Bu ilin birinci rübündə büdcəyə 4 milyard 899,5 milyon daxil olub

   Bu ilin birinci rübündə büdcəyə 4 milyard 899,5 milyon daxil olub
  25 Aprel 2023    Oxunub:1103
"2023-cü ilin birinci rübündə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat vergi daxil olub ki, bu da ötən ilin müvafiq dövründəkindən 74,8% və ya 2,1 milyard manat çoxdur".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib. O bildirib ki, sahibkarlar əvvəlki dövrlərə nisbətən daha şəffaf işləyirlər:

"Əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min artıb və cari ilin aprel ayının 1-nə 1.755,8 minə çatıb. Qeyri-neft/qaz sektorunun özəl bölməsində bu göstərici 298,1 min artaraq 838 min olub.

Muzdlu işçi sayının və əmək haqqı fondunun “ağarması” sayəsində təkcə cari ilin yanvar-mart ayları ərzində məcburi dövlət sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% və ya 145,3 milyon manat artaraq 1 milyard 192,7 milyon manata çatıb", -nazir müavini vurğulayıb.

S.Ələkbərov qeyd edib ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı artır və hazırda onların sayı 720 mindən çoxdur.

"Onların böyük əksəriyyəti kiçik və orta biznes subyektləri olduğundan, bu təbəqədən olan sahibkarların inkişafına dövlət dəstəyinin göstərilməsi daim Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər dövlət qurumlarının diqqət mərkəzində saxlanılır".

Nazir müavini İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2022-ci ildə verilmiş güzəştli kreditlərində əhəmiyyətli hissəsinin əsasən aqrar və sənaye sektorlarında çalışan mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşdüyünü qeyd edib.

"Ötən il biznes subyektlərinə verilən 146 milyon manata yaxın kreditin layihə sayı üzrə 99,9 %-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim edilib. Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin 69,7%-i regionlarda fəaliyyət göstərir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti