Zabratda qəbir daşları dağıdılıb - YENİLƏNİB

 Zabratda qəbir daşları dağıdılıb  -  YENİLƏNİB
  19 Aprel 2023    Oxunub:1549
Baş Prokurorluq Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki qəbiristanlıqda qəbirlərin dağıdılması faktı ilə bağlı cinayət işi başlanması barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində yerləşən qəbiristanlıqlardan birində qəbirlərin dağıdılmasına dair videogörüntülər paylaşılıb.

Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların üzərindəki predmetlərin zədələnməsi, xatirə daşları və lövhələrin dağıdılması kimi rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Paytaxtın Sabunçu rayonunda Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır.

DİN-in Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti