Çörəyin qiyməti niyə ucuzlaşdı? -ŞƏRH

   Çörəyin qiyməti niyə ucuzlaşdı?  -ŞƏRH
  15 Mart 2023    Oxunub:3278
Azərbaycanda martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşüb. Eyni zamanda un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35,5 manat – 37,2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat – 41,5 manat təşkil edirdi. Un və çörəyinin qiymətinin bahalşması əvvəl geosiyasi proseslərlə izah olunurdu.
Bəs indi çörəyin ucuzlaşmasına təsir edən amil nədir?

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov AzVision.az -a un və çörəyin ucuzlaşmasının səbəblərini izah edib. O bildirib ki, ucuzlaşma hazırda buğda ixrac edən ölkələrdə qiymətlərdəki azalmalarla bağlıdır:

“Rusiya-Ukrayna müharibəsindən sonra buğdanın dünya bazarı qiymətlərində artımlar müşahidə olundu. Lakin Türkiyənin dəstəyi ilə taxıl dəhlizinin açılmasından sonra buğdanın qiymətinin optimallaşdırılması və aşağı düşməsini müşahidə etdik. Bu, dünya bazarında buğdanın qiymətinin dəyişməsi ilə bağlıdır. Hazırda dünya bazarına çıxarılan buğdanın həcmində artımlar var. Bu da nəticə etibarilə Azərbaycanın idxal etdiyi buğdanın xərcinə birbaşa təsir göstərir".

Deputat vurğulayıb ki, buğda istehlakında xarici idxalın payının azaldılması üçün yerli istehsalın genişləndirilməsi çox vacibdir: "Nəzərə almaq lazımdır ki, Azərbaycan ənənəvi olaraq çörək və un məmulatları istehlak edən ölkədir. Buğdanın qiymətinin optimallaşdırılması və qiymətinin azaldılması Azərbaycan üçün vacibdir. Bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var ki, Azərbaycanda buğdanın və çörəyin qiymətinin optimallaşdırılması mümkün olsun", - deyə V.Bayramov qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Un   Çörək   Qiymət  





Xəbər lenti