Böhran riski hələ qalır – TƏHLİL

   Böhran riski hələ qalır –    TƏHLİL
  28 Aprel 2023    Oxunub:3982
ABŞ-ın bank sistemində baş verənlər siyasi ambisiyaları iqtisadi maraqlardan üstün tutmağın nə qədər təhlükəli olduğunu bir daha göstərdi. 15 il öncə - 2008-ci ildə Qərbin Gürcüstan məsələsində Rusiya ilə açıq siyasi qarşıdurması “Lehman Brothers”in çökməsinə və qlobal böhranın yaranmasına səbəb olmuşdu. O zaman Barak Obama hökuməti ABŞ-ı vəziyyətdən güclə çıxarmışdı.
2011-ci ilin martında Yaponiyada zəlzələdən yaranan sunami ABŞ-ın çox karına gəldi. O fəlakət baş verməsəydi, bəlkə də böhran daha uzun sürəcəkdi. Belə ki, ABŞ-ın maşınqayırma sənayesi dünya bazarlarında əlverişli mövqeyə çıxmağa müyəssər oldu.

Oxşar tendensiya yenə baş qaldırıb. Artıq 1 ildən çoxdur davam edən Ukrayna-Rusiya müharibəsi fonunda ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) inflyasiya alovunu söndürmək istəyi, yəni uçot dərəcəsini görünməmiş sürətlə artırmaq istiqamətində yürüdülən siyasət maliyyə sektorunun sütunlarını çatlatmağa başlayıb. Təkcə keçən il uçot dərəcəsi 5 dəfə artırılıb. Bu, özünün mənfi nəticəsini göstərməli idi və göstərir də...

“Silicon Valley Bank” və “Signature Bank”ın iflasından sonra qlobal maliyyə sektoru 465 milyard dollar itirdi. Bu, 2008-ci ilin maliyyə böhranından sonra ABŞ-da ən böyük bank uğursuzluğu sayılır. Bu hadisə növbəti qlobal maliyyə-iqtisadi böhranına üçün zəmin yarada bilərmi? Bu iflasın nəticəsində dünya enerji bazarlarında kəskin qiymət enişi gözlənilirmi?


Bəziləri deyir ki, yox. Belə düşünənlərə əsas verən amil ondan ibarətdir ki, iflasa uğrayan bankların xilası üçün Ağ Ev heç bir təşəbbüs göstərmədi və baş verənləri sadəcə izləməyi üstün tutdu. Odur ki, bu fikirdə məntiq var. Lakin...

İflasa uğrayan banklar kiçik qurumlar deyillər. ABŞ-ın 20 ən böyük bankının arasına daxil idilər. Baş verənlər də nə qədər çox nəzarətdə hesab olunsa belə, “domino effekti”nin ortaya çıxmasını hələ də tətikləyə bilər. Yəni, digər bankların çökməsi riski də qalmaqdadır. “Zəngin ata, Kasıb baba” kitabının müəllifi Robert Kiyosaki də belə düşünür. O, 2008-ci ildə “Lehman Brothers”in dağılacağını dəqiq proqnozlaşdırmışdı. Ekspertin fikrincə, “domino effekti” artıq start götürüb, çünki problem istiqraz bazarındadır.

Yəni, vəziyyət həqiqətən nəzarətdən çıxa bilər. Və bu, neft bazarlarında da kəskin qiymət enişlərinə və digər mənfi cəhətlərə yol aça və zəmin yaradar. Təhlükə real hesab edilməlidir. Ümumiyyətlə, hazırda heç bir şey haqda tam əminliklə proqnoz vermək və fikir söyləmək mümkün deyil.

Görünən budur ki, əvvəla, ABŞ-ın valyutası ucuzlaşacaq, ikincisi, FES də faiz siyasətini tezliklə əks istiqamətdə dəyişəcək, üçüncüsü, investisiyalar azalmağa doğru start götürəcək.

Ölkəmiz bu və digər risklərə hazırdırmı?! Neftin qiyməti 40 ABŞ dollarından aşağı düşənədək demək olar ki, bəli. Bu isə ən azı yaxın üfiqdə varsa da, şükürlər olsun, hələ ki görünmür...


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Maliyyə   Bank  





Xəbər lenti