ABŞ-ın səfirləri: hansı yaxşı işləyirdi?

ABŞ-ın səfirləri: hansı yaxşı işləyirdi?
  23 May 2014    Oxunub:2321
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibədə ölkəmizlə bağlı səsləndirdiyi fikirlər siyasi qalmaqala səbəb oldu. Azərbaycanın daxili işlərinə qarışan amerikalı diplomata rəsmi və qeyri-rəsmi şəkildə etiraz edilərək ona səlahiyyətlərini aşmamaq tövsiyə edildi.

Haqlı etirazlardan sonra heç nə olmamış kimi mətbuata açıqlama verən Morninqstar deyəsən səhvini başa düşmüşdü.

Azərbaycanda demokratiyanın olmamasından söz açan səfir az keçmədi ki, etdiyi çıxışa görə, üzrxahlıq etdi. Bildirdi ki, məqsədi Azərbaycanın daxili işlərinə qarışmaq olmayıb:

“Məqsədim daxili məsələlərə qarışmaq deyildi. Mən keçmiş 20 il ərzində Azərbaycanda böyük bir irəliləyişin olduğunu xüsusilə qeyd etmək istərdim. Ümid edirəm ki, gələcək 20 ildə daha çox irəliləyiş olacaq. Hər kəsin öz fikirlərini bildirmək hüququ var. Mənimlə razılaşa da bilərlər, razılaşmaya da. Hamı öz fikirlərini bölüşə bilər”.

Morninqstarın siyasi kursu sələflərindən xeyrli fərqlənirdi. Ondan öncəki səfirlər nisbətən demokratik təsir bağışlayırdılar.

Mövzunun aktuallığını nəzərə alaraq ABŞ-ın indiyədək ölkəmizə təyin etdiyi səfirlərinin keçdiyi yola nəzər salaq.

ABŞ-ın Azərbaycanda ilk səfiri Riçard Mayls olub. O, bu vəzifədə 1992-1993-cü illərdə işləyib. Maylsı daha sonra Riçard Kozlariç əvəz edib.
İkinci səfirin (Riçard Kozlariç) Azərbaycanda fəaliyyət dövrü 1994-1997-ci illəri əhatə edib.

ABŞ-ın Azərbaycanda vəzifə verdiyi üçüncü səfir Stenli Eskuderodur. O, Bakıda səfir kimi 1997-2000-ci illərdə işləyib.

Ağ evə daha sonra Ross Uilson (2000-2003), Rino Harniş (2003-2006), Enn Dörsi (2006-2009) kimi diplomatları Azərbaycana göndərib.

Bir müddət səfir postu boş qalıb. Səfirliyin müvvəqəti işlər vəkili Donald Lu Metyu Brayzanın gəlişinədək səfirin səlahiyyətlərini icra edib.

2011-ci il fevralın 7-dən Metyu Brayza ABŞ-ın Azərbaycandakı səfiri kimi Bakıdakı səfirlikdə fəaliyyətə başlayıb. Metyu Brayza Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ABŞ-ın ölkəyə təyin etdiyi 7-ci səfirdir. Metyu Brayza Azərbaycanda səfir kimi fəaliyyətini 2012-ci ilin yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.

Və nəhayət ABŞ-n səkkizinci və ən qalmaqallı səfiri Riçard Morninqstar Ağ evdən təyinat alaraq Bakıda diplomatik fəaliyyətə başlayıb.

1945-ci ildə dünyaya gələn qocaman diplomat bundan öncə ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi (2009-2012) işləyib.

ABŞ səfirlərinin qısa xronikası ilə qısaca tanış olduqdan sonra onların fəaliyyətlərinə nəzər salaq.

Hansı səfir yaxşı işləyib?

AzVision.az bu suala cavab tapaq üçün politoloq fikrini öyrənib. Təcrübəli politoloq Qabil Hüseynli hesab edir ki, ABŞ səfirləri arasından Metyu Brayzanın fəaliyyəti daha səmərəli idi.

“Hesab edirəm ki, Metyu Brayzanın fəaliyyəti Azərbaycan üçün daha əhəmiyyətli olub. Çünki o, səfirliyə məhz Minsk Qrupunun həmsədrləri sırasında Amerikanın həmsədri kimi gəlmişdi. Həm Azərbaycan üçün əhəmiyyətli olan Dağlıq Qarabağ problemini əla bilirdi , həm də ölkə daxili münasibətləri, amma çox təəssüflər olsun ki, bu adamın 4 il müddətinə səfir işləməsinə imkan vermədilər, yalnız bir il müstəqil işlədi. Onun burada işləməsinə erməni lobbisi və Amerikadakı Azərbaycanı sevməyən qruplar mane oldular və o da bir ildən sonra səfirlikdən getməli oldu”.

