İdxalın verdiyi həyəcan siqnalı: Qeyri-neft sektoruna təhlükə var – TƏHLİL

      İdxalın verdiyi həyəcan siqnalı:    Qeyri-neft sektoruna təhlükə var –    TƏHLİL
  09 Aprel 2023    Oxunub:4209
Ölkənin makroiqtisadi dayanıqlığında mühüm rol oynayan amillərdən biri də xarici ticarət, daha dəqiqi, bu sahədəki müsbət saldo – ixracın idxaldan üstün olmasıdır. Amma bu ilin yanvarında Azərbaycan xarici ölkələrlə 3 milyard 289 milyon 500 min ABŞ dolları dəyərində ticarət aparıb ki, bu, 2022-ci ilin eyni dövrüylə müqayisədə 19% azdır.

İllik xarici ticarət dövriyyəsinin 1 milyard 876 milyon 800 min dolları ixracın, 1 milyard 412 milyon 700 min dolları isə idxalın payına düşdüyündən 464 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb. Başqa sözlə desəm, az qala yarım milyard dollar... Bu o deməkdir ki, valyuta gəlirlərimiz çoxdur - aldığımızdan çox satırıq.

Ancaq diqqəti cəlb edən bir məqam var. O da bundan ibarətdir ki, son bir ildə ixrac 39,2% azaldığı halda, idxal 44,9% artıb. İdxalın artması diqqəti bəlkə də o qədər cəlb etməzdi, əgər onun tərkibində yeyinti məhsullarının da həcmi artmasa idi. Bu çox ciddi mənfi faktordur.

2023-cü ilin yanvar ayında Azərbaycana 169 milyon 761 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 19 milyon 905 min dollar və ya 13,3% çoxdur. Ötən ilin eyni ayında ölkəyə 149 milyon 856 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi. Doğrudur, keçən ilin yanvarında bu rəqəm daha çox təşkil etmişdi - 35,6%.

Ümumi idxal hər il artır, tərkibindəki yeyinti məhsullarının həcmi də o cümlədən. Buna görə də inflyasiyanı və daxili istehlak bazarında bahalaşmanı kənar amillərin alovlandırdığını qeyd edirik. Bu təbiidir, o səbəbdən ki, bahalaşma ilə inflyasiyanın əsas daşıyıcısı elə yeyinti məhsulları sayılır... Odur ki, bu məsələ xüsusi diqqət tələb edir və nə qədər gec deyil, nəzarətə götürülməlidir.

“İdxal olunan yeyinti məhsulları” dedikdə söhbət, ət, süd, qaymaq, süddən hazırlanan yağlar, meyvə-tərəvəz, çay, buğda, arpa, qarğıdalı, düyü kimi məhsullardan gedir. Cari ilin yanvarında ölkəyə 4 milyon 882 min 720 manatlıq ət, 2 milyon 226 min 270 manatlıq süd və qaymaq, 5 milyon 789 min manatlıq kərə yağı və süddən hazırlanmış digər yağlar, 19 milyon 845 min 690 manatlıq meyvə-tərəvəz, 5 milyon 946 min 230 manatlıq çay, 43 milyon 423 min 110 manatlıq buğda, 2 milyon 737 min 350 manatlıq qarğıdalı, 8 milyon 35 min 710 manatlıq düyü, 13 milyon 8 min 110 manatlıq bitki və heyvan mənşəli piylər və yağlar gətirilib.

Ümumən yeyinti məhsullarının idxalda 12%-dən çox payı var. Hələ bu yaxşıdır. Keçən il qeyd olunan rəqəm 15,3% təşkil edirdi, 2021-ci ildə isə 14,3%. Rəqəmlərin aşağı və yuxarı doğru bu cür dəyişməsi ölkəyə idxalın həcminin hər il yüksəlməsilə əlaqədardır. Qlobal iqtisadiyyatda yüksək inflyasiya və bahalaşma tendensiyası fonunda isə bu, yerli istehsala təzyiqi artırır.

Yuxarıda bir sıra ərzaq məhsulları üzrə idxalın həcmini açıqladım. Amma daha vacibi odur ki, adları çəkilən bəzi yeyinti məhsullarını biz niyə idxal edirik?! Məsələn, ətr, süd, meyvə-tərəvəz və sairi niyə kənardan gətiririk?

Ölkəmizə 2021-ci ildə 1 milyard 929 milyon 891 min dollar, 2022-ci ildə 2 milyard 363 milyon 142 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. İqtisadiyyatda qeyri-neft-qaz sektorunun inkişafı prioritet seçildiyi halda, sözügedən sahə üzrə idxal niyə artır?!

Bütün bu suallar ciddi yanaşma tələb edir. Real vəziyyət odur ki, idxal artdıqca və genişləndikcə yerli istehsal daha çox zəifləyir. Üstəlik, aqrar istehsal və tədarükün qarşısı getdikcə daha çox alınır. Qeyri-neft sektorunun inkişafı çərçivəsində bunun əksini təmin etməliyik.

Yeri gəlmişkən, yuxarıda qeyd etdim ki, xarici ölkələrlə 3 milyard 289 milyon 500 min ABŞ dolları dəyərində ticarət 2022-ci ilin eyni dövrüylə müqayisədə 19% azdır. Çünki ixrac son bir ildə 39,2% azalıb.

Ərzaq və yeyinti məhsulları üzrə idxal məhsullarının ölkə daxilinə getdikcə, daha çox gətirilməsinin qarşısı təcili surətdə alınmalıdır. Bunun üçünsə onu stimullaşdırılan amillər müəyyən edilməli və aradan qaldırılmalıdır. Əks təqdirdə, qeyri-neft sektorunun inkişafı ilə bağlı seçilmiş prioritet təhlükə altına düşəcək. Çünki onun əsas qolu aqrar sektor - kənd təsərrüfatı məhsulları istehsalı və emalı sayılır. Bu sektor isə artıq təhlükə altındadır.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Xarici-ticarət   Qeyri-neft-sektoru  





Xəbər lenti