“Rusiyanın Qarabağdakı hadisələrə qarışmaq imkanları azalır” - Qriqori Trofimçuk (Müsahibə)

   “Rusiyanın Qarabağdakı hadisələrə qarışmaq imkanları azalır” -    Qriqori Trofimçuk (Müsahibə)
  27 Mart 2023    Oxunub:6447
“Hələlik hadisələr Bakının maraqlarına, planlarına uyğun inkişaf edir. Azərbaycan hətta fors-major halları belə öz xeyrinə çevirə bilir. Amma bu işin faciə ilə bitəcəyini, yəni Qarabağ düyününün kəskin fəsadlar verə biləcəyini də istisna etmək olmaz”.
Bu sözləri AzVision.az -a müsahibəsində rusiyalı ekspert, “Avrasiya İdeyaları Emalatxanası” elmi tədqiqatlara dəstək fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk deyib. O, bir sıra başqa maraqlı fikirlər də səsləndirib.

- Kənardan elə görünür ki, Qarabağdakı Rusiya sülhməramlı kontingenti ilə Azərbaycanın rəsmi qurumları arasında fikir ayrılığı güclənir. Bəs reallıq necədir?
- Bakı ilə heç bir rəsmi fikir ayrılığı yoxdur, sadəcə Moskva artıq bir çox məsələdə təkid edə bilmədiyindən, “təki müharibə olmasın” prinsipi ilə reallığa uyğun hərəkət edir. İstənilən müşahidəçiyə aydındır ki, Bakı öz məqsədlərinə savadlı şəkildə nail olur: Moskva ilə münasibətləri gərginləşdirmədən münasib məqamı gözləyir. Bununla yanaşı, hər bir narazılığını açıq şəkildə vurğulayır ki, tərəflərdən heç biri sonda onun öz məqsədinə - o cümlədən yollara və dəhlizlərə ciddi nəzarətə nail olacağına şübhə etməsin.

Eyni şey müqavilə “beşilliyinin” sonuncu ili və dünyada baş verəcək hadisələrdən asılı olan həlledici 2025-ci ilə də aiddir. Hələlik bu hadisələr Bakının maraqlarına, planlarına uyğundur. Azərbaycan prosesin gedişindən razıdır, çünki indiyədək heç nə onu poza bilməyib. Azərbaycan hətta fors-major halları belə öz xeyrinə çevirə bilir. Təbii ki, kifayət qədər mürəkkəb və həyəcanlı məqamlar var - məsələn, İranın mövqeyi, lakin bu fikir ayrılıqları hələ qəbuledilməz həddə çatmayıb.

Amma bu işin faciə ilə bitəcəyini, yəni Qarabağ düyününün kəskin fəsadlar verə biləcəyini də istisna etmək olmaz. Eləcə də Azərbaycanın yavaş-yavaş “boğazından yapışdığı” Qarabağdakı erməni silahlı birləşmələr məsələsini. Zənnimcə, Azərbaycan mediasında Rusiya tərəfi burada ənənəvi olaraq həddindən artıq “xortdanlaşdırılır”, halbuki reallıq artıq bundan uzaqdır.
80/20-dən 60/40-a: “Rusiya indi daha çox azərbaycanpərəstdir” – Sergey Markov

Nəhayət, əsas məsələ - Qarabağla bağlı aparıcı Qərb dövlətlərinin mövqeyi haqda danışmaq lazımdır. Amma son nəticədə hər şey Bakının geosiyasi məharətindən, o cümlədən, xammal axınlarının idarə olunmasından asılıdır. Geniş mənada isə regionda vəziyyət Ukrayna hadisələrindən də asılıdır və bu hamıya aydındır.

- Ermənistanın sülh müqaviləsini imzalamaqdan inadla imtina etməsi nə ilə qurtara bilər?!
- Paşinyanın 2018-ci ildən əsas məqsədi bütün Cənubi Qafqazda sabitliyi pozmaq idi. Bu mənada onun çox aydın və ardıcıl mövqeyi var. Buna parlaq şəkildə nail ola bilir. Xatırlayırsınızsa, KTMT-nin erməni baş katibini cinayətdə ittiham edərək, bu mövzunu uzun müddət “dondurdu”. Belə bir qeyri-sabitlikdə “inqilabçı” kimi özünü suda balıq kimi hiss edir. Ona görə də möhkəm və davamlı sülh mövzusunda istənilən pozulma, hər hansı gecikmə və ya əksinə, sonsuz danışıqlar məhz ona lazım olan şeydir. Hərbi toqquşmalar da onu narahat etmir, çünki erməni cəmiyyətinin “maraqları təslim etdiyinə” görə onu kənarlaşdıra bilməyəcəyi sübut olundu. "İnqilabçı" öz ampluasındadır. Hələlik onun yeganə problemi Qərbin həlledici dəstəyinə nail ola bilməməsidir, çünki Rusiya Federasiyasından uzaqlaşmaq üçün əməli addımlar atmayıb. Amma Nikol Vovayeviç KTMT-nin İrəvanda keçirilən son iclasında yekun sənədlərdən imtina edərək, nəhayət, Qərbə nəyisə nümayiş etdirə bildi. Bu isə yuxarıda qeyd etdiyimiz kimi, Bakı üçün Qarabağın suverenləşməsi təhlükəsi ilə bağlı siqnaldır: Paşinyan sanki Azərbaycanı hərbi əməliyyatların bərpasına sövq edir. Nəzərə almaq lazımdır ki, o bundan qorxmur. Bu, Rusiyaya qətiyyən lazım deyil, amma Paşinyan üçün fərqi yoxdur.

