Neft hasılatımız azalır: Qeyri-neft sürətlənməlidir – TƏHLİL

      Neft hasılatımız azalır:    Qeyri-neft sürətlənməlidir –    TƏHLİL
  25 Aprel 2023    Oxunub:5720
Ölkədə neft-qaz sektorunun, xüsusən də xam neft hasilatının azalması qeyri-neft-qaz sektorunun inkişaf tempini artırmağı tələb edir. Əks halda, ümumi iqtisadi artım aşağı düşməyə başlayacaq. Çünki bizdə ÜDM istehsalı üzrə artım göstəricisini neft-qaz sektoru müəyyən edir. Bu ilin yanvarında qeyri-neft-qaz sektorunda 1,7% artım baş verdiyi halda, 1,5% eniş də bununla izah olundu.
Qeyri-neft-qaz sektorunun inkişafını və burada artımı sürətləndirmək isə asan deyil. Hökumətin 2016-cı ildən etibarən bu məsələyə ciddi diqqət ayırmasına və çalışmasına rəğmən, hələ də istənilən temp əldə edilməyib. Düzdür, sözügedən sektor üzrə istər ÜDM istehsalında, istər ölkədən ümumi ixracda, istərsə də dövlət büdcəsinə illik gəlirlərdə vergi və rüsum şəklində həcm xeyli artıb. Ancaq bu, neft-qaz sektorunu əvəz etmək üçün kifayət deyil.

Bəllidir ki, keçən il ÜDM istehsalı 4,6% artmışdı. Neft-qaz sektorunda azalma keçən il də var idi, lakin enerjidaşıyıcılarının qlobal bazarda əlverişli qiymət konyukturu ÜDM-in nominal ifadədə 78,9% artmasına şərait yaratdı. Ümumiyyətlə, neft hasilatımızda azalma demək olar, 2011-ci ildən start götürüb. Hazırda il ərzində 32,6 milyon ton təşkil edir. 2010-cu ildə isə 50 milyon tondan artıq neft çıxardırdıq...

Hələ illər öncə qarşıya məqsəd qoyulmuşdu ki, qeyri-neft-qaz sektoru iqtisadiyyatın lokomotivinə çevrilənədək hasilat ildə 40 milyon ton ətrafında qorunub saxlansın. Lakin göründüyü kimi, buna müyəssər olmaq mümkün deyil - hasilat nəzərdə tutulduğundan sürətlə enir. Və sanki qarşısıalınmaz xarakter daşıyır.

Yaxşı ki, qaz məsələsi var. Yəni qaz ixrac etməyə başlamışıq və bu sahədə yaxşı perespektivlər mövcuddur. Ancaq nə qədər çox qaz hasil ixrac etsək də, bu, neftdən əldə etdiyimiz gəlirləri əvəz edə bilməyəcək. Odur ki, iqtisadi artımda enişi aradan qaldırmaq üçün qeyri neft-qaz sektorunun inkişafında arzulanan nəticəyə nail olanadək xam neft sarıdan hasilatın azalması sürətinin də qarşısını almaq vacib sayılır.

Ümumiyyətlə, real olaraq hökumətin qarşısında iki vəzifə durur: birincisi, girişdə qeyd etdiyim kimi, qeyri neft-qaz sektorunun inkişaf tempini artırmaq, ikincisi isə neft hasilatının enməsi sürətini məhdudlaşdırmaq. Hər iki vəzifəni yerinə yetirmək üçün isə əslində şanslar mövcuddur.

Əvvəla xatırladım ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin əvvəlinədək kondensatla birlikdə 607 milyon tondan çox neft hasil edilib. AÇG-dən 567 milyon ton neft, “Şahdəniz”dən isə 40 milyon ton kondensat çıxarılıb.
İkincisi isə, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Saziş imzalandı ki, bununla da sözügedən yataqlar üzrə blokun istismarına dair növbəti dövrə qədəm qoyuldu. Söhbət 2050-ci ilədək olan müddətdən gedir.

Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənən və 2050-ci ilə qədər uzadılan həmin sazişə görə, BP fəaliyyətini yenə də operator kimi davam etdirməklə SOCAR-ın payı 11-dən 25%-ə qədər artırıldı, mənfəət neftinin isə 75%-nin ölkəmizin öhdəsində qalacağı qərara alınıb. Söhbət, daha 400 milyon ton neft çıxarılacağından gedir.

Qeyd etmək istədiyim budur ki, ölkəmizin neft strategiyası sahəsində əslində hələ 5-6 il öncə yeni bir mərhələnin əsası qoyulub ki, bu da ÜDM istehsalının artım tempinin qorunub saxlanacağını, qeyri neft-qaz sektoru ölkə iqtisadiyyatının lokomotivinə çevrilənədək heç bir əndişənin ortaya çıxmayacağını deməyə əsas verir.

Ancaq hər şey dəyişir, özü də çox sürətlə dəyişir. İldən-ilə elə hadisələr baş verir, bazarlarda şərtlər, investisiya, istehsal və texnoloji amillər elə dəyişir, siyasət aləmində cərəyan edən proseslərdən elə təsir və təzyiqlər yaranır ki, hətta yaxın müddət üçün belə heç bir zəmanət vermək olmur.

Əvvəla, 2050-ci ilə hələ 27 il vaxt var. Bu müddət ərzində qlobal bazarlarda enerjidaşıyıcıları üzrə tələb və təklifin vəziyyətinin necə olacağı bilinmir.
İkincisi, sözügedən blok yatağından ilk neftin 1997-ci ilin sonuna yaxın çıxarıldığını nəzərə alsaq, bu, o deməkdir ki, ilin əvvəlinədək kondensatla birlikdə 567 milyon tondan çox neft hasili 26 il ərzində baş tutub. Qarşıdakı 27 ildə isə söhbət 400 milyon tondan gedir. Demək, hasilatın həcmi istər-istəməz az olacaq.
Üçüncüsü isə, AÇG yatağı üzrə hasilatın həm də dəyəri getdikcə bahalaşır, investisiya xərcləri artır.

Lakin bütün bunlara rəğmən, hər halda, Azərbaycanın digər kəşf olunmuş və olunacaq neft yataqları mövcuddur ki, bunlara böyük ümid var. Ümumiyyətlə, hesab edirəm, həm beynəlxalq konyunktur, həm də resurslarımız cəhətdən neft bizi yarı yolda qoymayacaq.

O ki qaldı qeyri neft-qaz sektorunda inkişafı sürətləndirməyə, əvvəlki şərhlərimdə də yazdığım kimi, bunun üçün iqtisadiyyatda şəffaflığı genişləndirmək və kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirmək, inhisarçı elementləri aradan götürmək yolu ilə açıq rəqabət mühiti yaratmaq ilkin, vacib və ən əsas şərt sayılır.

Sabit və dayanıqlı inkişafa nail olmaq üçün bunları uğurla təmin etmək lazımdır. Çünki hasilat sırf pul və investisiya tələb edirsə, emal, istehsal, xidmət və ticarət sferaları isə stimul, azad rəqabət və münbit realizə şəraiti tələb edir.

Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Neft   Qeyri-neft  





Xəbər lenti