"Bu, doğru yolda olduğumuzu göstərir" - Nazir iqtisadi göstəriciləri açıqladı

 "Bu, doğru yolda olduğumuzu göstərir" -  Nazir iqtisadi göstəriciləri açıqladı
  25 Aprel 2023    Oxunub:1127
"Yığılan vergilərin 80 %-dən çoxu özəl sektorun payına düşür".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransa video müraciətində qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasında müsbət meyillər getdikcə artır. 2022-ci ildə ÜDM 4,6 faiz artaraq 133,8 mlrd. manat, qeyri-neft/qaz sektorunda isə 9,1 faiz artaraq 69,8 mlrd. manat təşkil edib. ÜDM-in tərkibində qeyri-neft/qaz sektoru üzrə bir sıra sahələrdə əhəmiyyətli artım qeydə alınıb.

2022-ci il ərzində xarici ticarət dövriyyəmiz 55 faizdən çox artıb və 52,6 mlrd. ABŞ dolları, ixrac isə 71,8 faiz artaraq 38 mlrd. dollardan çox olub. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində 2022-ci il ərzində qeyri-neft məhsullarının ixracı 12,3 faiz artaraq 3 mlrd. dollardan çox olub. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 82 faiz artıb və 15,5 mlrd. manat təşkil edib. Bu mütəqilliyimiz dövründə olan mütləq rekord məbləğdir.

Hökumət tərəfindən müəyyən edilmiş bir sıra fiskal imtiyazlar və güzəştlər fonunda belə nəticələrin əldə edilməsi müsbət bir haldır. Bu, bizim doğru yolda olduğumuzu və biznes ictimaiyyəti ilə qarşılıqlı etimad və inamın formalaşdığını göstərir".

O əlavə edib ki, dayanıqlı inkişaf edən Azərbaycanda özəl sektorun güclənməsi sosial-iqtisadi inkişaf strategiyasının daim mərkəzindədir və bu sahədə sistemli işlər həyata keçirilir.

Nazir deyib ki, rəqəmlər iqtisadi sferada qazanılmış uğurların miqyasını və əhatəsini əyani şəkildə göstərir: "Lakin bu gün mürəkkəb və volatil mühitdə yaşayırıq. Buna baxmayaraq, ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artımın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası üzrə təmin edilməsini hədəfləyirik. Davamlı artım drayverlərinin fəallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına sürətlə reinteqrasiyası rəqabətqabiliyyətli iqtisadi artımı şərtləndirəcəkdir.

Bu prosesdə rəqəmsal ekosistemin, sahibkarlıq mühitinin, insan kapitalının inkişafı kimi məsələlər də diqqət mərkəzində olmalıdır. O cümlədən, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi, yeni alətlərin tətbiqi sahibkarlığın inkişafına yeni töhfələr verəcək. Sənaye zonalarının rezidentlərinin sayının artması, biznesin güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi, yeni fiskal güzəştlər, ixrac və investisiyaların təşviqi üçün imtiyazlar və digər məsələlər bu baxımdan xüsusilə qeyd edilməlidir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti