Ötən il milli valyutada 452 ədəd saxta pul nişanı aşkarlanıb

  Ötən il milli valyutada 452 ədəd saxta pul nişanı aşkarlanıb
  26 Aprel 2023    Oxunub:1163
2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutada 452 ədəd (36 min manat) saxta pul nişanı, xarici valyutada isə 193 ədəd saxtakarlıq əlaməti müəyyən edilmiş pul nişanı aşkarlayaraq tədavüldən çıxarıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edib.
AzVision.az bu barədə AMB-nin illik hesabatına istinadən xəbər verir.

Əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədi ilə AMB-nin Bakıda və ərazi idarələrində yaratdığı nağd pul ofisləri fəaliyyətini davam etdirib. İl ərzində əhalidən 7,6 milyon manat (165 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilib, “səyyar kassa” xidməti vasitəsilə 1,6 milyon manat (7,9 milyon ədəd) metal pul nişanı iri ticarət müəssisələrinə çatdırılıb.

Bundan başqa, ötən il AMB dövriyyədən 8,1 milyard manatlıq pul nişanı mədaxil edib, dövriyyəyə isə 10,5 milyard manatlıq pul nişanı məxaric edib. Son nəticədə ötən il tədavüldə olan nağd pul kütləsi 2,4 milyard manat və yaxud 19,6 % artaraq 14,7 milyard manat təşkil edib. Hazırda milli valyuta üzrə ehtiyatlar 15,7 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2025-ci ilin sonuna qədər tələbatının bəzi nominallar istisna olmaqla ümumilikdə ödənilməsi üçün yetərlidir.

Eyni zamanda, il ərzində tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsinə dair ölkə prezidentinin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının işçi qrupunun fəaliyyəti təmin ediib, 2,9 milyard manat (132,7 milyon ədəd) kağız və metal pul nişanları məhv edilib. Ümumilikdə isə tədavülə buraxıldığı dövrdən 16,7 milyard manat (1,3 milyard ədəd) məbləğində yararsız pul nişanları məhv olunub və bu proseslər zamanı hər hansı kənarlaşma aşkar edilməyib.

AzVision.az


Teqlər: AMB  





Xəbər lenti