İranın zəhərli dişi qırılacaq – Elməddin Behbudun yazısı

// Azərbaycana qarşı aqressiya molla rejiminin sonunu yaxınlaşdırır

      İranın zəhərli dişi qırılacaq    – Elməddin Behbudun yazısı
  24 Mart 2023    Oxunub:6493
Hazırki İran Respublikası ötən 210 ilədək eyni coğrafiya və taleyi bölüşdüyümüz, minillər boyu türklərin bütün sahələrdə dominant mövqelərə sahib olduğu çoxmillətli dövlətdir. XX əsrin əvvələrindən etibarən dövlətin sükanının qeyri-türklərin əlinə keçməsi və panfarsçılığın hakim ideologiyaya çevrilməsi nəinki İran, bütövlükdə dünya türklərinin bu dövlətin hədəfinə alınmasına səbəb oldu.
Pəhləvilərin türkləri assimilyasiya etmək siyasəti 54 il sonra süquta uğradı. Yeni hakimiyyət 1979-cu ildən etibarən "islam" adını, din anlayışını maskaya çevirib, bərk-bərk sarılsa da, rəsmi Tehranın təbliğat ruporları "azəri dili", "azəri milləti", "farslardan dönmə" və s. mürtəce tezislərlə ölkənin iki ana milli ünsüründən biri olan türklərin assimilyasiyası istiqamətində fəaliyyətini dayandırmadı.

Ötən 100 ildə sekulyar Pəhləvi hökumətinin yerini "islamçı" iqtidar alsa da hələ də azərbaycanlıların milli hüquqları İranda bərpa olunmayıb. İran türkləri ölkə əhalisinin sayca yarıya qədərini təşkil etmələrinə baxmayaraq, hələ də milli kimliyin nüvəsini təşkil edən ana dilində təhsil hüququna malik deyillər.

Qarabağ münaqişəsi - Ermənistanın Azərbaycana hərbi təcavüzü başlanan müddətdən indiyədək İran ikili siyasət aparır. Dövlətimizin müstəqilliyini bərpa etdiyi ilk illərdə həm zəif Azərbaycanla "müsəlman həmrəyliyi" nümayiş etdirir, azərbaycanlı məcburi köçkünlərə yardımlar edir, həm də Ermənistana iqtisadi və hərbi sahədə dəstək verirdi. İran eyni zamanda 30 ilə yaxın müddətdə işğalda qalan ərazilərimizin ermənilərlə birgə bütün sahələr üzrə müştərək istismarını həyata keçirib.

Azərbaycan 26 il sonra ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi əməliyyata başladıqdan sonra isə İranın panfarsist siyasəti daha açıq və qabarıq cizgilərlə özünü göstərməyə başladı. Şuşaya Azərbaycan bayrağının asılmasından, Vətən müharibəsindəki qələbəmizdən sonra İran Azərbaycan-türk düşmənçiliyini gizli şəkildə aparmaqdan imtina etdi. Ötən 2 il yarım müddətdə İranın Azərbaycana ünvanladığı hədə, qorxu, təhdid və təhqirlərinin arası bu gün də kəsilmir. İranın bütün əsas media resurslarının informasiya siyasətində Azərbaycan dövlətinin əleyhinə davamlı olaraq iftira və böhtan xarakterli məlumatlar yayımlamaq sabit və ənənəvi xarakter daşıyır. Hamıya aydındır ki, bu coğrafiyda heç zaman dövləti olmamış, əksəriyyətinin Cənubi Qafqaza köçürülmələrinin tarixi 200 il olan ermənilərlə panfarsistləri, Ermənistan və İran hakimiyyətini yalnız türk düşmənçiliyi birləşdirir.

Tehran rejiminin ermənilərə hərtərəfli dəstək verməsi - yaralı erməni əsgərlərini reabilitasiya etməsi, Ermənistanın iqtisadiyyatına investisiya yatırması, Azərbaycan ərazisindəki separatçı, terrorçu silahlı birləşmələrə diversant, silah, yanacaq və s. göndərməsi artıq heç kimə sirr deyil.

Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən sonra İranın hədəf oxlarına daha kəskin şəkildə tuş gəlməsi, az qala hər həftə təhdid videoları ilə Azərbaycana hərbi təcavüz siqnalı verməsi rəsmi Tehranın şimalda güclü Azərbaycanı həzm edə bilmədiyini və regiondakı yeni siyasi arxitekturanın memarı olan dövlətimizin həm də Güney Azərbaycandakı soydaşlarımız üçün cazibə mərkəzinə çevrilməsindən çox narahat olduğunu göstərir.

Dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün məhdud silah bazarında öz tələblərinə cavab verən tərəfdaşlar tapmasının və onlarla qarşılıqlı əməkdaşlığının "islama zidd" olduğunu bildirən rəsmi Tehran əski Azərbaycan torpağında qurulan, marionet və təcavüzkar Ermənistanın hamisinə çevrilməyi, onun təhlükəsizliyini öz təhlükəsizliyi saymasını, az qala hər həftə onun ərazi bütövlüyünü öz ərazi bütövlüyü kimi müdafiə edəcəyini bəyan etməyi, ona hərbi yardımlar göstərməyi riyakarcasına kütləyə "islam baxışı" kimi sırımağa çalışır. Bu, müstəsna "islam həmrəyliyi" anlayışı müsəlman dünyasında demək olar ki, yalnız İrana məxsusdur.

İşğalçı Ermənistanın hərbi və mülki texnikalarını illərdir yanacaqla təmin etməklə şəhidlərimizin qanına əli batan riyakar "islamçı" İran hökumətinin Ermənistanla yanaşı dayanması yalnız qüzey Azərbaycanda yaşayan əhalinin deyil, həm də milyonlarla İran türkünün qəzəbinə səbəb olur.

Doğrudur, qüvvələr nisbəti qeyri-bərabərdir. Bunu heç kim inkar etmir. Amma İran qlobal miqyasda mövqeyi ilə hesablaşılan və müdafiə sənayesi sürətlə inkişaf edən Türkiyənin strateji müttəfiqi olan Azərbaycanla hərbi toqquşma cəhdinin onun üçün hansı nəticə ilə yekunlaşacağını yaxşı anlayır.

Burada digər bir önəmli faktor isə totalitar İran hakimiyyətinin daimi basqısı altında olmasına rəğmən quzeydəki qardaş-bacılarına və Azərbaycan dövlətinə rəğbətini gizlətməyən və bunu ikinci Qarabağ savaşında aydın göstərən milyonlarla güney azərbaycanlılardır.

Vətən müharibəsi dövründə Araz çayının kənarına toplaşaraq torpaqlarının azadlığı uğrunda igidliklə vuruşan Azərbaycan əsgərlərinə hiss və duyğularını emosional şəkildə ifadə edən yüzlərlə soydaşımızın İranın hərbi təşkilatlarının media resurslarında dövlətimizə qarşı ünvanlanan təhdid mesajlarına münasibətinin nə qədər mənfi olduğunu rəsmi Tehran bilməmiş deyil. İranın bu anti-Azərbaycan siyasətini hərbi toqquşma səviyyəsinə çatdıracağı halda öz daxilində bir daha bərpa edə bilməyəcəyi bölünməyə səbəb olacağını proqnozlaşdırması o qədər də çətin olmamalıdır.

Azərbaycanı Vətən müharibəsindən sonra yarımçıq qalmış bəzi işlərdən, o cümlədən suverenliyimizin bütün ərazilərimizdə bərpası üçün məcburi hərbi əməliyyatlardan çəkindirmək üçün İranın müştərək sərhədimiz boyunca qoşun toplaması, davamlı hərbi təlimlər keçirməsi də yalnız minlərlə müsəlman mülki azərbaycanlını qətlə yetirən Ermənistanı qorumaq üçün panfarsist Tehran rejiminin içindəki türk nifrətinin və hirsin nəticəsidir.

Hər ziyanda bir xeyir olduğu kimi İranın Azərbaycana qarşı hərbi-siyasi ritorikasının da hazırki nəticəsi budur ki, rəsmi Tehranın aqressiyası artdıqca quzey və güneydəki azərbaycanlıların da İran hakimiyyətinə nifrəti yüksəlir, cənub qonşumuzun riyakarlıq maskası cırılaraq, parça-parça olub yerə səpələnir.

Üfüqdə ən geci 2025-ci ildən sonra daha güclü və ərazilərində suverenliyini tamlıqla təmin etmiş Azərbaycan Respublikası var. Buna görə də İran istəsə də-istəməsə də daha güclü şimal qonşusu ilə qarşılıqlı hörmətə əsaslanan münasibət qurmağa çalışmalıdır. Azərbaycan kimi bütün qonşuları ilə münasibətlərdə dinc, mehriban və beynəlxalq hüquq normalarına uyğun siyasi xətti rəhbər tutan dövlətlə İranın da nəhayət ki, adekvat şəkildə davranmağa başlaması ilk növbədə öz xeyrinə olardı. Əks halda hazırkı siyasəti ilə Azərbaycanın bütövləşməyə doğru gedən yolunu daha da açmış olacaq.



Teqlər: İran  





Xəbər lenti