Oğlu tərəfindən vurulan ata: “Kürəyimdə bıçaqla xəstəxanaya getdim”

   Oğlu tərəfindən vurulan ata:    “Kürəyimdə bıçaqla xəstəxanaya getdim”
  11 Aprel 2023    Oxunub:1712
Gəncə Ağır Cinayətlər Məhkəməsində 21 sentyabr 2022-ci il tarixdə Şəmkir şəhərində yaşadığı evin həyətində atasını bıçaqlayan 15 yaşlı Ruslan Abbasovun (şərti ad-soyadlar) məhkəməsi keçirilib.
AzVision.az xəbər verir ki, orta məktəbin 8-ci sinif şagirdi olan R.Abbasov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Yeniyetmə məhkəmədə bildirib ki, həmin gün atası B.Abbasov onu aptekə dərman almağa göndərmək istəyib, o isə dostları ilə velosiped sürüb. Oğlunun dediyinə əməl etmədiyini görən B.Abbasov övladına acıqlanıb və əsəbiləşdiyi üçün özünü pis hiss edərək yerə oturub. Atasının yerdə qaldığını görən oğlan bıçaqla onun kürəyinə zərbə endirib.

Oğlu tərəfindən bıçaqlanan B.Abbasov ifadəsində bunları deyib: “Həmin gün həyətdə oğluma aptekə gedib mənim üçün dərman almasını tapşırdım. Bir neçə dəfə təkrar etsəm də, Ruslan aptekə getmədi. Oğlumun məni eşitməməsindən əsəbiləşib ona sərt şəkildə acıqlandım. Bundan sonra halım pisləşdi, özümü saxlaya bilməyib həyətdə yerə yıxıldım, əlimi yerə dirəyib qaldım. Bu zaman arxadan kürəyimə zərbə dəydiyini hiss etdim, çevrilib arxaya baxanda oğlumun qaçıb getdiyini gördüm. Əvvəlcə Ruslanın kürəyimə daşla vurduğunu fikirləşdim, ancaq ayağa qalxdıqda, ağrı olanda bıçaqla vurduğunu hiss etdim. Çünki bıçaq kürəyimə batmış vəziyyətdə qalmışdı. Həyat yoldaşım yaxınlaşarkən polislər gələndə qorxmasınlar deyə uşaqları da götürüb getməsini bildirdim. Sonra tək küçəyə çıxıb qonşudan məni xəstəxanaya aparmasını xahiş etdim. Xəstəxanada həkimlər kürəyimdə qalan bıçağı çıxararaq tibbi yardım göstərdilər”.

Məhkəmədə ifadə verən Ruslan Abbasov atasını bıçaqlayandan sonra 20 gün evə getmədiyini deyib: “Atamın mənə sərt şəkildə acıqlanması pis təsir etdiyi üçün həyətdə stolun üzərində olan bıçağı götürərək arxadan kürəyinə iki dəfə vurdum, bıçaq batılı vəziyyətdə qaldı. Bunu görüb həyəcanlandım, qorxduğum üçün həyətdən qaçıb getdim, 15-20 gün evə gəlmədim, gecələr yaşadığımız küçədə yaşayış olmayan yarımçıq evlərdə, bəzi vaxtlarda isə atamgil yatandan sonra həyətə gələrək hamamın üstündə yatırdım. Atamın evdə mənə və ailə üzvlərimizə qarşı münasibəti həmişə yaxşı olub”.

Zərərçəkən şəxs bildirib ki, hadisədən sonra oğlu qorxduğu üçün xeyli vaxt evə gəlməyib. B.Abbasov müharibə iştirakçısı olduğunu, müharibədə aldığı kontuziyadan sonra psixi vəziyyətinin ağırlaşdığını, bir neçə dəfə pisixiatrik xəstəxanada stasionar müalicədə aldığını, mütəmadi olaraq dərman qəbul etdiyini, psixi xəstəliyi ilə əlaqədar olaraq tez-tez əsəbiləşdiyini, amma övladları və ailəsi ilə münasibətlərinin yaxşı olduğunu deyib. Sonra ata oğluna həbslə əlaqəli olmayan cəzanın verilməsini xahiş edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses aprelin 7-də başa çatıb. Ruslan Abbasova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
AzVision.az



Teqlər:





Xəbər lenti