Politoloq açıqlamasında səfir Riçard Morninqstarın fəaliyyətini mənfi qiymətləndirib: “Bir ildən çoxdur ki, bu bölgəyə gəlib gedən Morninqstar, özü də xüsusilə neft məsələləri üzrə mütəxəssis hesab olunur və türkmən qazının Azərbaycan qazı ilə birlikdə Avropaya göndərilməsində ən iri təşəbbüskarlardan biri sayılır. İndiyənə qədər Azərbaycanın siyasi rəhbərliyi ilə yaxşı tanışlığı və yaxın əlaqələri olub. İndiyənə qədər işlədiyi dövrdə elə bil ciddi nöqsana yol verməyib. Onun səfirlik müddətinin qurtarmasına iki aydan az vaxt qalıb. Bu müddət ərzində sakit dayanan Morninqstar getmə ərəfəsində çox səfeh bir müsahibə verdi. Bu müsahibədə Azərbaycanın daxili və xarici siyasətini ciddi surətdə tənqid etdi. Bunu ona görə demirik, sadəcə olaraq səfirin fəaliyyətini aşması və Azərbaycanın daxili işlərinə qarışması konteksində bu, onun fəaliyyətinə müsbət çalarlar gətirmir, əksinə səfirin öz əndazəsindən aşması və təmsil edildiyi ölkənin qanunlarına, eləcə də səfirlər haqqında beynəlxalq Vyana bəyannaməsinin müddəalarına zidd hərəkət etməsinə görə onu tənqid edirik. Səfir müəyyən üzrxahlıq da etdi. Amma hər halda bölgəyə yaxşı tanış olan Morninqstar getmə ərəfəsində ciddi xətaya yol verdi”-deyərək ekspert ABŞ dipolmatının fəaliyyətinə qiymət verib.

Metyu Brayza yaxşı işlədi, amma passiv idi

Politoloq Ərəstun Oruclu isə hesab edir ki, səfirlər arasında Riçard Kozlariç ən yaxşılardandır.

“Səfirin fəaliyyəti ilk növbədə, öz ölkəsinin missiyasının nəzarəti ilə yerinə yetirilir. Demokratiya, insan hüquqları sahəsində əməkdaşlıq istiqamətindəki fəaliyyət də bura daxil edilməlidir. Hesab edirəm ki, indiyənə qədər bu məsələlərdə ən uğurlu səfirlərdən biri Riçard Kozlariç olub. O, Azərbaycan–ABŞ münasibətlərinin inkişafında, müttəfiqlikdə mühüm rol oynamış səfirlərdən biri olub”.

Ekspertin fikrincə, Metyu Brayzer də səfir kimi yaxşı işləyib.
“Düzdür, Metyu Brayza insan haqları və demokratiya məsələlərində bir qədər passiv idi. Amma bu, Vaşinqtonun siyasətindən asılıdır. Hesab edirəm ki, hazırkı səfir Riçard Morninqstarın da Azərbaycan-ABŞ münasibətlərinin inkişafında böyük rolu olub. Doğrudur, səfir Morninqstar həmişə demokratik düşərgə adlanan tərəfdən tənqidə məruz qalıb ki, o, demokratiya, insan haqları ilə bağlı heç zaman münasibət bildirməyib. Bununla bağlı onun münasibəti olub”.

Ə.Oruclu daha sonra Morninqstarın son müsahibəsinə toxunub.
“Biz onun sonuncu müsahibəsinə olan reaksiyaları gördükdən sonra, anlamalıyıq ki, səfir hər zaman istədiyi fikri ifadə edə bilmir. Çünki bu sonra qalmaqal yaradır. Xüsusi olaraq, bu üç səfirin adını qeyd etmək istərdim. Ann Dörsi Azərbaycanda səfir olmuş yeganə qadındır.Siyasi tanışlığım da olub. O da yaxşı səfir olub. Sadəcə olaraq, onun səfirlik dövrü ABŞ-Azərbaycan münasibətlərinin passiv dövrünə təsadüf edirdi. Stenli Eskudero adlı səfir barəsində danışmaq istəmirəm. Danışsam qalmaqal olacaq”.

Nihadə Eyyubova
AzVision.az




Teqlər:  





Xəbər lenti