Suya da od kimi yanaşmalıyıq – Pərviz Heydərovun şərhi

   Suya da od kimi yanaşmalıyıq –    Pərviz Heydərovun şərhi
  03 Aprel 2023    Oxunub:2300
Su ehtiyatlarımızın 2050-ci ilədək 15-20% azalacağı deyilir. Bu məsələ Prezident İlham Əliyev tərəfindən hələ 2-3 il bundan qabaq diqqət mərkəzinə götürülüb. 2020-ci ilin iyul ayının 23-də Prezidentin yanında su təsərrüfatının vəziyyətinə dair müşavirə keçirildi. Bundan 10 ay sonra, yəni 2021-ci ilin aprelindəsə həmin sahəyə cavabdeh olan qurumda - Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində kadr dəyişikliyi edildi.
Dövlət başçımız yeni təyin etdiyi sədri videoformatda qəbul edərək, demişdi ki, söhbət prioritet sahədən gedir: "Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Hazırda bu sahənin əhəmiyyəti daha da artır". Halbuki, çoxları su təsərrüfatına elə-belə yanaşır, bunu aqrar sektorun tərkib hissəsi kimi görür, meliorasiya və su ilə təchizat məsələsinə bütövlükdə iqtisadiyyat üçün əhəmiyyət daşıyan bir sahə kimi baxmırlar.

Dövlət başçımızın təşəbbüsüylə bu sahədə çox işlər görülüb. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40% idisə, son illər 70%-ə, Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı isə 29% idisə 82%-ə, regionlarda 9%-dən 63%-ə qalxıb. Son illər ərzində vaxtilə suvarılmayan yüz min hektarlarla torpaq sahələrinə su gətirilib, su görməyən, yaxud, qismən suvarılan torpaqlara su verilib, həmin bölgələr canlanıb. Aqrar istehsal artıb.

Həmçinin, məsələn, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilməsə idi, Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilməsəydi, kanalların çəkilişi və sair baş tutmasaydı, indi ölkəmizdə nəyinki kənd təsərrüfatı mövcud olardı, əhali üçün adi içməli su da belə, çoxdan problem sayılardı.

Lakin qeyd etdiyim kimi, ehtiyatlar azalır. Su təsərrüfatına indiyədək külli miqdarda vəsait qoyulmasına baxmayaraq, səmərə yox həddindədir. Potensialdan düzgün istifadə edilmir, müvafiq su ehtiyatları və istifadəsinə dair dəqiq uçot aparılmır, bilərəkdən və bilməyərəkdən itkilərə yol verilir. Odur ki, indiyədək həyata keçirilən bütün yenidənqurma və tikinti işlərinə rəğmən, əhalinin və kənd təsərrüfatının su ilə təminatı dayanıqlı xarakter daşımır.

Maraqlıdır, bütün bunlardan çıxış yolunu yenə qiymətləri artırmaqda görənlər var. Çünki bizdə adətdir: çatışmazlıqlar varsa, öncə tarifləri artırmaq zəruri bilinir. “Azərsu” ASC-nin sədr müavini demişdi ki, ölkədə mövcud su tarifləri ilə rentabelli işləyə bilmirlər və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Guya, tariflər dünyanın inkişaf etmiş ölkələrinə uyğun olarsa, rentabelli işləməyə və yenilikləri həyata keçirməyə şərait yaranacaq.

Əvvəla, Tarif Şurasının 1 fevral 2020-ci il tarixli qərarına əsasən, hazırda 1 kubmetr içməli suyun qiyməti 70 qəpik, kanalizasiya xidmətlərinə görəsə 30 qəpik təşkil edir. Bu isə o deməkdir ki, əhali 1 kubmetr içməli su üçün 1 manat ödəyir. Yeri gəlmişkən, ölkəmizdə 1 litr Aİ-92 markalı benzin də eyni qiymətə satılır.

İkincisi, problem qiymətdə və tariflərdə deyil. İdarəetmədə yüksək keyfiyyət dəyişikliyinə və səmərələliyə nail olmasaq, heç nə əldə olunmayacaq. Bunun üçünsə təkcə kadr dəyişiklikləri kifayət deyil, struktur islahatları da aparmaq, özəlləşdirmə məsələsinə də baxmaq lazımdır.

“Azərsu” ASC ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin birləşdirilməsi bu istiqamətdə vacib addımlardan biri sayıla bilər. Birincinin fəaliyyətinin məqsədi istehlakçıları mərkəzi qaydada içməli su ilə təchiz etmək, həmçinin kanalizasiya xidmətləri göstərmək idi. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil etməklə, tullantı sularının təmizlənməsini və sairi həyata keçirməklə məşğul idi. İkincisi isə su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də aqrar sahəni suvarma suyu ilə təmin etmək, suvarma suyunun bölgüsünü həyata keçirmək, ondan səmərəli istifadəni təşkil etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini reallaşdırmaqla məşğul olurdu. Onların bir tavan altında birləşdirilməsi daha yaxşı effekt verməlidir.

Digər sual isə ondan ibarətdir ki, su təsərrüfatı sektorunda müəyyən sahələrdə özəlləşdirmə niyə nəzərdən keçirilmir?!

Su özü bir enerji növü və enerji mənbəyidir. Ondan istifadə sabit qalmır, davamlı artır və genişlənir. Odur ki, su ehtiyatlarının artırılması, yeni mənbələrin aşkarlanması və bu sahədə itkilərə yol verilməməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Əvvəla, əhalinin sayı artır, ikincisi, iqtisadiyyat yerində saymır -inkişaf edir, kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaq tələbi getdikcə daha çox ciddiləşir. Üçüncüsü isə iqlim dəyişir, su getdikcə dünyanın hər yerində obyektiv problemə çevrilir və sair.

Odur ki, sözügedən sahədə bundan sonra daha çox iş görmək zərurəti var. İdarəetmə müasir tələblərə cavab verməli, meliorasiya və su təsərrüfatı sahəsində idarəçilik metodu dəyişməli, səmərəlilik əsas götürülməli, ümumiyyətlə suya bir enerji növü və mənbəyi kimi yanaşılmalıdır...

Yuxarıda suyun qiymətindən danışarkən 92 markalı benzindən təsadüfən söz açmadım. Əhaliyə suyun benzin qiymətinə satıldığı ölkədə meliorativ tədbirlər "dədə-baba" üsulu ilə aparılmamalı, bu sahədə dünyanın ən müasir texnologiyaları Azərbaycana gətirilməli, idarəetmə çox çevik xarakter daşımalıdır.

Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Su  





Xəbər lenti