münasibətdə, iştirakçıların 33.9%-i “yaxşı,” 46.9%-i “orta”, 15.6%-i “pis” cavabını qeyd edib. Onların 3.6%-i cavab verməkdə çətinlik çəkib.

Başqa sözlə, nəticələr insanların əsas hissəsinin fərdi iqtisadi durumlarını “orta” səviyyədə dəyərləndirdiyi halda, ümumilikdə ölkənin iqtisadi vəziyyəti ilə bağlı əsasən “yaxşı” və “orta” mövqeyində olduğunu göstərir.

Sorğunun nəticələrinə əsasən, insanların əksəriyyəti yaxın gələcəkdə özlərinin və ölkənin iqtisadi vəziyyətinin müsbətə doğru dəyişəcəyi mövqeyindədir.

İştirakçıların 57.3%-i yaxın gələcəkdə iqtisadi vəziyyətinin müsbətə doğru dəyişəcəyini, 13.5%-i dəyişməyəcəyini, 13.8%-i mənfiyə doğru dəyişəcəyini güman edir. Onların 15.4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Ölkənin iqtisadi vəziyyətinə gəlincə, iştirakçıların 69.5%-i müsbətə doğru dəyişəcəyini, 9.6%-i dəyişməyəcəyini, 8.9%-i mənfiyə doğru dəyişəcəyini proqnozlaşdırır. İştirakçıların 12.0%-i cavab verməkdə çətinlik çəkib.

Nəticələrin əvvəlki ay (yanvar) ilə müqayisəsi insanların özlərinin və ölkənin iqtisadi vəziyyətini dəyərləndirmələrində statistik əhəmiyyətli olmayan nisbi fərqləri göstərib. Özlərinin və ölkənin yaxın gələcəkdəki iqtisadi vəziyyəti barədə proqnozlarda isə, fikir bildirməkdə çətinlik çəkənlərin sayında artım qeydə alınıb.

Nəticələr kişilərin qadınlarla müqayisədə həm özlərinin, həm ölkənin cari iqtisadi vəziyyəti ilə bağlı müsbət mövqedə olduğunu göstərir. Belə ki, kişi iştirakçıların 15%-i, qadın iştirakçıların 10%-i iqtisadi vəziyyətlərini “yaxşı” qiymətləndirdiyi halda, ölkənin iqtisadi vəziyyəti ilə bağlı onların analoji mövqeləri 44% və 24% təşkil edib. Qadınların əksəriyyəti ölkənin iqtisadi vəziyyətini “orta” səviyyədə qiymətləndirərkən, kişilərin əsas hissəsi ümumi iqtisadi vəziyyətin “yaxşı” olduğu mövqeyindədir.

Hər iki ay üzrə nəticələrə əsasən, orta yaş qrupunda olanların mövqeyində aşağı və yuxarı yaş qrupları ilə müqayisədə özlərinin, eləcə də ümumilikdə ölkənin iqtisadi vəziyyəti ilə bağlı nisbətən mənfi tendensiya müşahidə edilib. Bənzər təsbit özünün və ölkənin yaxın gələcəkdəki iqtisadi vəziyyəti ilə bağlı proqnozlar üçün də keçərlidir.

Nəticələrə əsasən, iştirakçıların öz iqtisadi vəziyyətlərini dəyərləndirməsində onların təhsil səviyyələrinə görə fərq qeydə alınarkən, ölkənin iqtisadi vəziyyəti ilə bağlı təqribən eyni mövqedə olduqları görünür. Ali təhsilə malik iştirakçılar orta təhsillilər ilə müqayisədə iqtisadi vəziyyətlərini müsbət dəyərləndiriblər.

İştirakçıların təhsil səviyyələrindən asılı olmayaraq, onların əksəriyyəti özlərinin və ölkənin iqtisadi vəziyyətinin yaxın gələcəkdə müsbətə doğru dəyişəcəyi mövqeyini bölüşüb.