- Sizə elə gəlmirmi ki, Kreml tam həll olunmamış münaqişədən faydalanaraq, Azərbaycana təzyiq edir, Bakını öz orbitində saxlamağa və vəziyyətdən maksimum faydalanmağa çalışır?
- Rusiya-Azərbaycan münasibətlərində heç bir problem yoxdur və bu, çox gözəldir. Amma bu hələlik belədir, çünki vəziyyətin inkişafı təəssüf ki, bu sabitliyi sarsıda bilər. Azərbaycan bütün balanslar sistemindən peşəkar şəkildə istifadə edir, lakin nə vaxtsa bu kifayət etməyəcək. Arzulanan olmasa da, münasibətlərimizdə soyuqlaşma tamamilə mümkündür. Məsələn, 2013-cü ildən əvvəl olduğu kimi. Lakin hər şey vaxtında tənzimləndi. Ən əsası isə bağlarımızı qırmağa çalışan xarici qüvvələr var və onlar getdikcə çoxalırlar. Amma yüksək səviyyəli rəsmi görüşlər həqiqətən fəal keçirilir və bu özlüyündə yaxşı haldır, hətta onların çoxu formal olsa da.

Bundan əlavə, elə şeylər var ki, onlar haqqında danışmaq məqbul sayılmır, ancaq onlar mövcuddurlar, getdikcə də vəziyyət çətinləşir: bunlar Qərbin dünyanın statusunu, Rusiya Federasiyasının imicini kökündən dəyişdirmək cəhdləridir ki, Rusiyanın aparıcı tərəfdaşları buna göz yuma bilməzlər. Bu fonda Kreml, sizin dediyiniz kimi, Azərbaycana “təzyiq” edə bilməz, onun bu imkanları getdikcə azalır. Amma Azərbaycanda kiminsə bunun belə görünməsinə ehtiyacı varsa və ya hesab edirsə ki, belə olmalıdır, neyləmək olar, Azərbaycanın da öz maraqları var. Qarabağla bağlı heç nə etmək olmaz. Buna görə də, hər hansı təzyiqdən söhbət gedə bilməz. Amma Rusiyadan qopmaq Azərbaycanın özünə sərfəli deyil, çünki bu halda nəyin baş verəcəyinə heç kim zəmanət verməyəcək. Bütün keçmiş sovet məkanı son zərbə və parçalanma təhlükəsi altındadır, hansı ölkələrin salamat qalacağını hələ heç kim bilmir.

- Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşməsi, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpası Rusiya Federasiyası ilə Türkiyə arasında münasibətlərə necə təsir edə bilər?
- Türkiyənin, təbii ki, öz planları var. Ölkə Ərdoğanın dövründə siyasi cəhətdən daha da təkmilləşib və hər tərəfdən gələn böyük riskləri balanslaşdıra bilir. 2016-cı ilin yayında ABŞ Ərdoğana “xəbərdarlıq” göndərsə də, o bütün çətin vəziyyətlərdən çıxa bildi. İndi Qərb üçün hərəkət etmək xeyli asandır, çünki 2022-ci il geosiyasətdə çox şeyi dəyişib. Amma ümumilikdə Türkiyə Qərblə, o cümlədən NATO üzvlüyü ilə bağlı öhdəliklərindən kənara çıxmır, ona görə də, Ankaranın Moskva ilə oynamaq üçün kart-blanşının olduğunu güman etmək olar.
Ancaq Türkiyə özü Qərbin onun qarşısında götürdüyü öhdəliklərin bir hissəsini yerinə yetirməsini gözləyir, bu təxminən Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiqləməsinə bərabər bir şeydir. Amma ümumilikdə bütün bunlar Ərdoğan üçün, təkrar edirəm, çox təhlükəli və çətindir.

