Hindistanın “yumşaq gücü”: Dünyaya təsir edən diasporu necə yaratmaq olar – Delhidən baxış

      Hindistanın “yumşaq gücü”:    Dünyaya təsir edən diasporu necə yaratmaq olar –    Delhidən baxış
  08 May 2023    Oxunub:13944
“Hindistan diasporu dünya siyasətində mühüm amillərdən biridir. Çünki o, təkcə dünyanın ən böyük diasporu deyil, həm də aparıcı siyasi və iqtisadi qüvvədir. Xaricdə yaşayan 32 milyon hindlinin ən böyük diasporu ABŞ-dadır (4,5 milyon), ikinci yerdə isə Səudiyyə Ərəbistanı (4,1 milyon) gəlir".
Bunu AzVision.az -a Hindistandakı Mahatma Qandi adına Mərkəzi Universitetin dosenti, fəlsəfə elmləri doktoru Aslam Xan deyib. Onun sözlərinə görə, çoxsaylı əhalisi olan Hindistan elm, informasiya texnologiyaları, təhsil və biznes sahələrində ixtisaslı işçilərin böyük miqrasiyasını yaşayır. Onlar dünyanın bütün bölgələrində bu sahələrdə geniş təmsil olunurlar. İqtisadi islahatlar və qloballaşma Hindistan gənclərinə elm və informasiya texnologiyaları kimi müxtəlif sektorlarda iş tapmaq üçün öz intellektual qabiliyyətlərini və təcrübələrini sübut etməyə yeni imkanlar açıb.

“Amerika Birləşmiş Ştatlarında hindistanlı amerikalılar İT sənayesində yüksək vəzifələr tuturlar. ABŞ-dakı hind diasporunun təsirini Google, Microsoft, IBM, Deloitte, Adobe və digər şirkətlərdə çalışan hindistanlılar açıq-aşkar göstərirlər. ABŞ-dakı siyasi partiyalar - istər Respublikaçılar, istərsə də Demokratlar hazırda hind diasporuna ciddi qüvvə kimi baxırlar. Kamala Harrisin Co Baydenin komandasında vitse-prezident postunu tutması bunun daha bir təsdiqidir.


Ro Xanna, Nikki Haley və Vivek Ramasvami kimi Hindistan əsilli amerikalılar 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri kampaniyasında fəal iştirak edirlər. ABŞ-dakı Hindistan diasporuna Delhinin “yumşaq güc” diplomatiyasının əsas aləti kimi baxmaq olar. O, təhsil, texnologiya və iqtisadi sektorlardakı təcrübələri, eləcə də Amerika cəmiyyəti ilə dinc yanaşı yaşaması ilə seçilir”,- ekspert deyib.

Aslam Xama görə, Hindistan diasporu bütün dünya üçün bir model sayıla bilər. O, nüvə sınaqlarına görə sanksiyalardan tutmuş Hindistanla ABŞ arasında nüvə sazişi, iki ölkənin strateji tərəfdaşlığına qədər bir neçə dəfə ABŞ-ın siyasətinə təsir göstərib. Hindistanın Manmohan Sinqdən tutmuş Atal Bihari Bajpayiyə, sonra isə Narendra Modiyə qədər bütün rəhbərləri hind diasporunun əhəmiyyətini dərk edərək, bu amilə xüsusi diqqət yetiriblər.

Yoqa, ayurveda, hind kinosu və mədəniyyətinin yayılması da Hindistan ilə ABŞ arasındakı münasibətlərə böyük təsir göstərib.

"Ümumbəşəri sağlamlıq, harmoniya və sülh" naminə iyunun 21-də xüsusi qeyd olunan Beynəlxalq Yoqa Günü Hindistan mədəniyyətinin yayılması və tanınmasının gözəl nümunəsidir. Hindistanın Divali festivalı Pensilvaniya ştatında rəsmi bayram kimi tanınıb.

