Gələn il köçkünlər qayıdır, 6 minə yaxın ev tikiləcək: Füzulidə görüləcək işlər açıqlandı

   Gələn il köçkünlər qayıdır,  6 minə yaxın ev tikiləcək:    Füzulidə görüləcək işlər açıqlandı
  12 Aprel 2023    Oxunub:1272
2026-cı ilə qədər Füzuli rayonunda 5 678 evin - 2 326 mənzilin və 3 352 fərdi yaşayış evinin tikintisi planlaşdırılır.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, mənzillərin Füzuli şəhərində, fərdi yaşayış evlərinin isə kəndlərdə inşası nəzərdə tutulur. Bundan başqa, sədr müavini deyib ki, Füzuli şəhərinin yol-küçə şəbəkəsinin ümumi uzunluğu 87,5 km olacaq: "Bunun 18 km-də layihələndirmə işləri başa çatıb, Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Çox güman ki, bu ayın sonunda layihə ekspertizadan çıxacaq və Füzuli şəhərində yol-küçə şəbəkəsinin inşasına başlanılacaq".

"2022-ci ildə Füzulidə 1 536 hektar ərazi minalardan təmizlənib. Nazirlər Kabinetinin bu ilin yanvar ayında verdiyi sərəncamına əsasən yaşayış məntəqələri üzrə ümumilikdə 2 620 hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Bu ilin I rübündə 622 hektar ərazi minalardan təmizlənib. Bütün bunlar inşaat işlərinə başlamağa şərait yaradır", - deyə N.Hümmətov qeyd edib.

O qeyd edib ki, yaxın aylarda Füzuli rayonunun Dövlətyarlı, Dədəli və Pirəhmədli kəndlərində tikinti işlərinə başlanılacaq. Belə ki, Füzuli rayonunda daha 7 kənd üçün layihələndirmə işləri aparılacaq və həmin kəndlər 2026-cı ilə qədər bərpa ediləcək.

"2024-cü ildə Füzuli şəhərinə ilk köç planlaşdırılır. Bu istiqamətdə çox ciddi işlər aparılır. Məcburi köçkünlərin qayıtması üçün digər layihələrin icrası sürətləndirilməlidir. Qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın tikintisinə başlanılacaq. Təhsil Nazirliyi isə peşə liseyinin tikintisinə başlayacaq. 2024-cü ildə minimum yaşayış şəraiti yaratmalıyıq. Bu hədəflə işlərimiz davam edir".(Report)

AzVision.az


Teqlər:





Xəbər lenti