İran “Su-35”ləri kimə qarşı tətbiq edəcək? – Xarici ekspertlər+VİDEO

      İran “Su-35”ləri    kimə qarşı tətbiq edəcək? –    Xarici ekspertlər+VİDEO
  28 Aprel 2023    Oxunub:6302
“Rusiyanın İrana SU-35 qırıcılarını verməsi kiməsə təzyiq etmək, qorxutmaq, xüsusən də Rusiya və İranın ən yaxın qonşuları və tərəfdaşları üçün təhlükə yaratmaq məqsədi daşımır. Bu, Rusiya, İran və Çin arasında təhlükəsizlik sisteminin qurulması ilə bağlıdır”.
Bu sözləri AzVision.az -a rusiyalı ekspert Dmitri Solonnikov deyib. O qeyd edib ki, İranla Rusiya arasında hərbi-texniki əməkdaşlıq ilk növbədə müdafiə və komplektləşdirmə xarakteri daşıyır. Söhbət quru qoşunları, donanma və hava qüvvələri çərçivəsində əməkdaşlıqdan gedir.

“Bir daha vurğulayıram ki, bunlar müdafiə məsələləridir. İran üçün əsas vəzifə Fars körfəzi və Hörmüz boğazında dəniz sərhədlərini qorumaqdır. İran ərazisindəki hədəflərə vaxtaşırı havadan zərbələr endirmək cəhdləri olur. İsrail dəfələrlə bu cür hərəkətlər edib. ABŞ da analoji təhdidlərlə çıxış edir. Bu, İsrail, İraq ərazisindən mümkündür, ona görə də İran üçün Rusiyadan qırıcı və hücum təyyarələrinin tədarükü onun öz təhlükəsizliyinə xidmət edir”,- Solonnikov deyib.



O vurğulayıb ki, Rusiya və Çin İrana qarşı təhdidləri minimuma endirməkdə maraqlıdırlar. Əsas təhlükələr İrana qərbdən və cənubdan gəlir: “Ona görə də Rusiya ilə İran arasında heç kimə qarşı yönəlməyən hərbi-texniki əməkdaşlığı yalnız bu aspektdə nəzərdən keçirmək lazımdır. Bu əməkdaşlıq hücum deyil, sırf müdafiə xarakteri daşıyır. Söhbət ilk növbədə İranın müdafiə qabiliyyətinin təmin edilməsindən gedir”.

Digər rusiyalı ekspert Sergey Markov isə “AzVision”a bildirib ki, Rusiyanın İrana ən son silah sistemləri verməsi heç də kömək deyil. Bu sadəcə hərbi-texniki ticarətdir. Bunun müqabilində Rusiya da İrandan böyük ehtiyac duyduğu silahları alır. Bunlar ilk növbədə “Şahed” və “Geran” hücum dronlarıdır: “Rusiya bu dronların istehsalını öz zavodlarında reallaşdırmaq imkanı əldə edir. Rusiyanın İran silahlarına həqiqətən ehtiyacı var və bu səbəbdən İran da Rusiyadan ehtiyacı olanı istəmək hüququna malikdir. Bu əməkdaşlıq gələcəkdə inkişaf edə bilər”.

Markov qeyd edib ki, Rusiya mülki təyyarələrinin də təmirə ehtiyacı var, Qərb şirkətləri isə bundan imtina edirlər. İran bu illər ərzində təyyarə təmiri üzrə öz sistemini yaradıb. Artıq ilk rus təyyarələri təmir üçün İrana göndərilib. Ona görə də, Rusiya bu sahədə İranla daha sıx əməkdaşlıq edəcək. Hazırda AES üçün avadanlıqların Rusiya tərəfindən tədarükü ilə bağlı danışıqlar da aparılır.

Ekspert vurğulayıb ki, İran Azərbaycana qarşı Rusiya silahlarından istifadə etsə, təbii ki, Rusiya bundan narazı qalar. Rusiya Azərbaycana dost və praktiki olaraq qardaş ölkə kimi baxır. Lakin ABŞ-dan fərqli olaraq Rusiyanın silah ticarətinin özəlliyi ondan ibarətdir ki, amerikalılar öz silahlarından istifadə üçün şərtlər qoyduğu halda, Rusiya bu şərtləri qoymur.

“İran öz silah sistemlərini ilk növbədə İsraillə döyüşmək üçün hazırlayır. Dünyanın bütün hərbi və siyasi analitikləri yazırlar ki, yaxın gələcəkdə İsrailin İrana güclü zərbələr endirməsi mümkündür. ABŞ-ın İrana qarşı bu zərbələrə qoşula biləcəyi təhlükəsi də var. Buna görə də, İran amerikalılara cavab verməyə hazır olmalıdır. Hədəf Hörmüz boğazından keçən Amerika tankerləri olacaq. İranın “Hizbullah” və Husilər kimi proksi ordularının köməyi ilə ABŞ bazalarına kütləvi hücumları da ola bilər. İrana hərbi resurslar Azərbaycanla mənasız hərbi qarşıdurmaya sərf etmək üçün lazım deyil. İran rəhbərliyi Azərbaycanla qarşıdurmanın hətta mənasını belə izah edə bilmir. Bunu əksər İran vətəndaşları da başa düşmür. Bu hərbi resurslar İrana onu həqiqətən təhdid edənlərə cavab vermək üçün lazımdır. Bunlar İsrail və ABŞ-dır. Ona görə də ümid var ki, İran Rusiyanın silah sistemlərindən heç bir şəkildə Azərbaycana qarşı istifadə etməyəcək. Qarabağda Üçüncü Müharibə baş versə belə, İranın real hərbi müdaxiləsi olmayacaq. Tehran yalnız diplomatik fəaliyyətlə kifayətlənəcək”, - Markov bildirib.

Samir Vəliyev
AzVision.az



Teqlər: İran   Su-35  





Xəbər lenti