“Surinam, Trinidad və Tobaqo, Qayana, Fici və Mavriki kimi ölkələrdə dövlət başçıları hind əsillidirlər. Böyük Britaniyada hindlilər əksər peşəkar sektorlarda təmsil olunan ən böyük etnik azlıqdır. Rişi Sunakın Böyük Britaniyanın Baş Naziri vəzifəsinə yüksəlməsi Britaniya siyasətində unikal və tarixi hadisədir. Hazırda Britaniya parlamentində 15 hind deputat var. Bunlar Qaqan Mohindra, Kler Kutino, Nadia Vittom, Navendu Mişra, Priti Patel, Alok Şarma, Sanjoy Sen və başqalarıdır.
Kanadada hindlər ikinci ən böyük qeyri-Avropa etnik qrupdur və Kanada siyasətində yüksək nüfuza malikdirlər. Harcit Sajan müdafiə naziri, Navdip Bens elm və sənaye naziri, Bardiş Çaqqar müxtəliflik və gənclərlə iş üzrə nazir, Anita Anand isə milli müdafiə naziridir. Pəncabi dili Kanadada dördüncü ən çox danışılan dildir”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, Hindistan diasporunun Yaxın Şərqdə olması Delhi ilə region ölkələri arasındakı münasibətlərə böyük təsir göstərir. Körfəz ölkələri Hindistanın ən böyük ticarət tərəfdaşıdır. BƏƏ Fars körfəzindəki ən böyük hind diasporuna ev sahibliyi edir və Hindistanın ikinci ən böyük ticarət tərəfdaşıdır. BƏƏ-də hind məbədinin açılması hind diasporunun artan təsirinin bir nümunəsidir. Ümumiyyətlə, ixtisaslı hind diasporu dünyanın hər yerində siyasi, iqtisadi, sosial və mədəni baxımdan tanınır.


Politoloq Hindistan diasporunun ölkənin inkişafına böyük töhfə verdiyini bildirib: “Dünya Bankının hesabatına görə, Hindistan hər il təxminən 100 milyard dollar pul köçürmələri alır. 2021-22-ci maliyyə ilində Hindistan 84,835 milyon dollarlıq illik ən yüksək investisiya əldə edib. Aparıcı investor ölkələr olan Sinqapur, Mavriki, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hollandiya və Yaponiya da böyük hind diasporasına ev sahibliyi edirlər. Ticarət və Sənaye Naziri Piyuş Qoyal Hindistan diasporasını Hindistanı üçüncü ən böyük iqtisadiyyata çevirmək üçün səy göstərməyə çağırıb və xaricdə yaşayan Hindistan vətəndaşlarını Hindistan səfirləri adlandırıb.

Bu yaxınlarda Apple şirkətinin baş direktoru Tim Kuk Mumbayda, daha sonra isə Dehlidə ilk “Apple Store” mağazasını açdı. 2022-ci ilin fevralında Hindistan və BƏƏ tarixi Hərtərəfli Tərəfdaşlıq Sazişini imzaladılar və Səudiyyə Ərəbistanının Hindistana investisiyası sürətlə artaraq 2020-2022-ci illərdə 3,15 milyard dollara çatdı. Səudiyyə Ərəbistanı Hindistanın enerji, informasiya texnologiyaları və müdafiə sektorlarına da investisiya qoymaqda maraqlıdır. Qətərin Hindistana birbaşa sərmayəsi təxminən 450 milyon dollardır və Qətər bu yaxınlarda Hindistan Araşdırmaları Mərkəzini açıb. Lakin çox böyük hind diasporasının mövcudluğunu nəzərə alsaq, Hindistan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi hələ də yetərli deyil və buna daha çox diqqət yetirilməlidir”.

Seymur Məmmədov
AzVision.az -ın rus versiyasının ( vzglyad.az ) redaktoru


Teqlər:   Diaspor  





Xəbər lenti