Moskva anlayır ki, Türkiyə ilə istənilən şəraitdə münasibətləri saxlamalı, hətta bəzən öz maraqlarına göz yummalıdır. Çünki Türkiyə ilə münasibətlərdə hipotetik qırılma 2015-2016-cı illər böhranından da pis ola bilər. Rusiya Federasiyası üçün elə risklər yarana bilər ki, öhdəsindən gələ bilməz. Bunu Vaşinqton da yaxşı başa düşür, ona görə də, Ankaraya və Ərdoğana başqalarından bir qədər çox imkan verir.
Türkiyə ilə münasibətlərin pozulması Rusiya Federasiyasının, demək olar ki, manevr imkanları baxımından sonuncu kanalını bağlayar. Bu baxımdan Rusiya-Türkiyə münasibətləri hətta Rusiya-Çin münasibətlərindən də qat-qat vacib görünür. Qarabağ ətrafında vəziyyət yenidən gərginləşərsə, Rusiya Federasiyasının onun nizamlanması üçün imkanları çox olmayacaq. Ancaq Qərbin geosiyasi “paketinin” güclənməsini və hamıya birdən arxadan zərbə endirmək imkanını nəzərə alsaq, Azərbaycan-Türkiyə münasibətləri də kifayət qədər kövrəkləşə bilər.

- PKK-nın Suriya qoluna açıq dəstək verən ABŞ Türkiyənin Suriyanın şimalında quru əməliyyatı keçirməsinə qəti şəkildə qarşıdır. Rusiya bu məsələ ilə bağlı mövqeyini hələ tam müəyyən etməyib, çünki diplomatik gündəmdə Türkiyə və Suriya hökumətləri arasında əlaqə yaratmaq məsələsi var. Sizcə, hadisələr necə inkişaf edəcək və ABŞ-ın bu regionda əsl məqsədi nədir?
- Türkiyə bu bölgədə həmişə öz məqsədlərinə nail olub. ABŞ bu mövzuda Ankaraya ünvanlanan rəsmi bəyanatlarından fərqli olaraq, əslində ən azı iki səbəbdən belə hərəkətlərə qarşı deyil. Birincisi, Türkiyə NATO üzvüdür, nədənsə çoxları bunu unudur; ikincisi, Vaşinqtona Türkiyənin əli ilə Suriya və Rusiya Federasiyasının maraqlarını zərbə vurmaq sərfəlidir.

Kürdlərə gəlincə, onlar Amerikanın dostu yox, sadəcə öz maraqları naminə müxtəlif istiqamətlərdə situasiyaya uyğun istifadə etdiyi tərəfdaşlarıdır və özləri də bu məsələylə bağlı indiyə qədər heç nə edə bilməyiblər. Moskva sanki həm Suriyanın, onun bütövlüyünün, həm Türkiyənin, həm də kürdlərin, necə deyərlər, yaxşı hər şeyin tərəfindədir. Buna görə də, bəşəri dostluq ruhunda bəyanatlar verir, amma praktikada kiminsə orada Türkiyənin fəaliyyətinə qarşı çıxa bilməsi ehtimalı azdır. Üstəlik, Rusiya-Türkiyə münasibətləri Rusiya Federasiyasının digər regionlardakı maraqlarına da təsir edir. Ona görə də, Ankara getdikcə daha sərbəst və öz bildiyi kimi hərəkət edir. NATO üzvü kimi formalaşmış imici də bir növ onun xeyrinədir, hələ Rusiya da ona inanır.

Əsəd bu yaxınlara qədər az qala Türkiyənin düşməni elan edilmişdi. Amma bu gün Türkiyə fərqli qərar verib və onun mövqeyi qəbul edilib. Ankara öz bildiyini edir və öz əlinə oynayır. ABŞ-ın bölgədəki məqsədi dəyişməyib: o bütün mövcud vasitələrlə, minimum vəsait xərcləməklə, buranı sadəcə tərk edə bilməyən Rusiya Federasiyası qüvvələrinin gücünü tükəndirməklə regona nəzarət etmək istəyir.

Yaxın Şərqdə sabitliyin bundan sonra pozulması ABŞ-a Cənubi Qafqazda da sabitliyi pozmağa, bu nəhəng geosiyasi qovşaq üzərində nəzarəti ələ keçirməyə əlavə imkanlar açır. Rusiya 2015-ci ildə yaxşı bir imkanı əldən buraxdı: Suriyaya öz hərbi kontingentinin yeritməyin əvəzinə kürdlərə tam hərbi-texniki dəstək verməliydi, xüsusən də, onlar özləri bunu xahiş etdikləri üçün. Lakin Moskva tez-tez ona heç bir perspektiv vəd etməyən “özünəməxsus” hərəkətlər edir.

Qafqaz Ömərov
AzVision.az


Teqlər:   Rusiya   Qarabağ  





Xəbər lenti