İşləyən əhali qrupunun əksər hissəsi hazırkı iqtisadi vəziyyətini “orta” səviyyədə dəyərləndirib. Həmçinin dövlət sektorunda çalışanların 18%-i, qeyri-dövlət sektorunda çalışanların 11%-i iqtisadi vəziyyətini “yaxşı” kimi qiymətləndirib. Analoji mövqe ölkənin iqtisadi vəziyyəti ilə bağlı 40% və 32% təşkil edib. İşsiz olduğunu bildirənlər arasında öz iqtisadi vəziyyətini “yaxşı” olaraq dəyərləndirənlər cəmi 3% təşkil edərkən, ölkənin iqtisadi vəziyyətinə münasibətdə bu göstərici 33%-ə bərabər olub.

Nəticələrə əsasən, məşğulluq vəziyyəti üzrə bütün qrupların əksəriyyəti özlərinin, eləcə də ölkənin iqtisadi vəziyyətinin müsbətə doğru dəyişəcəyi mövqeyindədir.

Nəticələr iştirakçıların gəlir qruplarından asılı olmayaraq, əksəriyyətinin iqtisadi durumlarını “orta” səviyyədə dəyərləndirdiyini göstərir. Orta aylıq gəliri minimum əmək haqqına bərabər olanların 10%-i, 601-900 manat intervalında olanların 20%-i, 1200 manatdan yuxarı olanların 22%-i iqtisadi vəziyyətini “yaxşı” olaraq dəyərləndirib. Həmçinin aşağı gəlir qrupunda olanların 28%-i, gəlirləri 601-900 manat intervalında olanların 9%-i iqtisadi vəziyyətini “pis” kimi qiymətləndirib. Orta aylıq gəliri 1200 manatdan yuxarı olanlar arasında iqtisadi vəziyyətini “pis” kimi xarakterizə edən olmayıb.

Aşağı gəlir qrupunda olanların 58%-i, orta aylıq gəliri 601-900 manat intervalında olanların 64%-i, 1200 manatdan yuxarı gəlirə malik olanların 78%-i yaxın gələcəkdə öz iqtisadi durumlarının müsbətə doğru dəyişəcəyini proqnozlaşdırır.

Kənd ərazi vahidlərində yaşayanlar arasında özünün, eləcə də ölkənin iqtisadi vəziyyətini müsbət qiymətləndirənlər şəhərdə məskunlaşanlarla müqayisədə üstünlük təşkil edir. Kəndlərdə yaşayan iştirakçıların 44%-i, qəsəbələrdə məskunlaşanların 34%-i, şəhərdə yaşayanların 31%-i ölkənin iqtisadi vəziyyətini “yaxşı” olaraq dəyərləndirib.

Özünün, eləcə də ölkənin gələcək iqtisadi vəziyyəti ilə bağlı yaşayış məntəqəsinin növü üzrə fərq qeydə alınmadan, iştirakçıların əksəriyyəti müsbətə doğru dəyişəcəyi mövqeyini bölüşüb.

Nəticələrin təhlilinə əsasən, özünün iqtisadi durumunu “yaxşı” olaraq dəyərləndirənlərin 70%-i ölkənin iqtisadi vəziyyətini də “yaxşı” kimi xarakterizə edib. Onların 79%-i həm özünün, həm də ölkənin iqtisadi vəziyyətinin yaxın gələcəkdə müsbətə doğru dəyişəcəyi mövqeyindədir.

Özünün iqtisadi vəziyyətini “pis” kimi qiymətləndirən hər üç nəfərdən biri ölkənin iqtisadi vəziyyətini də “pis” olaraq dəyərləndirib. Bu mövqedə olanların 21%-i özünün, 11%-i ölkənin iqtisadi vəziyyətinin yaxın gələcəkdə mənfiyə doğru dəyişəcəyini güman etdiyini bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti