“Gənclərdən istifadə edirlər”

“Gənclərdən istifadə edirlər”
  11 Aprel 2013    Oxunub:1457
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Facebook-da gənclərin necə aldadılmasından danışır
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezident seçkilərinə hazırlıq prosesini necə dəyərləndirirsiniz?
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ali orqan olan İdarə Heyətinin prezident seckilərinə qatılmaqla bağlı qərarı var. Ancaq prezidet seckilərində namizədin iştirakı məsələsi isə BAXCP-in qurultayında müəyyən ediləcək. Biz qurultayın keçirilməsi ilə bağlı müvafiq qurumlara müraciət etmişik. Aidiyyatlı qurumların ayırdığı yer həddindən artıq kiçik olduğundan, hələlik qurultayın keçirilməsi təxirə salınıb. Ümumilikdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının III qurultayına 720 nəfər nümayəndə seçilib ki, bizə təklif olunan yer isə 300 nəfərlikdir. Əlavə qonaqaları da əlavə etsək, partiyaya qurultay keçirmək üçün 1000 nəfərlik yer lazımdır. Ancaq bu uzun müddət çəkə bilməz.

- Partiyanızın hələ də prezidentliyə namizəd müəyyənləşdirməməsi nədən irəli gəlir? Bu partiyada olan qeyri-müəyyənliklə bağlı deyil ki?
- Qeyd etdiyim kimi, bu məsələ qurultayda həll edildiyi üçün BAXCP-nin namizədi rəsmən irəli sürülməyib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədinə gəldikdə isə, bu, şəxs birmənalı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev olacaq. Şəxsən mən partiyada başqa namizəd görmürəm. Partiyada qeyri-müəyyənlik məsələsinə gəldikdə isə, bunu kim deyir? İlk dəfədir ki, sizdən eşidirəm. BAXCP-də hər hansı bir qeyri-müəyyənlikdən söhbət gedə bilməz. Qeyd etdiyim kimi bu, birbaşa texniki məsələdir.

- Ümumilikdə Azərbaycan müxalifətinin seçki hazırlığını necə qiymətləndirirsiniz və müxalifəti bu seçkidən nə gözləyir?
- Əvvəla onu qeyd edim ki, müxalifət seckiyə vahid komanda şəklində gedə bilməyəcək, pərakəndə, hər kəs öz namizədi ilə qatılacaq. Seckiyə 7 aydan artıq vaxt qalmasına baxmayaraq, artıq müxalifətdən 8 namizədin olması müəyyən edilib. Bu o deməkdir ki, müxalifətin namizədi həddindən artıq çox olacaq. BAXCP-nin seçkidə əsas rəqibi prezident İlham Əliyev olacaq. Bu seçkinin əsas favorit namizədi İlham Əliyevdir. BAXCP çox güclü namizədlə seçkidə mübarizə aparacağının fərqindədir.

- Sizcə, partiyaların birgə əməkdaşlıqdan daha çox qarşılıqlı ittihamlara yer ayırması müxalifətin məğlubiyyətini qaçılmaz etməyəcək?
- Müxalifətdə indiki mərhələdə bir-birini ittiham etmək halları var. Və bu da birbaşa namizəd olmağa görədir. Birgə fəaliyyət göstərən partiyalar bir-birinə güzəştə getmək belə fikirində deyillər. Əksinə, imkan düşdükcə bir-birinə qarşı acıq və ya qapalı mübarizə, qarşılıqlı ittihamların olması müşahidə edilir. Bu da oların fəaliyyətinə böyük təsir göstərəcək.

- Son vaxtlar bir sıra müxalifət partiyalarının gənclərin potensialından öz məqsədləri üçün istifadə etdiyi müşahidə edilir. Sizcə, Azərbaycan gəncliyi bəzi siyasi qüvvələrin maraqlarının icraçısına çevriləcəkmi?
- Bu hal xüsusən radikal müxalifətin fəaliyyətində görünür. Onlar zaman-zaman gənclərdən öz siyasi məqsədləri üçün istifadə ediblər. Bu gənclərdən Əli Kərimli və Müsavat Partiyasının sədri İsa Qəmbər öz məqsədləri üçün istifadə edirlər. Son zamanlar Azərbaycanda bir qrup gənci öz siyasətlərində alətə çeviriblər. İsa Qəmbərin oğlu vasitəsilə “Nida” gənclər təşkilatı yaradıblar. Düzdür, ciddi sosial bazaları olmasa da, İsa Qəmbər onlardan istifadə edir. Həmin gənclərdən bir neçəsi həbs olunub. Onlar ölkədə iğtişaş yaratmaqda və “molotov kokteyli” hazırlayıb aksiyalarda istifadə etmək cəhdində ittiham olunur. Bu gənclərin siyasətdə təcrübələri yoxdur və onlar nə üçün mübarizə apardıqlarını bilmirlər. Bu gənclərə sözüm odur ki, Əli Kərimli və İsa Qəmbər üçün həbsxanaya düşməyə dəyməz! Əli Kərimlinin komandasında olan Ruslan Bəşirli 7 il həbsxanada cəza çəkdi. Cənab Prezidentin əfvindən sonra azad olundu və 7 ildə Əli Kərimlinin bir dəfə də olsun ona baş çəkmədiyini bildirdi. Azad olunduqdan sonra Əli Kərimli ilə yollarını ayırdı, indi də 7 ili həbsxanada keçirdiyi üçün təəssüflənir. Bu nümunəni gənclərin nəticə çıxarması üçün deyirəm. Təəssüflər olsun ki, həmin siyasilər gənclərdən kütləvi dəstək qazanmaq üçün istifadə edirlər. İsa Qəmbərin oğlu 2 aydan artıq əsgərlik çəkmədi, buna cəsarəti çatmadı. Bunlar hansı vətənpərvərlikdən, əsgər sevgisindən danışa bilərlər? Yaxud Əli Kərimlinin oğlu xaricdə təhsil alır, ancaq o digər gəncləri iğtişaşa sürükləyir. “Nida” üzvlərinin həbsinin də səbəbkarı onlardır. Sosial şəbəkələrdə radikal müxalifətin fəaliyyəti məsələsinə gəldikdə isə, onların əsas məqsədi odur ki, “Facebook”-da fəaliyyətlərini genişləndirsinlər. Statistikaya əsasən burada istifadəçilərin 83 faizi gənclərdir. Onlar gəncləri aldadaraq özlərinin yaratdıqları profillərlə, səhifələrlə aksiyalara cəlb etmək istəyirlər. Guya məlumat yaydılar ki, son aksiyaya sosial şəbəkələrdə 100 mindən çox insana dəvət göndərilib. Amma təxminən 200-300 nəfəri aksiyaya toplaya bildilər. Ümumiyyətlə, həm mediada, həm də sosial şəbəkələrdə özlərinə qüvvə toplamaq istəyirlər. Düşünürəm ki, gəncliyimiz son dərəcədə təfəkkürlüdür və radikal müxalifətin açıq və gizli təşəbbüslərinə dəstək vermir və verməyəcək.

- Artıq ona yaxın şəxs namizəd olacağını açıqlayıb. Belə olan halda seçkilər gərgin mübarizə şəraitində keçə bilərmi?
- Düşünürəm ki, secki gərgin mübarizə şəraitində keçəcək. Secki fəallığı yüksək olacaq.

- Rusiyanın daha çox təsiri hiss edilən “EL” hərəkatının cəmiyyəti öz ətrafına cəlb edə biləcəyi nə dərəcədə inandırıcı görünür?
- Düşünmürəm ki, Rusiya hansısa bir formada bu hərəkata ciddi dəstək versin. Bu hərəkatın da xalqdan ciddi dəstək alması müşahidə edilmir. Onlar geniş sosial bazaya malik deyil. Yarandığı bu müddət ərzində siyasətdə olan 1-2 nəfərin hərəkata qoşulması faktından başqa heç nə görümür. Bir daha deyirəm ki, bu hərəkatın geniş xalq dəstəyi qazanmasına inanmıram. Eldar Namazov 15 ildir müxalifətçilik edir, ancaq bu müddət ərzində özünə böyük bir təşkilat qura bilməyib. İnanmıram ki, bundan sonra da qura bilsin...
“Olaylar”


Teqlər:





Xəbər lenti